Yaponiyalı alimlər uzun illərdir ki, böyük məməlilərin orqanizmlərində yeni dişlərin yetişdirilməsi fikrini reallaşdırmağa səy göstəriblər. Tədqiqatçılar buna müxtəlif heyvanlar üzərində də nail ola biliblər. Hazırda isə bu ideyanın insanlar üzərində test edilməsinə start verilib. Bu yenilik sayəsində dişlərin innovasiyalı müalicəsi mümkün ola bilər. Sözügedən texnologiyanın müəllifi Katsu Takahaşi hələ tələbəlik illəri zamanı bu ideya üzərində məşğul olduğunu bildirib.
İllərin təcrübəsi nəticəsində onun komandası USAG-1 adlı genin kəşf edilməsinə nail olub. Belə ki, sözügedən genə təsir etməklə yeni dişlərin əmələ gəlməsini stimullaşdırmaq olar.
Müəllif vurgulayıb ki, yeni dişlərin yetişdirilməsi ideyası hər bir stomatoloqun arzusudur. Bizim araşdırmalarımız bu ideyanın reallaşdırılması üçün nəzərdə tutulmuş tibbi üsulun istifadəsinə yol açmaqdır. İlk klinik testlərdə doğuşdan bir və ya bir neçə dişin olmaması kimi genetik xəstəlikdən əziyyət çəkən insanlar iştirak edəcəklər. Əgər sınaqlar uğurlu alınarsa, mütəxəssislər yeni müalicə üsulunu 2030-cu ilə kimi hamı üçün istifadə etməyi planlaşdırırlar.
Səadət RZAYEVA, “Xalq qəzeti”