Sosial sfera yenilikləri

post-img

32 mindən çox şəxsə bərpa-sağlamlıq xidməti göstərilib

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2023-cü ilin 6 ayında 25,5 min şəxsə əlillik təyin edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin­dən aldığımız məlumatda deyilir.

Həmçinin bildirilir ki, onlardan 12 min 200 nəfərinə ilkin, 13 min 300 nəfərinə isə təkrar əlillik təyinatı aparılıb. Qeyd edilir ki, əlilliyin qiymətləndirilməsi elektron sis­tem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki mə­lumatlar əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödə­nişlər təyin olunur.

Son 6 ayda agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan 32 min 100 şəxsə reabilitasiya xidməti göstərilib və 6 min 100 əlil 38 min 600 reabilitasiya va­sitəsi ilə təmin edilib. 

Pensiyalara ödənilən vəsait artıb

Nazirlikdən bildiriblər ki, 2023-cü ilin 6 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 16 faiz (402 milyon manat) çox olmaqla 2 mil­yard 843 milyon manat vəsait yönəldi­lib.

Bu ilin əvvəlindən reallaşdırılan növ­bəti sosial islahat paketi çərçivəsində minimum pensiya da fevralın 1-dən 240 manatdan 280 manata çatdırılıb. Keçən il pensiyaçılara verilən maddi yardımlar 2023-cü ilin əvvəlindən onların pensiya­ları tərkibinə daxil edilərək pensiyaları ar­tırılıb. Həmin artım tətbiq edildikdən son­ra pensiyaların 2022-ci il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 14,7 faiz indeksləşdirilərək artırıl­ması təmin edilib.

Pensiyaların orta aylıq məbləği son 6 ayda 18 faiz artaraq 433 manata, o cüm­lədən yaşa görə pensiyaların orta aylıq məbləği 17 faiz artaraq 466 manata çatıb. Bu ilin yanvar-iyun ayları ərzində 18 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 89 min 500 pensiya təyinatı e-sistem üzərindən pro­aktiv qaydada həyata keçirilib.

 

Z.HÜSEYNOVA, 

“Xalq qəzeti”



Sosial həyat