Bakı Şəhər Prokurorluğu ilin I yarısında

post-img

Dünən baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Bakı şəhərinin prokurorluq orqanları tərəfindən 2023-cü ilin birinci yarısı ərzində cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Baş prokuror 2023-cü ilin “Heydər Əliyev İli” elan edildiyini bildirib, Ümummilli liderin keçdiyi böyük, mənalı və şərəfli həyat yolu, zəngin və çox­şaxəli irsi barədə məlumat verib. Ulu öndərin siyasi kursunun layiqli davamçısı, dövlətimizin başçısı Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezi­dent Mehriban Əliyevanın yaxından işti­rakı ilə müvəffəqiyyətlə həyata keçirilən siyasət nəticəsində bütün sahələrdə in­kişaf və tərəqqinin qeydə alındığı vurğu­lanıb.

Bakı şəhər prokuroru Elşən Abbasov bildirib ki, 2023-cü ilin birinci yarısında paytaxtın prokurorluq və daxili işlər orqan­ları üzrə cəmi 8 min 552 cinayət hadisəsi qeydə alınıb və onların 88,5 faizinin açıl­ması təmin olunub. Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində törədilən 24 qəsdən adam öldürmə və 11 qəsdən adam öldür­məyə cəhd cinayətlərinin, həmçinin ötən illərdən bağlı qalan 1 qəsdən adam öldür­mə cinayətinin açılması təmin edilib.

Özünü öldürmə həddinə çatdırma, qəs­dən sağlamlığa ağır zərər vurma, oğurluq, soyğunçuluq, quldurluq, qaçaqmalçılıq, xuliqanlıq, narkotik vasitələrlə bağlı ci­nayətlərin sayı azalıb, iqtisadi sahədə, o cümlədən korrupsiya, qulluq mənafeyi və mülkiyyət əleyhinə olan cinayətlərin sayın­da isə artım müşahidə olunub.

Qeyd edilib ki, ümumilikdə şəhərin prokurorluq orqanları tərəfindən hesabat dövründə 122 cinayət işinin ibtidai istin­taqı tamamlanıb, onlardan 83 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilib. Bakı şəhəri üzrə prokurorluq orqanları tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə dövlətə, fi­ziki və hüquqi şəxslərə vurulmuş 3 milyon 139 min 311 manat məbləğində maddi zi­yanın 1 milyon 659 min 584 manatının və ya 52,9 faizinin ödənilməsi təmin olunub.

Hesabat dövründə xidməti, icra və əmək intizamının pozulması hallarına qarşı tələbkarlıq artırılıb, şəhər prokuror­luq orqanları əməkdaşlarından 6 nəfər intizam məsuliyyətinə cəlb olunub, on­lardan 1 nəfərə töhmət, 3 nəfərə şiddətli töhmət verilib, 1 nəfərə irad tutulub, 1 nəfər tutduğu vəzifədən azad edilib.

Baş prokuror Kamran Əliyev mü­şavirəyə yekun vuraraq Bakı Şəhər Prokurorluğunun struktur qurumları və tabe rayon prokurorluqlarının hər birinin fəaliyyətini təhlil edərək, görülən işlərin səmərəliliyinin daha da artırılması is­tiqamətində konkret tapşırıqlar verib.

“Xalq qəzeti”

Son xəbərlər