Bu ilin ilk yarısında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 695 milyon manat və ya 21,4 faiz çox olmaqla 3 milyard 941 milyon manat vəsait ödənilib.
Reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində bu il müavinət və təqaüdlər növbəti dəfə artırılıb, minimum pensiya fevralın 1-dən 240 manatdan 280 manata çatdırılıb. 2022-ci ildə pensiyaçılara verilən maddi yardımlar da bu ilin əvvəlindən onların pensiyaları tərkibinə daxil edilib. Bu artımdan sonra həmin pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqının illik tempinə uyğun olmaqla 14,7 faiz indeksləşdirilərək artırılıb.
2023-cü il üçün ehtiyac meyarı da artırılaraq 246 manata çatdırılıb ki, bu da ünvanlı sosial yardımın məbləğinin növbəti dəfə artması ilə nəticələnib.
Zərifə HÜSEYNOVA,
“Xalq qəzeti”