Folklor İnstitutunun Tərtər konfransı

post-img

Tərtərdə AMEA Folklor İnstitutu bu rayonun İcra Hakimiyyəti ilə birgə görkəmli ictimai xadim, ədəbiyyatşünas, yazıçı-publisist Firidun bəy Köçərlinin anadan olmasının 160 illik yubileyinə həsr olunmuş “Firidun bəy Köçərli və Qarabağ ədəbi-mədəni mühiti” mövzusunda respublika elmi konfransı keçirib. 

Konfrans iştirakçılarını salamlayan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, “Heydər Əliyev İli” çərçivəsində təşkil olunan kon­frans Ulu öndərin milli-mədəni dəyərləri­mizə və xalqımızın görkəmli simalarına sevgi və ehtiramla bağlı formalaşdırdığı ənənələrə söykənir. Görkəmli maarif­çi-demokrat Firidun bəy Köçərli xalqımı­za tarixi xidmətləri ilə azərbaycançılığın ideya-məfkurəvi əsaslarını gücləndirmiş soydaşlarımızdan bir olduğuna görə bu gün biz onun mənalı ömür yoluna, zəngin mənəvi irsinə Ümummilli liderin dövlətçilik ideologiyasına çevirdiyi məfkurə işığında nəzər salırıq. 

AMEA Folklor İnstitutunun baş direk­toru, akademik Muxtar Kazımoğlu konf­ransın Qarabağda keçirilməsinin əhəmiy­yətindən danışaraq söyləyib ki, tədbirin Tərtərdə keçirilməsi heç də təsadüfi de­yil. Firidun bəyin soy-kök etibarilə bağlı olduğu köcərlilər tayfasının bir qolu da Qarabağ xanlığı dövründən bu rayonda məskunlaşıb. Tərtərlilər Köçərli kəndinin və Şişanın Köçərli məhəlləsinin mənşə ortaqlığının timsalında, haqlı olaraq, bu bağlılıqla fəxr edirlər.

Akademik daha sonra qeyd etdi ki, Firidun bəy Köçərli Azərbaycan huma­nitar fikrinin inkişafında, onun ideya və istiqamətlərinin müəyyənləşməsində da­nılmaz rolu olan böyük tənqidçi, ədəbiy­yatşünas alim və pedaqoqdur. Peşəkar maarifçilərimizin bütöv bir nəslinin müəl­limi olmuş bu görkəmli ziyalı həm də ilk Azərbaycan ədəbiyyatı tarixinin yazılma­sında, uşaq ədəbiyyatının təməlinin qo­yulmasında, ədəbi-tənqidi fikrin formalaş­masında önəmli təməllər yaratmışdır.

Folklor İnstitutunun əməkdaşları pro­fessor Ramazan Qafarlı, professor Sey­fəddin Rzasoy, filologiya elmləri doktorları Mətanət Abbasova, Leyla Məmmədova, dosentlər Qalib Sayılov, İlhamə Qəsəbo­va, Elçin Abbasov elmi məruzələrlə çıxış edibər.

Xatırladaq ki, qəhrəmanlıq şəhəri Tərtərdə AMEA Folklor İnstitutu və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilat­çılığı ilə ikinci dəfədir ki, respublika elmi konfransı keçirilib. 

“Xalq qəzeti”

Sosial həyat