Gəncədə Azərbaycanın ilk Ekoloji Park Kompleksi salınır

post-img

         Xeyli vaxtdır ki, Gəncəçayın üzərindəki körpüdən bir qədər aralıda, çayın sağ sahilində nəhəng bir obyektin ucaldılması şəhər sakinlərinin və qonaqların diqqətini cəlb edir. Son günlər burada işin sürəti bir qədər də artıb, tikintiyə əlavə işçi qüvvəsi və texnika cəlb olunub. Məqsəd hamının həsrətlə gözlədiyi obyektin ilin sonuna kimi tikilib istifadəyə verilməsidir.

          Bəli, ölkəmizdə bir ilk olan Ekoloji Park Kompleksi yerli və xarici turistlərin ən sevimli məkanı olacaq. Kompleks Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehaslat Birliyinin Yaşıllaşdırma şöbəsinin gülçülük sahəsində salınıb və bütövlükdə 11 hektarı əhatə edir. 

          Obyektdə ucaldılan üçmərtəbəli,22 metr hündürlüyündə oranjereya binasının 2100 kvadratmetr sahəsi var. Tikilinin əsas hissəsi dəmir-beton, metal və şüşə-vitraj konstruksiyalarla yığılıb. Fərqli dizaynı ilə seçilən kompleksdə turistlərin rahatlığı üçün bütün şərait yaradılmaqdadır. Burada istənilən fəsildə müxtəlif nadir növ gül-çiçək, kol bitkiləri, eləcə də ağac tinqləri yetişdiriləcək. Bunun üçün oranjereya binasının daxilində bitkilərin normal inkşafının təmin edilməsi üçün isitmə və havalandırma sistemi qurulur. Ekoloji Park Kompleksinin ərazisində, əyləncə mərkəzləri, idman qurğuları və iaşə obyektlərinin yerləşdirilməsi planlaşdırılır. Bununla yanaşı, açıq havada müxtəlif növ balıqları olan akvarium da olacaq. 

          Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinin gülçülük və tingçilik sahəsində salınan Ekoloji Park Kompleksinə gələn ziyarətçilər həmçinin müxtəlif növ gül-çiçək, kol bitkiləri, eləcə də ağac tinqlərinin yetişdirilməsi prosesi ilə də yaxından tanış ola biləcəklər. Obyektin bu ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulur.

          Məlumat üçün bildirək ki, hazırda Gəncə şəhərində 14 park və istirahət güşəsi  fəaliyyət göstərir. Onların yaşıllıqlarla müntəzəm təmin edilməsi üçün MKTİB-nin Gülçülük təsərrüfatında yerli mütəxəssislər tərəfindən ilboyu 30 növdə 60 minə yaxın gül-çiçək və 20 növdə ağac tingləri yetişdirilir.

 

                     Hamlet QASIMOV, 

“Xalq qəzeti”nin bölgə müxbiri

     















Sosial həyat