Qərb bölgəsində nə var, nə yox?

post-img

Şəhər və rayonlarda keçirilən tədbirlər–müxtəlif obyektlərin açılışları, təqdimatlar, toplantılar, görüşlər öz məzmununa, rəngarəngliyinə, maraq dairəsinə görə xeyli zənginləşib və istər-istəməz diqqəti cəlb edir. 

Bu baxımdan Azərbaycanın Qərb bölgəsi də istisna deyil. Gəncə, Goranboy, Göygöl, Şəmkir, Tovuz və bölgənin digər şəhər və rayonlarında həyata keçirilən ən müxtəlif tədbirlərin bir məqsədi var. Bu da insan faktorudur, əhalinin maddi-rifah halının yaxşılaşdırılması, gələcək nəslin sağlam və xoşbəxt böyüdülməsidir.

Gəncə

Tacikistanın Xücənd şəhərində “Suqd-2023” IX Beynəlxalq Ticarət sərgisində Səudiyyə Ərəbistanı, Rusiya Federasiyası, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, İran, Çin, Belarus və digər ölkələrlə yanaşı, Gəncə şəhərinin nümayəndə heyəti də iştirak edib.  

Sərginin açılış mərasimində sahibkarlar öz məhsullarını satışa çıxarıblar. Tədbir çərçivəsində Gəncə şəhərinin nümayəndə heyəti Suqd Azad İqtisadi Zonasında fəaliyyət göstərən mebel fabrikini ziyarət edib. Daha sonra sözügedən fabriklə “Zəfəroğlu mebel” şirkəti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.   

Goranboy

Rayon icra hakimiyyəti başçısının demək olar ki, bütün səyyar qəbulları ya şəhid ailələrinin evlərində, ya da açıq havada kənd adamlarının iştirakı ilə keçirilir. Təcrübə göstərir ki, bu cür görüşlər daha çox səmərə verir. 

Bu dəfə də belə oldu. Yuxarı Ağcakənd  qəsəbəsində açıq havada keçirilən səyyar qəbulda rayon icra hakimiyyətinin başçısı  Məhərrəm Quliyevlə birlikdə xidmət sahələrinin rəhbərləri, bir qrup ictimai fəal da iştirak edirdi. 

Sakinləri dinləyən rayon rəhbəri dedi ki, bu qəbullar ölkə Prezidenti İlham Əliyevin tapşırıqları əsasında keçirilir. Özü də məqsəd problemləri öyrənmək, bir çox məsələləri bəzən elə yerindəcə həll etməkdən ibarətdir.

Yuxarı Ağcakənd sakinlərinin toxunduqları problemlərin, o cümlədən elektrik enerjisi, təbii qaz və rabitə məsələlərinin  həlli ilə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələr verildi.

Göygöl

Xeyli müddətdir ki, Göygöl Rayon İcra Hakimiyyəti maraqlı bir layihəyə imza atıb. “Kadr potensialının gücləndirilməsi” adlanan layihə çərçivəsində hər dəfə bir  təlim keçirilir. Burada aparat işçilərinin, kənd və qəsəbə icra nümayəndələrinin, bütövlükdə dövlət qulluqçularının davranış qaydalarından tutmuş, geyiminə-keciminə, dünyagörüşünə kimi müxtəlif biliklər verilir, söhbətlər, sual-cavablar, diskussiyalar aparılır.

Növbəti təlim  rayon icra hakimiyyətinin və Azərbaycan İnsan Resursları Assosiasiyasının birgə təşkilatçılığı ilə  hüquq üzrə fəlsəfə doktoru, dosent, ədliyyə qulluqçusu, Avropa Şurasının “Korrupsiyaya qarşı mübarizə” üzrə yerli eksperti Nazənin Hüseynova tərəfindən keçirilib. İcra hakimiyyətinin və icra nümayəndəliklərinin əməkdaşları üçün “Korrupsiyaya qarşı mübarizə texnikaları” mövzusunda təşkil olunan bu ikigünlük təlim də böyük maraqla qarşılanmışdır. 

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri 

 





Sosial həyat