Balakən kənd təsərrüfatı rayonudur. Əhalinin 56,4 faizi aqrar sektorda çalışır və hər mövsümdə uğurlar əldə edilir.
Cari ildə rayonun əkin sahələri 112,3 hektar artıb ki, bu da əvvəlki ilə nisbətən 1,1 faiz çoxdur. Kənd təsərrüfatından gələn gəlirlər isə ötən il 4,5 faiz yüksələrək 60,5 milyon manata çatıb.
Təsərrüfatlarda bu ilin məhsulu üçün 1806 hektar sahədə taxıl əkilib, onun 1086,7 hektarını buğda, 719,3 hektarını arpa təşkil edib. Taxıl sahələrinə normal aqrotexniki xidmət göstərilib. Məhsul istehsalının təşkili ilə bağlı zəruri tədbirlər görülüb, kombaynlar saz vəziyyətə gətirilib, biçinin optimal müddətdə aparılmasına nəzarət gücləndirilib. Artıq təsərrüfatlarda biçin uğurla davam etdirilir. Məhsuldarlıq göstəricisi isə 36,5 sentner təşkil edir.
Balakəndə 2023-cü ildə 7819 hektar sahədə qarğıdalı əkilib, bu da əvvəlki ilin səviyyəsindən 152 hektar çoxdur. Hazırda sahələrdə məhsuldarlığın artırılması üçün tədbirlər görülür. Fermerlərdən Qüdrət Məmmədov, Nüsrət Əsgərov, Azər Rəsulov, Musa Şeyxov daha çox qarğıdalı əkərək fərqləniblər. Sahələrin mövcüd vəziyyəti məhsuldarlığın əvvəlki ilin səviyyəsindən 5-8 sentner çox olacağını göstərir.
Rayon fermerlərinin bir hissəsi də baramaçılıqla məşğul olub. Cari ildə 800 qutu Çin toxumundan dirildilmiş ipəkqurdu kümçülərə paylanılıb və 28 tondan artıq barama istehsal edilərək “Azəripək ” MMC-yə təhvil verilib. İstehsalçılara baramanın dəyərinin və subsidiyanın ödənilməsi üçün “Azəripək” MMC ilə birgə əlaqədar işlər görülür.
Cari il 2065 hektar sahədə tərəvəz əkilib ki, bu da əvvəlki ilin səviyyəsindən 28 hektar çoxdur. İstehsal olunan tərəvəz məhsulları ölkənin müxtəlif bazarlarında satılır.
Rayon əhalisinin çox hissəsinin məşğul olduğu sahələrdən biri də meyvəçilikdir. Burada ənənəvi bağçılıqla yanaşı, intensiv bağçılıq da inkişaf etdirilir. Cəmi 13237 hektar mövcud bağ sahələrindən 10544,1 hektarda fındıq, 764,5 hektarda xurma, 1928,4 hektarda isə digər meyvələr yetişdirilir. Son illərdə 222 hektar intensiv bağlar da salınıb ki, bu da bağçılıq təsərrüfatlarının müasir formada qurulmasına və məhsul istehsalının artırılmasına imkan verir. Rayonda “Balxurma” MMC və “Balmeyvə” MMC-nin fəaliyyət göstərməsi də meyvəçiliyin inkişafını sürətləndirir.
Balakəndə bitkiçiliklə yanaşı, heyvandarlıq da inkisaf etdirilir. Bunun nəticəsidir ki, rayonda mal-qaranın və davarların sayı ilbəil artır. Bu da ət və süd istehsalının yüksəlməsinə imkan verir. Rayonda mal-qaranın sayı 28619, davarların sayı isə 35753 başa çatıb. İl ərzində orta hesabla 4,8 min ton ət, 22,2 min ton süd, 83 ton yun istehsal olunub.
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri