Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Neftçala şəhərində əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə paylayıcı şəbəkələrin tikintisi davam etdirilir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən icra olunan layihə çərçivəsində şəhərdə içməli su şəbəkəsinin yenidən qurulması işləri yekunlaşmaq üzrədir. Rayonun Bankə qəsəbəsində də mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılır.
Qeyd edək ki, Neftçala şəhərinin və rayonun bir sıra kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 2020-ci ildə Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə 40 kilometr uzunluğunda magistral su kəməri çəkilib, Salyan şəhəri yaxınlığında həcmi 7500 kubmetr olan su anbarı inşa edilib. 2020-ci ilin noyabr ayında həmin kəmərdən Neftçala şəhərinə suyun verilməsi təmin olunub. Şəhərin su təchizatında dayanıqlığın təmin olunması, həmçinin içməli sudan ciddi əziyyət çəkən digər yaşayış məntəqələrinin su təchizatının yaxşılaşdırılması məqsədilə Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə 38 kilometr uzunluğunda ikinci magistral su kəməri çəkilib və 2023-cü ilin may ayında istismara verilib.
Neftçala şəhərinə magistral su kəmərlərinin inşası ilə paralel şəhərdə paylayıcı şəbəkələrin yenidən qurulması işləri həyata keçirilir. Hazırda Neftçala şəhərində 144 kilometr içməli su şəbəkəsinin və 140 kilometr tullantı su şəbəkəsinin tikintisi intensiv qaydada davam etdirilir. Eyni zamanda, Bankə qəsəbəsində 39 kilometr mərkəzləşdirilmiş içməli su şəbəkəsinin yaradılması işləri yekunlaşmaq üzrədir.
Gələcəkdə isə Neftçala şəhərində 8,6 kilometr kanalizasiya kollektorunun və məhsuldarlığı sutkada 4 min kubmetr olan tullantı sutəmizləyici qurğusunun inşası nəzərdə tutulur. Bütövlükdə isə, Neftçala rayonunda son illər həyata keçirilən içməli su layihələrindən rayon mərkəzi və magistral su kəmərinin marşrutu boyu kəndlərdə yaşayan 80 mindən çox sakin faydalanacaq.
“Xalq qəzeti”