AZPROMO nümayəndə heyətinin Naxçıvan görüşləri

post-img

Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) nümayəndə heyəti Naxçıvanda səfərdədir.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin AZPROMO nümayəndələri ilə görüşü zamanı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın əhəmiyyəti diqqət mərkəzində olub. Səlahiyyətli nümayəndə bu istiqamətdə artıq alt tədbirlər planının formalaşdırılmağa başlanıldığını qeyd edib. 

Bildirilib ki, yaxın gələcəkdə Naxçıvan iqtisadiyyatında yeni dəyərlər yaradılacaq. Görüş zamanı Naxçıvanda istehsal olunan məhsulların ixrac potensialından, “Orqanik Naxçıvan” brendi altında məhsulların istehsalı, emalı, tədarükü və ixracı istiqamətində görüləcək işlər müzakirə olunub.

Nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyevlə görüşündə yerli ixrac potensiallı məhsullarının keyfiyyətinə əminlik ifadə olunub. AZPROMO-nun dəstəyi ilə bu məhsulların təbliği istiqamətində işlərin görülməsinin vacibliyi vurğulanıb.

Naxçıvan Biznes Mərkəzində muxtar respublikada fəaliyyət göstərən, ixrac potensiallı məhsul istehsal edən sahibkarlar və investorlarla görüşdə isə muxtar respublikada AZPROMO-nun nümayəndəliyinin yaradılmasının vacibliyi vurğulanıb. Qeyd edilib ki,  Naxçıvanda istehsal olunan məhsulların ölkə bazarlarında satışının təmin edilməsi üçün logistika subsidiyalarının ayrılması nəzərdə tutulur.

Sonda sahibkarlar və investorlarla mövzu ətrafında müzakirələr aparılıb, onların təklifləri dinlənilib.

“Xalq qəzeti”

 

Son xəbərlər