Vətəni canından əziz bildi...

post-img

Azərbaycan Ordusunun baş giziri Mehman Yusifov Ermənistanın işğalı altında olan torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsində oktyabrın 5-də Cəbrayılda şəhidlik məqamına yüksəlib. O, bundan əvvəl Aprel və Tovuz döyüşlərinin iştirakçısı olub. 

“Qarabağ” ordenli şəhidimizin, Xüsusi Təyinatlı Qüvvələrin baş giziri Mehman Musa oğlu Yusifovun bioqrafiyasını vərəqləyirəm. 18 iyul 1979-cu ildə Tovuz rayonunun Bayramlı kəndində anadan olub. 1985–1996-cı illərdə Elşad Orucov adına Bayramlı kənd tam orta məktəbində təhsil alıb. 1998-ci ildə həqiqi hərbi ­xidımətə çağırılıb və 2000-ci ildə tərxis olunub. İki il sonra XTQ üçün gizir hazırlayan kurslara daxil olub. Çətin təlimlər, məşqlər onu daha da möhkəmləndirib. Yenidən Azərbaycan Silahlı Qüvvələri sıralarına qayıdıb. Bu dəfə XTQ-də gizir kimi xidmətə başlayıb.

Hərbi qulluqda xidmətlərinə görə “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrin 95 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrin 100 illiyi”, II və III dərəcəli “Qüsursuz xidmətə görə” medallarına layiq görülüb.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə, qəhrəmanlıq nümunəsinə, şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə baş gizir Yusifov Mehman Musa oğlu ölümündən sonra “Qarabağ” ordeni ilə, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib. Şəhidin Məhəmməd, Süleyman və Fatimə adında üç övladı yadigar qalıb.

Həyat yoldaşı Günellə söhbət edirəm. Gənc xanım xoşbəxt günlərini xatırlayıb deyir:

– Mehman Aprel döyüşlərindən əvvəl də, sonra da xeyli müddət evə gəlmədi. Sonra isə Məhəmmədin otağında yatdı. Aptekdən özü ilə xeyli dava-dərman alıb gətirmişdi. Sən demə o, bilməyək deyə, xəlvətcə ayağından və qolundan aldığı yaraların sarığını dəyişirmiş. Biz narahat olanda dedi: “Yaxşı bilirsiniz ki, bu torpaq uğrunda necə igid oğullar qurban gedib, mən onlardan artıq deyiləm. Vətənin haqqı ödənilməlidir”. Aprel döyüşlərində həlak olan dostlarına görə qisas hissi ilə yaşayırdı. Deyirdi ki, çox az qalıb, onların qisasını alacağıq. 

...Mən Mehmanın nə vaxtsa şəhid olacağını ağlımdan belə keçirməmişdim. Elə bilirdim ki, o, ölümsüzdür, hara getsə, qayıdıb evinə gələcək. O, ailəsini, doğmalarını çox istəyirdi. Bacardığı qədər başqalarına da qayğı, diqqət göstərirdi.

2007-ci ildə ailə dostları Röyalın bacısı Günayda qan xəstəliyi aşkarlananda, ona ilk qan verən Mehman olub. Qanköçürmə İnstitutunda Günaya deyib ki, bacı, arxayın ol, nə qədər ki, mən sağam, sən də yaşayacaqsan. O gündən sonra hər həftə Günayın qan normasını ya özü alıb, ya da hərbçi yoldaşlarından əldə edib. Beləcə, Mehman Günayın qan qardaşı olub... 

Sentyabr ayının 25- də Günelə telefonla səsli mesaj göndərib ki, paltarlarımı hazırla, təzə corablar al qoy. Yemək bişir, bir neçə gün evdə olmayacağam. Günel hər şeyi hazırlayıb. Səhərə yaxın telefonuna zəng gələn kimi Mehman qalxıb geyinib, yol çantasını götürdükdən sonra geri dönüb, yatmış uşaqları öpüb. Qapının ağzında əlini yoldaşının kürəyinə vurub: “Nəsə gözlənilməz bir xəbər olsa, hər şey hazır gələcək. Narahat olma,” – deyib və evdən çıxıb. Günel həmin vaxt Mehmanın dediklərinin fərqinə varmaylb. Düşünüb ki, həmişəki kimi təlimə, ya da əməliyyata gedir. Mehman isə general Polad Həşimovun və digər igidlərimizin qisasını almağa gedib.

İki gündən sonra belə bir mesaj yazıb: “Günelim, bilirəm, çox əziyyət çəkirsən. Həm qadın, həm kişi kimi çalışır, amma bunu dilinə gətirmirsən... Fikir etmə. Əgər nəsə gözlənilməz bir şey baş versə, bil ki, sizi alçaldacaq heç bir hərəkətə yol verməmişəm. Sən də kimsənin yanında özünü sındırma. Uşaqları əxlaqlı, tərbiyəli böyüt...” 

 Bu məktubu yazanda Mehman Yusifov ön cəbhədə qızğın döyüşlərdə idi. Ətrafında həlak olan və yaralanan dostlarını görürdü. Eyni zamanda, qalibiyyət sevincini yaşayırdı. Özü də döyüşlərdə yaralandığından başı sarğılı gəzir, dostlarını döyüş meydanında qoyub, hospitala getmirdi...

Dəfn zamanı hərbçi yoldaşlarından biri danışıb ki, Mehmangil Cəbrayıl azad olunandan sonra ön cəbhədəki döyüşçülərə silah-sursat və ərzaq aparıblar. Qayıdanda 8 nəfər heyətlə düşmən pusqusuna düşüblər. Onlar son güllələrinə qədər yaxın mövqedən 300 nəfər düşmənə qarşı döyüşüblər. Düşmənin atdığı mərmi onların həyatına son qoyub. Mehman şəhid olanda başı sarıqlı imiş. O yaralı halda da döyüşdən çəkilməyib. Köməyə gələn ­hərbçilərimiz 300 nəfərlik erməni alayını yerlə - yeksan edib şəhidlərin qisasını alıblar. 

... Mehmanın cənazəsi dostlarının, doğmalarının çiyinləri üstündə Tovuzun Bayramlı kəndinə aparıldı. Ondan qabaqda isə qəhrəman gizirin şəhidlik xəbərini eşidib ürəyi dayanan dostu Röyalın xəstə bacısı Gunayın tabutu gedirdi. Mehmanı şəhidlik zirvəsindəki son mənzilə dostluq sevgisinin hüznlü vəfa və qədirbilənliyin nadir fəda örnəyi müşayiət edirdi.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

 



Sosial həyat