Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın yaradılmasının 4 illiyi münasibətlə keçirilən mətbuat konfransında qurumun idarə heyətinin sədri Elnur Səfərli bildirib ki, bu təsisat əmək, məşğulluq, sosial müdafiə sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi üçün təkmil monitorinq, təhlil, proqnozlaşdırma sisteminin yaradılması istiqamətində fəaliyyət göstərir.
Qurumun fəaliyyətinin sorğu-monitorinq, təhlil-tədqiqat, qiymətləndirmə və təlim-inkişaf istiqamətləri üzrə təşkil olunduğu qeyd edilib. Observatoriya tərəfindən ötən dövrdə 12 mövzuda 9,7 mindən çox respondent arasında sorğular təşkil edildiyi bildirilib. Qeyd edilib ki, yuxarı sinif şagirdləri arasında peşə seçimi ilə bağlı sorğu keçirilib, şagirdlərin təhsil perspektivləri, peşə və ixtisas seçiminə təsir edən faktorlar, məqsədyönlü ixtisas seçimini təşviq edən amillər kimi vacib məsələlər öyrənilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təlim bazası qismində də iştirak edən Milli Observatoriyanın ötən müddət ərzində nazirlik aparatı və nazirliyə tabeli qurumların əməkdaşları üçün 61 mövzu üzrə təlimlər keçirdiyi, təlim və təlimçi reyestri formalaşdığı qeyd olunub.
Z. HÜSEYNOVA,
“Xalq qəzeti”