Şəmkir rayonunun Şiştəpə kəndində yeni inşa edilən idman klubunun açılış mərasimi keçirilib.
Şəmkir Rayon İcra Hakimiyyəti əməkdaşlarının, ağsaqqalların, kənd ictimaiyyəti nümayəndələrinin və idmançıların iştirak etdiyi mərasimdə qeyd olunub ki, şəmkirli iş adamı Etibar Vəliyevin vəsaiti hesabına inşa olunan idman klubunun ümumi sahəsi 815 kvadratmetrdir və bunun 550 kvadratmetri idman fəaliyyəti üçün nəzərdə tutulub. Burada çalışacaq 3 idman müəllimi eyni vaxtda 100 nəfərə güləş, ciu-gitsu idman dərsləri keçə biləcək. Həmçinin, müasir tələblərə cavab verən klubda trenajor zalı da fəaliyyət göstərəcək.
Açılış mərasimindən sonra qonaqlar klubda yaradılan şəraitlə tanış olublar.
İş adamı Etibar Vəliyev deyib ki, kənddə idman klubu üçün belə bir bina tikib istifadəyə vermək çoxdankı arzum idi. O əlavə edib ki, hər bir azərbaycanlı balasının sağlam böyüməsi, idmanla məşğul olması üçün ona hərtərəfli şərait yaradılmalıdır. Xoşbəxtəm ki, yerli icra strukturlarının mənəvi dəstəyi, köməyi ilə belə bir idman qurğusunun bu gün açılışını edə bildik.
Hamlet Qasımov, “Xalq qəzeti”nin bölgə müxbiri