Tikinti mütəxəssislərinin fikrincə, 1967-ci ilə qədər qəti olaraq Azərbaycanda tikilən binalarda zəlzələyə qarşı heç bir tədbir görülməyib. Başqa sözlə desək, həmin vaxt guya, Azərbaycan seysmik zona olmayıb. Yalnız 1967-ci ildə Daşkənddə zəlzələ baş verəndən sonra ölkəmizin, o cümlədən Bakı şəhərinin “seysmik ərazi” olması qərarı qəbul edilib. “Seysmik ərazi” sovet terminologiyası ilə 12 balla ölçülürdü. Amma xarici ölkələrdə seysmologiya Rixter şkalası ilə 9 balla hesablanır. Qeyd etməliyik ki, sovet dövründə Yasamalda tikilən panel evlərlə bağlı heç bir layihədə zəlzələyə qarşı davamlılıq nəzərə alınmayıb...
Araşdırmalarımız belə deməyə imkan verir ki, Azərbaycanda yalnız 1967-ci ildən sonra zəlzələ ilə bağlı tədbir görülməyə başlanıb. Həmin illərdə Bakı şəhərində dörd nəfərdən ibarət belə bir təşkilat vardı: Dövlət Tikintiyə Nəzarət və Arxitektura Komitəsi – sədri və müavinlərindən biri yəhudi, bir müavini isə erməni idi. Bir nəfər də azərbaycanlı vardı. Onlara binaları yoxlamaq səlahiyyəti verilibmiş. Azərbaycanda qəbul olunmuş qaydalara görə, hər bir bina layihələndirilməmişdən əvvəl Respublika Seysmoloji Xidmət Mərkəzinə müraciət olunmalıdır ki, bina tikiləcək ərazinin neçə ballıq zəlzələyə davamlı olduğu müəyyən edilsin. Bəzi əhəmiyyətli binaların, məsələn, xəstəxanaların, məktəblərin binaları bir bal artıq zəlzələyə davamlı tikilməli idi. Yəni 7 bala davamlı ev tikilirsə, onun yanındakı xəstəxana 8 bala davamlı tikilməlidir.
Qaydalara görə, torpaq bələdiyyədən, yaxud aidiyyatı qurumdan alındıqdan sonra sifarişçi funksiyaları yerinə yetirilməlidir. Məsələn, yeddimərtəbəli bina tikilməlidirsə, Respublika Seysmoloji Xidmət Mərkəzinə məlumatlar təqdim edilməli, ərazidə tikinti üçün neçə bala davamlı binanın sifariş verilməli olduğu öyrənilməlidir. Mərkəz bunu təyin etməli, layihə rəhbərinə, yaxud inşaat şirkətinə sifariş verməli, zəlzələyə davamlılıqla bağlı mərkəzin rəyi təqdim edilməlidir.
Düşünmək olar ki, dünyada ən çox zəlzələ baş verən ölkələrdən biri Yaponiyadır, amma orada 20–30 mərtəbəli binalar da var. Yəni zəlzələyə qarşı davamlılıq layihədə nəzərdə tutulursa, ekspertizadan keçirsə, tikiləcək binanın ərazisinin seysmik qaydaları Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən müəyyən olunursa, onda niyə 20 mərtəbəli bina tikmək mümkün olmasın? Sahibkarlar tərəfindən bəzi hallarda bu qaydalar bir az pozulur. Ona görə də deyə bilərik ki, Türkiyədə baş verən fəlakətdən sonra bizdə bu məsələyə nəzarət güclənməlidir. Bakıda qəzalı evlər də var. Birdən-birə sökülməsi mümkün olmasa da, onların yerində zəlzələyə davamlı binalar tikmək vaxtı çatıb.
Yaxşı xatırlayıram ki, bu ilin fevral ayında Türkiyədə zəlzələ baş verəndə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli jurnalistlərin suallarını cavablandırarkən hansı ərazidə neçə bala uyğun binalar tikilməsi ilə bağlı deyib ki, ölkənin seysmik xəritəsi yenilənməlidir. Bunun üçün bütün respublika ərazisində tədqiqat aparılmalı, dəqiqləşdirmələr edilməlidir. Azərbaycanda seysmik xəritənin yenilənməsi üçün minimum 4 il vaxt lazımdır. Seysmik rayonlaşdırma xəritəsində hansı ərazilərin 8–9 ballıq olması əks etdiriləcək. Onun dediyinə görə, sonuncu ümumi seysmik rayonlaşdırma xəritəsi 1978-ci ildə hazırlanıb. Spitakda baş verən zəlzələdən sonra 1991-ci ildə ümumi seysmik xəritədə avtomatik olaraq seysmik ballar rayonlar üzrə bir bal artırılıb. İndi həmin xəritəni təkmilləşdirmək üçün tədqiqatlar aparmaq zamanıdır.
Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”