Zəlzələnin deyil, sualların yaratdığı panika

post-img

Psixologiyada belə bir anlayış var: ətrafda baş verənləri panik qavrama sindromu. Fərdi xəstəlik sayılsa da, mühit və mövcud şərait onu kütləviləşdirməyə qadirdir. Belə insanlar, bir qayda olaraq suala sualla cavab verirlər. Çünki naməlum qorxu, xof, davranış və qərarlarındakı qeyri-müəyyənlik onları hamıdan və hər şeydən şübhələnməyə vadar edir. Belələri səbəbsiz yerə daim təşviş içində olurlar. Təşvişdən yaranan suallar isə onları hər yerdə qarabaqara izləyir. Həmin təşvişi süni yolla yaratmaq da mümkündür. Misal üçün, zəlzələ baş verən zaman. Aşağıdakı qısa araşdırmamızda biz bilərəkdən sitat gətirdiyimiz media qurumlarının – saytların adlarını çəkmirik. Çünki məqsədimiz bu deyil.

“Bakıda 2 saatdan sonra 6,1 bal zəlzələ olacaq?” 

(Tarix: 2023.07.04 / 01:18)

“Hazırda sosial şəbəkələrdə yeni zəlzələ dalğasının olacağı barədə mə­lumatlar yayılır. Hətta saatına qədər də qeyd edirlər: 02:21-də 6,1 bal, 04:21-də 5,8 bal, 06:32-də isə 6 bal zəlzələ olacağı “xəbərdarlığı” edilir”. 

Bu dırnaqarası xəbərdarlığı ilə baş­lığa çıxardığı gözdeşən sualına “bəraət” qazandıran, səhihliyinə və mötəbərliyinə heç bir təminatın verilmədiyi sosial şə­bəkə yazışmalarını xəbərə çevirən saytın məqsədi tamam başqadır. İzləyici sayını artırmaq, reytinqini qaldırmaq fürsətini əldən qaçırmamaq, bunun müqabilində reklamverənlərdən daha çox pul qopar­maq. Bunun üçün oxucuda təşviş ya­ratmaq vacib “üsuldur” və bu, ələlxüsus saytların əsas missiyasıdır. 

Bu gün “təşviş” uşaq xəstəliyinə yo­luxmuş bir çox media qurumları, xüsusən də saytlar bilərəkdən, ya bilməyərəkdən ictimai şüura “panik atak”lar edirlər. So­nucda gəlirə hesablanmış bu cür həm­lələrə zəlzələ qədər münbit zəmin yara­dan ikinci hadisəni düşünmək mümkün deyil. Yuxarıdakı suallı xəbəri oxuyan in­sanların həyəcanlanması, qorxu hissinə qapılması, qəfil başağrısına tutulması, təşvişdən ürəyinin getməsi onların ve­cinə də deyil. 

“Zəlzələ Xaçmazda dağıntılara səbəb olub?” 

(Tarix: 4 İyul, 2023. 10:44)

Bu sayt feyk “arthazırlığından” sonra artıq gözləri önündə xarabalıqlar sayrı­şan izləyicilərin beyin və ürək nahiyələ­rinə “panik atak” seriyasından növbəti sual-neştərlərini tuşlayır: “Bəs Xaçmaz­da dağıntı olubmu? Rayon sakinlərindən xəsarət alan və əmlaklarına ziyan dəyən olubmu?” Bu sualların hər üçünün təkzib cavablara malik olduğunu xəbərin müəl­lifi çox yaxşı bilir. Amma saytın sahibi üçün cavablar deyil, suallar daha önəm­lidir. Bu sualları izləyən cüt gözlərin sayı nə qədər artarsa, reklam “tutmaq” şansı da bir o qədər yüksələr. Yəni, baş vermə səbəbindən və xarakterindən asılı olma­yaraq, hər bir hadisədən nə qədər çox sual çıxarılarsa, saytın gəlirlərini artırmaq ehtimalı o qədər yüksəkdir. 

Eyni saytın ikinci suallı başlığı: “Zəlzələ zamanı dəmir yolu infrast­rukturuna ziyan dəyib?” (Tarix: 4 İyul, 2023. 09:52)

Dəmir yolu bəlkə də təbii fəlakət ola­raq zəlzələnin ən az zərər verə biləcəyi sahələrdən biridir. Amma sayt işbazla­rından ötrü iqtisadiyyatın bu strateji inf­rastrukturu həm də varlı “obyektlərdən” sayılır. Ardı hamıya bəllidir...

Zəlzələnin baş verdiyi o gecə 00:01-dən sonra biz də ailəliklə iki saatımızı yaşadığımız çoxmərtəbəli binanın həyə­tində keçirdik. Bu suallı “məlumatları” da telefonda izləyirdik. Bəzi sakinlərin məhz bu feyk xəbərlərə baxdıqdan sonra av­tomobillərinə əyləşib “hadisə yerindən” uzaqlaşdıqlarının şahidi olduq. Onların arxasınca baxdıqca qeyri-ixtiyari bey­nimizdə belə bir sual yarandı: görəsən, gedən sakinlərdən biri pənah apardığı, qohumu sayılan həmin “suallı” saytlar­dan birinin sahibinin villasının qapısını döyərsə, evsahibinin ona birinci sualı nə olardı? 

P.S. Daxili İşlər Nazirliyinin Mətbuat xidməti 4 iyul saat 01:04-də zəlzələ ilə bağlı məlumat yaydı: “DİN-ə dağıntı, tə­lafatla bağlı hər hansı məlumat daxil ol­mayıb. Bəzi sosial şəbəkə səhifələrində yayılan iddialar əsassızdır, həqiqəti əks etdirmir. DİN tərəfindən ölkə polisinə xüsusi tapşırıqlar verilib, xidmətə əlavə qüvvə cəlb edilməklə, fasiləsiz xidmət təşkil edilib. Həyəcan yaradan xüsusi hal müşahidə edilmir. Bütün informasiyalar diqqətlə izlənilir”. Binamızın sakinlərini tərk etməyən təşviş səngidi, insanlar ra­hatlandılar, yaşlılar dərindən köks ötür­dülər, azyaşlılar sevincdən atılıb-düş­dülər. Sanki hər şey unuduldu... 

İ.HƏSƏNQALA, “Xalq qəzeti”

Sosial həyat