Hərbi sahədə potensialın inkişaf etdirilməsi, elmi və praktiki biliklərə nail olunması, təcrübə mübadiləsinin genişləndirilməsi istiqamətində görülən işlər daim Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət mərkəzindədir: “İlk növbədə, ona görə ki, müharibə zamanı biz bir çox silah-sursatdan istifadə etdik, onları bərpa etmək lazımdır. Eyni zamanda, müasir texnikanın bundan sonra da alınması nəzərdə tutulur. Biz Qələbə qazanmışıq, düşməni torpaqlarımızdan qovmuşuq. Amma heç kim təminat verə bilməz ki, bir neçə ildən sonra erməni faşizmi yenə baş qaldırmayacaq. Ona görə Azərbaycan dövləti həmişə güclü olmalıdır. Azərbaycan dövlətinin həmişə güclü ordusu olmalıdır”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov büdcədən hərbi xərclərin artırılması və yeni hərbi hissələrin yaradılması ilə bağlı dedi:
– “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Qanununda dəyişiklik edilməklə ölkəmizin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması üçün dövlət büdcəsindən əlavə vəsait ayrılıb. Konkret olaraq, qanuna əlavələrdə nəzərdə tutulub ki, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması üçün 1 milyard 105 milyon manat, o cümlədən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər üçün 1 milyard manat əlavə vəsait ayrılıb. Artımdan sonra xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər 2 milyard 70 milyon manat təşkil edəcəkdir.
Hərbi xərclərin artırılması Azərbaycan üçün yeni hadisə deyil. Son illər orduya vəsait davamlı olaraq artırılıb. Bunun əsas səbəbi Ermənistanın işğalçılıq siyasətini həmin illər ərzində davam etdirməsi idi. Ümumiyyətlə, hər bir ölkənin müdafiəsinin gücləndirilməsi, Silahlı Qüvvələrin ən müasir silah-sursatla təmin olunması, hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi prioritet vəzifədir. Azərbaycan hər an düşmənin gözlənilən təxribatlarına hazır olmalıdır. Bu baxımdan hərbi xərclərin artırılması əsas vəzifələrdən biri olmalıdır.
Cənubi Qafqaz ölkələri arasında dövlət büdcəsində hərbi xərclərin həcminə görə, Azərbaycanın birinci yerdə olduğuna diqqət şəkən Milli Məclisin komitə sədri Ordumuzun bu gün nəinki bölgədə, dünya miqyasında on güclü ordu sırasında yer aldığını bildirdi:
– Prezident, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqəti sayəsində son illərdə ordu quruculuğunda əsaslı islahatlar həyata keçirilib. Dövlətimizin başçısının göstərişinə əsasən, ölkə ərazisində yerləşən hərbi hissələrdə tikinti və yenidənqurma işləri son illər sürətlə davam etdirilir. İşğaldan azad edilən digər ərazilərdə əlavə təhlükəsizlik və müdafiə qüvvələri yerləşdirilir. Bundan ötrü dövlət büdcəsində əvvəlki illə müqayisədə daha çox vəsait tələb olunur. Cəbhəboyu zonalarda yaradılan hərbi şəhərciklərə də xüsusi diqqət ayrılır, hərbi obyektlərdə ən müasir qurğular quraşdırılır. Hazırda istər ordunun peşəkarlığı, istərsə də hərbi qulluqçuların vətənpərvərlik ruhu yüksək səviyyədədir. Eyni zamanda, ordunun texniki təchizatında da genişmiqyaslı dəyişikliklər baş verir - ən müasir silah sistemləri alınır.
Bu gün Silahlı Qüvvələr Günüdür. Hər bir soydaşımız yenilməz ordumuzla qürur duyur. Ulu öndər Heydər Əliyevin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanılır. Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrilib.
Z.Əsgərov, həmçinin dövlət-xalq-ordu birliyinin düşmən üzərində qazanılmış qələbənin təməlində dayandığını xüsusi olaraq vurğuladı: Qeyd etdi ki, “Ordumuzun müasirləşdirilməsi, döyüş potensialı və peşəkarlığı daim diqqət mərkəzindədir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrimizin fədakarlığını yüksək qiymətləndirərək deyib: “Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi”.
Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”