Beynəlxalq aləmdəki ədalətsizlik sindromu sağalmaz xəstəlik kimi gündən-günə daha ağır fəsadlar verməkdədir. Sanki heç bir güclü dövlət öz ölkəsinin daxili işləri ilə məşğul olmaq istəmir, mütləq hansısa inkişaf etməkdə olan ölkədə problemlər yaratmaq ssenarisi üzərində baş sındırır.
Çox təəssüf ki, həmin sindromun – ədalətsizliyin və məkrli niyyətlərin əziyyətini daha çox müsəlman ölkələri və türkdilli xalqlar çəkirlər. Bu arqumentimizin təsdiqini son iki il yarımda Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edən dünya siyasətçiləri, parlamentarilər, mətbuat təmsilçiləri və tanınmış səyyahlar məhz orada –Ağdam, Füzuli, Zəngilan və digər rayonlarımızda görürlər.
Elə özümüz də az faktın şahidi deyilik. Yaxın qonşularımızda və uzaq ölkələrdə gedən ictimai-siyasi proseslərdəki qərəzləri, işğalçı, terrorçu, qarətçi, bəşəri dəyərlərin düşməni, bütün qonşularına qarşı ərazi iddialarından əl çəkməyən Ermənistanın himayə edilməsini görəndə və kapitulyant ölkədən gələn revanş təhdidlərini eşidəndə Azərbaycan Prezidentinin 2020-ci il sentyabrın 24-də BMT tribunasından səsləndirdiyi həyəcanlı ifadələr yada düşür: “Ermənistan dünya üçün təhlükədir: İrəvan yeni müharibəyə hazırlaşır”.
Doğrudur, Azərbaycan Ordusu 44 günlük İkinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələrinə sözün həqiqi mənasında, sarsıdıcı zərbələr vurmuşdu. Ona görə ekspertlər yazırdılar ki, işğalçılar daha 20-25 il müharibə haqqında danışa bilməzlər. Ancaq islamofobiyadan əziyyət çəkənlər, türk düşmənləri və regionun iqtisadi imkanlarından gözünü çəkə bilməyən siyasi dairələr Ermənistanı sürətlə silahlandırırlar. Həm də “mütərəqqi bəşəriyyət”in gözü qarşısında. Bu səbəbdən cənab Prezidentin İkinci Qarabağ müharibəsindən bir neçə gün əvvəl səsləndirdiyi “ Ermənistan dünya üçün təhlükədir” - xəbərdarlığı bu gün daha çox aktualdır. İrəvan, sözün həqiqi mənasında yeni müharibəyə hazırlaşır. Yəni, yuxarıda sadaladığımız ünvanlar – İran, Fransavə Rusiyadakı bəzi siyasi dairələr ilk mərhələdə Cənubi Qafqaza sülhün gəlməsinə mane olmaq, perspektivdə isə haqqın-ədalətin bərqərar edilməsini əngəlləmək məqsədi güdürlər.
Bu zaman biz qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci il dekabrın 10-da Bakıda keçirilmiş Zəfər paradında səsləndirdiyi çağırışların nə qədər uzaqgörənliklə dilə gətirildiyinin şahidi oluruq. Cənab Ərdoğan həmin nitqində demişdi ki, Qarabağda müharibə bitdi. Ancaq mübarizə hələ qabaqdadır. O zaman şəxsən bu sətirlərin müəllifi də elə bilmişdi ki, söhbət işğaldan azad edilmiş ərazilərin bərpasından gedir. Sonra isə zaman sübut etdi ki, cənab Ərdoğan dünyadakı anti–Türk, anti–Azərbaycan qüvvələrin Ermənistanı sakit oturmağa qoymayacağını nəzərdə tuturmuş. İndi Ermənistan, həqiqətən, öz yerində sakit otura bilmir. Bu ölkənin siyasətçiləri gah Kremldən gələn təlimatlar əsasında işləyir, gah Parisin tapşırıqlarını yerinə yetirir, gah da Tehranın dedikləri ilə oturub-dururlar. Bir tərəfdən də Hindistan 20-30 il anbarlarda qalmış silahlarını sırımaq üçün İrəvanın timsalında münasib “tərəfdaş” tapmışdır.
Bütün bunları nəzərə alan Prezident İlham Əliyev bu il yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibədə demişdi ki, bizim xarici siyasətimizin əsas istiqaməti və məqsədi beynəlxalq müstəvidə ölkəmiz üçün daha münbit şərait yaratmaqdır ki, ölkə daxilindəki proseslər müsbət məcrada davam etsin: “Uzun illər Azərbaycanda, ölkə daxilində hər hansı bir risklər, təhdidlər yoxdur. Mümkün olan bütün risklər, təhdidlər hüdudlarımızın kənarında formalaşır. Özümüzü bu təhdidlərdən qorumaq üçün əlbəttə ki, xarici siyasət, o cümlədən hərbi siyasət öz rolunu oynamalıdır... Çünki erməni təbliğatı uzun illər bizə qarşı çalışırdı, işləyirdi və münaqişə ilə bağlı təhrifedilmiş fərziyə artıq oturuşmuşdu. Bunu sındırmaq, dağıtmaq o qədər də asan məsələ deyildi. İllər keçdikcə biz gördük ki, öz siyasətimizlə daha böyük rəğbət qazanırıq. Həm Qarabağ məsələsində haqlı olmağımız artıq dünyanın aparıcı qüvvələri tərəfindən qəbul edildi, eyni zamanda, tərəfdaşlıqda - həm ikitərəfli, həm çoxtərəfli tərəfdaşlıqda gördülər ki, biz özümüzü ləyaqətlə aparırıq, verdiyimiz sözə əməl edirik və bizə qarşı hörmət də artdı, rəğbət də artdı”.
Yeri gəlmişkən, bir məqamı xüsusilə xatırlatmaq zərurəti var. Belə ki, dövlət başçımız bu il mayın 19-da Hindistanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhananın etimadnaməsini qəbul edərkən hind diplomata xatırlatmışdır ki, bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırmaqdadır, ölkəmizə qarşı ərazi iddiaları davam edir. Ermənistanın sürətlə silahlanmasının yeni təhlükələr yaratdığını deyən dövlətimizin başçısı qeyd etmişdir ki, əgər doğrudan da Ermənistan Azərbaycan ilə sülh istəyirsə, onda nə üçün 100 milyonlarla dollar dəyərində silah alır. Azərbaycan Prezidenti vurğuladı ki, bu siyasət bölgə üçün yeni təhdidlərə gətirib çıxara bilər.
Amma kimin nə etməsindən, hansı məkrli planları hazırlamasından və ya sönməkdə olan münaqişələri körükləməsindən asılı olmayaraq, Azərbaycan öz məqsədlərinə doğru inamla gedir və bundan sonra da gedəcəkdir. İnanırıq ki, dövlət başçımızın “Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq” və ya, “Biz yeni silahlar almaq üçün növbəti kontraktlar imzalamışıq. Nə qədər lazımdırsa, o qədər də alacağıq” – kimi ifadələrini Ermənistanda eşitməyən qalmayıb. Əgər onlar bu açıq və birmənalı xəbərdarlıqlardan sonra da haqq-ədalətə doğru addım atmasalar... onda Azərbaycanın özünəməxsus təcrübəsi var.
Hər halda, biz öz regionumzda öz gücümüzlə ədalətin bərpasına – otuz il düşmən əsarətində qalan, qarət və talan edilən ərazilərimizin işğaldan azad edilməsinə nail olmuşuq. Halbuki beynəlxaq təşkilatlar on illər idi ki, bu məsələni həll edə bilmirdilər. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi BMT tribunasından səsləndirdiyi fikirlər sübut edir ki, rəsmi Bakı dünya miqyasında da ədalətin bərpasına özünəməxsus töhfələr verməkdədir.
İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”