Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılmış Komissiyanın ilkin hesabatı dinlənilib

post-img

İyunun 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun yanında Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün Nazirlər Kabinetinin 2023-cü il 21 iyun tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın ilkin hesabat iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmə­tindən bildirilib ki, iclasda Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Söyüdlü kəndində tullan­tıxana sahəsində aparılmış monitorinqlə­rin və mövcud vəziyyətin qiymətləndiril­məsi işlərinin ilkin nəticələri barədə Baş nazirə məruzə edib. 

Bildirilib ki, ərazidə aidiyyəti qurumlar tərəfindən ətraf mühitə təsirlər qiymətlən­dirilir, o cümlədən su və torpaq nümunələ­ri götürülərək analizlər aparılır, atmosfer havasının keyfiyyəti yoxlanılır.

Vurğulanıb ki, eyni zamanda, ərazi­də fəaliyyət göstərən şirkətin imzalanmış sazişə əsasən öz üzərinə götürdüyü və Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Sənədində əks olunmuş su, torpaq və at­mosfer havası üzrə keyfiyyət standartları­na, həmçinin bütün digər ekoloji normala­ra tam riayət etməsi tələb olunur. 

İclasda, aparılmış monitorinqlərin ilkin nəticələri, həmçinin Komissiya qarşısında duran vəzifələr müzakirə edilib. 

Baş nazir sakinlərin sağlamlığının və ətraf mühitin qorunması ilə bağlı vətən­daşların müraciətlərinin ən ciddi şəkildə araşdırılması və mövcud vəziyyətin qiy­mətləndirilməsi işlərinin davam etdirilməsi üçün müvafiq tapşırıqlar verib. 

Söyüdlü kəndində aparılan monito­rinqlərin və qiymətləndirmənin yekun nəti­cələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

“Xalq qəzeti”

Son xəbərlər