Türkiyə ordusunun ilk azərbaycanlı generalı

post-img

1918-ci il mayın 28-də Müsəlman Şərqində ilk demokratik və yeganə parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və İstiqlal Bəyannaməsinin elan edilməsi xalqımızın böyük tarixi nailiyyəti idi. Azərbaycan xalqı özünün çoxəsirlik tarixində müstəqil dövlətini yaratdı, ictimai-siyasi quruluşun müvafiq modelini qurdu.Yenicə yaradılmış dövlətin qarşısında duran başlıca vəzifələrdən biri də ölkənin müstəqilliyini və ərazi bütövlüyünü qorumaq, daxili düşməni zərərsizləşdirmək və xarici müdaxilələrin qarşısını almaqdan ötrü silahlı qüvvələrin yaradılması idi. Milli Ordunun yaradılması vəzifəsi həyati zərurətdən irəli gəlirdi və yenicə yaradılmış dövlətin qarşısında dayanan təxirəsalınmaz vəzifələrdən biri sayılırdı. 

Müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşama­sına baxmayaraq, iqtisadi, mədəni və ən əsası isə ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar atdı. Milli Şuranın 28 may 1918-ci il tarixli qərarına əsasən, F.X.Xoyskinin sədrliyi ilə yaradılmış birin­ci müvəqqəti hökumətin tərkibində təsis edilmiş hərbiyyə naziri vəzifəsinə Xosrov Paşa bəy Sultanov təyin edildi.

1918-ci il iyulun əvvəllərində Azər­baycan korpusunun hissələri iki Türkiyə diviziyasının – 5-ci Qafqaz və 15-ci Ça­naqqala diviziyalarının hissələri ilə birgə Nuru paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusunun tərkibinə daxil edildi. Başda general-leytenant Nuru paşa ol­maqla, Qafqaz İslam Ordusunun qərar­gahı Gəncə şəhərində yerləşdirildi. Qeyd edək ki, ölkəmizdə Silahlı Qüvvələrin yaradılması son dərəcə ağır hərbi-siya­si şəraitdə aparılırdı. Belə ki, 1918-ci ilin yayında Azərbaycanda siyası vəziyyət ölkədə ikihakimiyyətliliyin mövcudluğu ilə xarakterizə edilirdi. Azərbaycanın şərq hissəsi (Bakı quberniyası) Bakı Soveti və onun icraiyyə orqanı olan Bakı XKS-yə, qərb hissəsi isə (Yelizavetpol quberni­yası) Azərbaycan Xalq Cümhuriyyəti hö­kumətinə tabe idi. 

1918-ci il iyunun 4-də Osmanlı İm­peratorluğu hökuməti ilə Azərbaycan De­mokratik Respublikası arasında dostluq müqaviləsi imzalandı. Həmin müqaviləyə əsasən Türkiyə tərəfindən Azərbaycana lazımi hərbi yardım göstərildi. Azərbay­can – Türkiyə qoşun hissələrinin birgə səyi nəticəsində, əsasən, ermənilərdən ibarət olan qırmızı ordunun I Qafqaz korpusunun Gəncəyə doğru hücumunun qarşısı alındı. Nazirlər Şurası 1918-ci il iyunun 19-da Azərbaycan ərazisində hərbi vəziyyətin tətbiq olunması barədə qərar qəbul etdi. Hökumətin 1918-ci il iyunun 23-də qəbul etdiyi qərarla ölkədə hərbi dövrün qanunları tətbiq olundu. 

1918-ci il iyunun 26-da Müsəlman korpusunun adının dəyişdirilərək Əlahid­də Azərbaycan korpusu adlandırılması və ilk nizami hərbi hissənin yaradılması ordu quruculuğu sahəsində ən mühüm addım idi. Məhz bu qərar demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkə­də hərbi mükəlləfiyyət – orduya çağırış haqqında fərman imzalandı. 1918-ci il dekabrın 25-də general Səməd bəy Meh­mandarov hərbi nazir, Əliağa Şıxlinski isə onun müavini təyin edildilər. Qısa müd­dətdə ordu quruculuğu sahəsində böyük uğurlar qazanıldı və bacarıqlı milli hərbi kadrlar yetişdirildi. 

Azərbaycan Xalq Cümhuriyyəti döv­ründə Milli Ordunun tərkibində özünü çox istedadlı və bacarıqlı hərbçi kimi göstərmiş və sonralar Türkiyə ordusunda xidmət edərək general-mayor rütbəsinə yüksəlmiş milli hərbi kadrlarımızdan biri də Gəncədə “el atası” kimi çağırılan Ələk­bər bəy Rəfibəylinin kiçik qardaşı Məşədi bəyin oğlu, Cümhuriyyət dövründə Gən­cənin xalq qubernatoru seçilmiş Xudadat bəy Rəfibəylinin əmisi oğlu Səməd bəy Rəfibəyli olmuşdur.

Azərbaycan milli istiqlal hərəkatı ta­rixində görkəmli yeri olan tanınmış hərbi xadim Səməd bəy Məşədi bəy oğlu Rə­fibəyovun həyat və fəaliyyəti haqqında məqalə hazırlanarkən Azərbaycan Res­publikasının Dövlət və Dövlət Tarix arxiv­lərində, həmçinin Milli Arxiv İdarəsinin Elmi-Məlumat Kitabxanasında qayğı ilə qorunub saxlanılan arxiv materialların­dan və digər mənbələrdən istifadə edil­mişdir. 

Səməd bəy Rəfibəyov 1892-ci ildə Gəncə şəhərinin Balabağman qəsəbə­sində anadan olmuşdur. Hərbi təhsilini 1916-cı ildə Tiflisdə kadet korpusunda almışdır. Hərbi kadet məktəbini mü­vəfəqqiyyətlə bitirdikdən sonra Səməd bəy 1916-cı il yanvarın 1-də kiçik zabit kimi xidmət keçməsi üçün 7-ci Qafqaz sərhəd piyada polkuna göndərilmişdir. Səməd bəy 1916-cı il iyulun 1-dən 1917-ci il dekabrın 6-dək həmin polkda rotaya komandanlıq etmiş və özünü istedadlı zabit kimi göstərə bilmişdir. 

Səməd bəyin gənc zabit kimi hərb sahəsindəki bacarığı nəzərə alınaraq 1918-ci ilin yanvarında yeni formalaşdırı­lan Müsəlman (Azərbaycan) korpusunda xidmətə qəbul edilir və burada I piyada diviziyasının I atıcı Bakı polkunda rota komandiri təyin olunur. Şücaətli hərbçi Bakıda gedən bolşevik-daşnak dəstələ­rinə qarşı vuruşmada fəal iştirak etmişdir. Bu xidmətlərinə görə ona 1918-ci il iyulun 2-də poruçik rütbəsi verilir, eyni zaman­da, tələb olunan nizami senzi qazandığı üçün o, elə həmin gün ştabs-kapitan rüt­bəsinə keçirilir. 

Müsəlman korpusu ləğv edilib bu­raxıldıqdan sonra o, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda döyüş­müş görkəmli türk sərkərdəsi Nuru paşa­nın komandanlığı ilə Qafqaz İslam Ordu­sunun sıralarına daxil olmuşdur. İstedadlı və peşəkar zabit Səməd bəy Nuru paşa­nın təqdimatı ilə müvəqqəti olaraq Azər­baycanın Dəmir Yolları komissarı təyin edilir. 1919-cu il fevralın 3-də ştabs-ka­pitan Səməd bəy Rəfibəyov Ağdamda yerləşən I piyada diviziyasının ştabının böyük adyutantı vəzifəsinin icrasına baş­layır. Qarabağda erməni daşnaklarına qarşı döyüşlərdə fəal iştirak edir. Səməd bəyin hərbi nailiyyətləri nəzərə alınaraq o, qısa müddətdən sonra Cavanşir piya­da polkunun 3-cü batalyonuna komandir təyin olunur. Ştabs-kapitan Rəfibəyovun I Cavanşir piyada polkunun komandiri, polkovnik-leytenant İ.İsrafilova təqdim etdiyi raportda qeyd olunur: ”Mənim xid­mətim barədə qısa qeyddən sonra sizi məlumatlandırıram ki, mən kapitan rütbə­sinə uyğun vəzifədə xidmət edirəm, ona görə də mənə kapitan rütbəsinin verilmə­si haqqında sizin xahişinizi rica edirəm”. 

Polkun komandiri İ.İsrafilov S.Rəfi­bəyovun ön mövqelərdə hərbi sıralarda rotaya komandirliyinin on iki aylıq senzini qazandığı üçün raportu dəstəkləmişdi. Azərbaycan Respublikası Hökumətinin hərbçilərin rütbələri haqqında 25 iyun 1919-cu il tarixli 28 nömrəli əmrinə uy­ğun olaraq I Cavanşir piyada polku üzrə Səməd bəy Rəfibəyov xidmətdə fərqlən­diyinə görə ştabs-kapitan rütbəsindən kapitan rütbəsinə keçirilmişdir. 1919-cu il avqustun 26-da hərbi nazir, artilleriya generalı Səməd bəy Mehmandarov hö­kumətin yuxarıda qeyd edilən əmrinin ardınca yeni təyinat üzrə digər əmr im­zalamışdır. Həmin əmrdə qeyd edilirdi: “I Cavanşir piyada polkunun kapitanı S. Rəfibəyov yeni yaradılan Lənkəran eh­tiyat batalyonuna komandan təyin edilir. Adıçəkilən ober-zabit dərhal ehtiyat ba­talyonunun yaradılmasına başlasın və batalyonu yaratdıqdan sonra məruzə etsin.” Həmin əmrdə, həmçinin qeyd edi­lirdi ki, batalyon bütün məsələlərdə 2-ci piyada diviziyasının rəisinə tabedir. 

Sənədlər təsdiq edir ki, Lənkəran ehtiyat batalyonunun yaradılması üzrə işlər Səməd bəy Rəfibəyov tərəfindən müvəffəqiyyətlə yerinə yetirilmişdir. Azər­baycan Xalq Cümhuriyyətin hərbi nazi­rinin müavini, artilleriya generalı Əliağa Şıxlinski qeyd edirdi ki, “Vətəni və gənc ordusu qarşısındakı borcunu anlayaraq kapitan Rəfibəyov özünün bütün bilik və bacarığını, enerjisini batalyonun yaradıl­ması işinə sərf etmişdir. Onun gördüyü işlərin nəticələri də çox parlaq olmuşdur. Batalyon qısa müddətdə təşkil edilərək tam hazırlıqlı hərbi hissə səviyyəsinə yüksəldilmişdir”.

Ordu quruculuğundakı parlaq xid­mətləri nəzərə alınaraq Cümhuriyyət hö­kumətinin hərbi naziri Səməd bəy Meh­mandarov 1 dekabr 1919-cu il tarixli əmri ilə təcrübəli və bacarıqlı zabit Səməd bəy Rəfibəyovu müvəqqəti olaraq Lənkəran ehtiyat batalyonunun bazasında yeni yaradılmış 7-ci Şirvan piyada polkunun komandanı təyin etmişdir. 1920-ci ilin əvvəllərində Qarabağda vəziyyət yeni­dən gərginləşəndə hərbi nazir 25 yanvar 1920-ci il tarixli 54 nömrəli əmri ilə vax­tından əvvəl polkovnik-leytenant hərbi rütbəsi verilməklə Səməd bəy Rəfibəyo­vu 1-ci piyada diviziyasının 1-ci Cavanşir piyada alayına komandir təyin edir.

Müvəqqəti olaraq hərbi nazir vəzifə­sini icra edən artilleriya generalı Ə.Şıx­linskinin əmrində qeyd edilirdi: ”Polkov-nik-leytenant Səməd bəy Rəfibəyova xidmət adından vicdanlı və fədakar xid­mətinə görə səmimi minnətdarlığımı bil­dirirəm, inanıram ki, yeni xidmət yerində ona edilən etimada tam layiq olduğunu göstərərək Cavanşir polkunu lazımi zir­vəyə çatdıracaqdır.” 

Böyük hərbi təcrübəyə malik gene­ral öz ümidlərində yanılmadı. Polkov­nik-leytenant S.Rəfibəyovun rəhbərliyi ilə Cavanşir piyada polku Azərbaycan Milli Ordusunun mükəmməl hərbi vahidinə çevrilərək ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə yaxından iştirak etdi və döyüş əzmi ilə seçildi.

Hərbi nazir, artilleriya generalı Səməd bəy Mehmandarov S. Rəfibəyovun təyin olunması əmrində onun Vətən qarşısın­dakı xidmətlərini yüksək qiymətləndirərək bunları qeyd etmişdir: "Mənim 26 avqust 1919-cu il tarixli 373 nömrəli əmrim ilə kapitan, indi polkovnik-leytenant S.Rə­fibəyov yeni yaradılan Lənkəran ehtiyat taborunun komandiri təyin edilib. Ölkə və gənc ordumuzun qarşısında məsuliyyəti­ni dərk edən Rəfibəyov bütün enerjisini və biliyini Lənkəran taborunun formalaş­masına yönəldərək qısa müddət ərzində yüksək nəticələr əldə etməklə döyüş qa­biliyyətli bir hərbi hissəni formalaşdırır. Təcrübəli və savadlı bir zabit kimi daha sonra mənim 1 dekabr 1919-cu il tarixli 551 №-li əmrim ilə yeni yaradılan 7-ci Şir­van piyada alayının komandiri vəzifəsinin icraçısı təyin edilir. Onun işgüzarlığını və şəxsi heyətə qayğısını nəzərə alaraq, mən xüsusi təqdimatımla S.Rəfibəyova vaxtından əvvəl "podpolkovnik" hərbi rüt­bəsi verilməsi üçün hökumət qarşısında vəsatətlə çıxış etdim və hökumətin 25 yanvar 1920-ci il tarixli əmri ilə ona po­dpolkovnik hərbi rütbəsi verildi. Əmri elan etməklə səmimi - qəlbdən podpolkovnik (polkovnik-leytenant-red.) S.Rəfibəyo­va vicdanlı və səmimi xidmətinə görə təşəkkür elan edirəm və əminəm ki, yeni xidmət yerində də ona verilən etimadı doğruldaraq qısa müddət ərzində hərbi hissənin döyüş qabiliyyətini lazımi səviy­yəyə qaldıracaqdır.” 

Diviziya komandirlərinin, eləcə də hərbi nazirin müavini, general Əliağa Şıxlinskinin raportlarında da Səməd bəy Rəfibəyov savadlı və yorulmaz komandir kimi xarakterizə edilib. Alay, briqada və diviziya komandiri vəzifələrinə zabitlər şəxsən hərbi nazir tərəfindən seçilərək təyin edilirdi. Seçim zamanı onların hərbi biliyi, təcrübəsi, şəxsi keyfiyyətləri, xalqı­na və dövlətinə sadiqliyi əsas meyar kimi götürülürdü. Səməd bəy Rəfibəyovda bu keyfiyyətlər olmasaydı, şübhəsiz ki, hərbi nazir onu Qarabağ kimi mürəkkəb bölgə­də alay komandiri vəzifəsinə və bir ildə iki dəfə yeni hərbi rütbəyə təqdim etməzdi. Bu etimadı polkovnik-leytenant Səməd bəy Rəfibəyov öz gərəkli və gərgin əmək tələb edən xidməti ilə qazanmışdı.

Polkovnik-leytenant Səməd bəy Rəfi­bəyov 1920-ci ilin mart və aprel aylarında Azərbaycanın Qarabağ quberniyasında ermənilərin qaldırdıqları üsyanın yatırıl­masında fəal iştirak etmişdir. Azərbaycan Ordusunun əməliyyat komandanı olan general Həbib bəy Səlimovun hərbi na­zirə ünvanladığı raportda Səməd bəyin Xankəndidə, Əskəranda və Keşişkənd əməliyyatlarında milli hökumətimizin əleyhinə qiyam qaldırmış erməni daş­naklara qarşı döyüşlərdə qəhrəmanlıq göstərənlərdən biri olduğu qeyd edilmiş­dir. 

General Həbib bəy Səlimovun 1920-ci il aprelin 23-də Şuşadan göndərdiyi məlumatda, həmçinin Zəngəzur qəzası­nın Dığ kəndi istiqamətində S. Rəfibəyo­vun dəstəsi tərəfindən Əskəran çayı üzə­rindən keçən körpünün dağıdıldığı qeyd edilirdi. Şuşa və Xankəndi ətrafında dis­lokasiya olunan S. Rəfibəyovun rəhbərlik etdiyi hərbi hissə Qarabağ ərazisindəki erməni işğalçı qüvvələrinə qarşı əzmlə döyüşmüş, vətənimizin ərazi bütövlüyü və suvernliyi uğrunda gedən döyüşlərin fəal iştirakçısı olmuşdur. 

1920-ci ilin aprelində Azərbaycan­da bolşevik hakimiyyətinin qurulması ilə barışmayan Səməd bəy həmin ilin may – iyun aylarında rus bolşevikləri ilə erməni daşnaklarının birləşmiş qüvvələrinə qarşı Gəncə üsyanında qeyri-bərabər döyüş­lərdə peşəkar zabit kimi vuruşmuşdu. Gəncə və Qarabağdakı Cümhuriyyət or­dusunun üsyanı yatırıldıqdan sonra pol­kovnik-leytenant Səməd bəy Rəfibəyov qardaşı Eyyub bəylə və hərbi hissənin sağ qalan heyəti ilə birlikdə Türkiyəyə keçmişdir. O, qardaşı Eyyub bəylə Tür­kiyəyə getdikdən sonra, digər qardaşları İlyas bəy və Cəlil bəy 1938-ci ildə rep­ressiya qurbanı olurlar. Onların ailələri isə Sibirə və Qazaxıstana uzun müddətə sürgünə göndərilir. Bacıları Firəngiz xa­nım isə üç oğlu və üç qızı ilə Qırğızıstana sürgün edilir. 

Səməd bəy 1920-ci il iyulun 1-dən Şərq cəbhəsində Türkiyə ordusunun tər­kibində həqiqi hərbi xidmətə başlamışdır. Həmin dövrdə qəhrəman türk zabitləri işğalçı qüvvələrə qarşı istiqlaliyyət mü­barizəsi aparırdılar. İstiqlaliyyət müha­ribəsində Şərq cəbhəsinin Azərbaycan süvari alayının komandanı təyin edilən Səməd bəy Rəfibəyov ermənilərə qarşı aparılan Qars və Sarıqamış əməliyyatla­rında fəal iştirak etmiş və həmin vəzifədə 1921-ci ilin martına kimi xidmət göstər­mişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra taleyin hökmü ilə Tür­kiyəyə gedən Səməd bəy Rəfibəyov bu ölkənin hərbi qüvvələrinin sıralarında uzun və şərəfli yol keçmişdir. Səməd bəy Rəfibəyovun Türkiyə ordusunda həqiqi hərbi xidmətə qəbul edilmə tarixi xidmət dəftərçəsində 1 iyul 1918-ci il (01 tem­muz 1336-cı il) göstərilir. Böyük ehtimalla bu, Nuru paşanın komandanlığı altında­kı Qafqaz İslam Ordusunda həqiqi hərbi xidmətə daxil olma tarixidir. 

Səməd bəy Rəfibəyov "Ermənistan hərəkatı" və "İraq cəbhəsi" adlanan dö­yüş əməliyyatlarında da fəal iştirak edib. O, 1921-ci ilin martından 1922-ci ilin no­yabrına kimi Şərq cəbhəsi qərargahında tərcümə şöbəsinin rəisi olub. 1922-ci ilin noyabrından 1924-cü ilin noyabrına kimi 6-cı süvari diviziyasının 15-ci süvari alayı komandirinin müavini işləyib. 1924-cü ilin noyabrından 1928-ci ilə kimi isə həmin diviziyanın qərargahında əlaqələndiri­ci zabit vəzifəsində xidmət edib. 1928-1930-cu illərdə hərbi məktəbdə təkmil­ləşdirmə kurslarında təhsil alıb. Təhsilini bitirdikdən sonra 13-cü süvari alayında süvari bölük komandiri vəzifəsinə təyin olunub. Həmin alayda 1932-ci ilədək xid­mət etdikdən sonra 5-ci süvari alayına keçirilib. 1935-ci ildə 5-ci süvari alayının qərargahında xidmətdə olarkən alay ko­mandiri vəzifəsini icra edib. 1938-ci ildə 41-ci süvari alayı komandirinin müavini vəzifəsinə təyin olunub və 1940-cı ilədək həmin vəzifədə çalışıb. 1940-cı ilin əvvəl­lərində 3-cü ordunun kəşfiyyat şöbəsinin rəisi, 15 avqust 1942-ci ildə isə 45-ci sü­vari alayının komandiri vəzifəsinə təyin edilib. 28 avqust 1948-ci ildə daha yuxarı vəzifəyə 2-ci süvari briqadasının koman­diri vəzifəsinə irəli çəkilib. Bəzi mənbələr­də onun qardaş ölkə ordusunda xidmətə qəbul edilərkən polkovnik hərbi rütbəsin­də olduğu bildirilsə də, xidmət dəftərçə­sindən görünür ki, ona yalnız 1942-ci il avqustun 30-da Türkiyə ordusunda pol­kovnik (albay) hərbi rütbəsi verilmişdir. 

Səməd bəy Rəfibəyov Türkiyə Cüm­huriyyətində soyadı barədə qanun qəbul olunanda Əbdülsəməd bəy Sayqın adını götürmüşdür. Onun Türkiyə Silahlı Qüv-vələrindəki xidmət dəftərçəsində, eyni zamanda, Əbdülsəməd bəy Sayqın Rəfi­bəyzadə də qeyd edilmişdir. Əbdülsəməd bəy Sayqın (Səməd bəy Rəfibəyov) 30 avqustun 1948-ci ildə süvari briqadasının komandiri olarkən general-mayor hərbi rütbəsinə layiq görülmüşdür. 1952-ci il avqustun 2-də general-mayor Əbdül­səməd bəy Sayqın Türkiyə Silahlı Qüv­vələrinin Quru Qoşunlarının İnspeksiya qrupunun üzvü olur və həmin vəzifədən ehtiyata buraxılır. 

General-mayor Əbdülsəməd bəy Sayqın qardaş Türkiyə ordusunda həqiqi hərbi xidmətdə olarkən İstiqlal savaşın­da fəal iştirak edərək "Hərb" və "İstiqlal" medalları ilə təltif olunub. Əbdülsəməd bəy Sayqın hərbi xidmətdə və ehtiyatda olarkən qardaş Türkiyədə Azərbaycan siyasi mühacirləri ilə daim sıx əlaqədə ol­muş və Azərbaycanın yenidən müstəqil­liyə qovuşması üçün mübarizə aparmış­dır. Xalqımızın bu istedadlı oğlu qardaş Türkiyə ordusunda general-mayor hərbi rütbəsinə layiq görülən ilk azərbaycanlı zabitdir. Əbdülsəməd bəy Sayqın 1980-ci il yanvarın 19-da ömrünün 88-ci ilində İstanbul şəhərində vəfat etmişdir. Gene­ralın həm Cümhuriyyət ordusunda, həm də Türkiyə ordusundakı xidmətləri, onun əqidə bütövlüyü, dürüstlüyü, cəsarəti, zabit əyilməzliyi, Azərbaycan xalqı qar­şısında xidmətləri gələcək nəsillərin də xatirələrində yaşamalı və hər bir müasir Azərbaycan zabitinə sədaqət nümunəsi sayılmalıdır.

Azərbaycan xalqının görkəmli oğlu, istedadlı hərbi sərkərdə general Səməd bəy Rəfibəyovun həyat və fəaliyyəti Azər­baycan Silahlı Qüvvələrinin gənc zabitləri və qulluqçuları üçün hərbi borcun yerinə yetirilməsində nümunə ola bilər.

 

Həsən HƏSƏNOV,
Azərbaycan Respublikası Milli Arxiv İdarəsi rəisinin müavini,


Rafiq SƏFƏROV, Milli Arxiv İdarəsi sənədlərin nəşri və
istifadəsi şöbəsinin baş məsləhətçisi

Sosial həyat