Suqovuşanda əbədiyyətə qovuşan igid

post-img

“Ölməyə yox, düşməni öldürməyə, torpağımızı almağa gedirəm. Amma qayıtmaya da bilərəm. Bax, Tünzalə, sən zabit yoldaşısan. Həmişə mənə dost, yoldaş olmusan. Bu, müharibədir, hər an hər şey ola bilər, hazır ol. Sənin kimi mərd, güclü qadın qoyub gedirəm, gözüm arxada qalmır. Üç övladımı sənə tapşırıram, göz bəbəyin kimi qoru”. 

Soltanın son dəfə dediyi bu sözləri xa­tırladıqca, Tünzalə xanımın göz yaşları selə dönür.

– O gün axşama qədər həyəcandan bir yerdə dura bilmədim”, – deyir. – Acığı tut­sa da, tutsun, zəng eləyəcəm, – dedim öz-özümə. Səsini eşitmək, sağ-salamat oldu­ğunu bilmək istəyirdim. Telefonu açan kimi xəttin o başından gələn top-tüfəng səsini eşit­dim, içim titrədi. Çox danışa bilmədik, amma salamat olması sakitləşdirdi məni.

...Polkovnik-leytenant Soltan Akif oğlu Məmmədov 1981-ci ildə Yevlax rayonunun Səmədabad kəndində anadan olub. 1997-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktə­bə daxil olub. 1999-cu ildə həmin məktəbi bi­tirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul edilib, oranı motoa­tıcı ixtisası üzrə bitirib. Leytenant hərbi rüt­bəsi alaraq xidmətini davam etdirmək üçün Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində dinləyici kursuna yazılıb. 2004-cü ildə “N” saylı hərbi hissədə motoatıcı taqım koman­diri, sonra tabor komandirinin müavini təyin olunub.

Hərb sənətinə sevgi, qüsursuz xidmət Soltanı pillə-pillə ucaldıb. 2013-cü ilin iyu­nunda Naxçıvan Muxtar Respublikasında “N” saylı hərbi hissəyə tabor komandirinin maddi-texniki təminat üzrə müavini göndə­rilib. Naxçıvanda və Tərtərdə tabor koman­diri vəzifəsinə qədər yüksəlib. Qısa və şərəfli ömrünün hər gününü səngərlərdə, Vətənə xidmətdə keçirib. Çünki düşmən tapdağı al­tında inləyən Vətəni vardı. Şəhid olmamış­dan əvvəl də yaralanıbmış. Ayağından aldığı qəlpə yarasına baxmayaraq, döyüş mövqeyi­ni, şəxsi heyəti tərk etməmişdi. Yaralarının sarğısını elə səngərdəcə, döyüş gedə-gedə özü dəyişirmiş. 

Şəhid olmasından bir gün öncə huma­nitar atəşkəsə yarımca saat qalıbmış. Müa­vininə deyib ki, şəxsi heyəti dərəyə apar. Özü və bir neçə əsgər orada qalıb. Düşmən tərəfdən həmin mövqe durmadan atəşə tutu­lub. Oktyabrın 10-da ürəyindən aldığı qəlpə yarasından şəhid olub. 

Böyük qızı Ləman özünü təmkinli apa­rır. Kiçik qızı Sümayə hələ də atasının şəhid olduğunu bilmir. Hər soruşanda deyirlər ki, Türkiyədə hərbi təhsil alır. Oğlu Əli əvvəllər deyirmiş ki, polis olacağam. Ancaq indi qə­rara gəlib ki, hərbçi olsun. Çiynində general rütbəsi daşısın.

...Soltanın üçrəngli bayrağa bükülmüş tabutunu kənd camaatı evlərinə qədər çiyin­lərində gətirdi. Ailə isə göz yaşları içərisində şəhidini qarşıladı. Qızı Ləman və həyat yol­daşı Tünzalə Soltanı hərbi formada qarşıla­dılar. Ləmanın “Ata, şəhadətin mübarək!” hayqırtısı hələ də qulaqlarımdan getmir. Tün­zalə xanımın “Mən səninlə fəxr edirəm, şəhi­dim!” deməsi isə həmişəlik xatirimə hopub.

Onu düşündükcə Qarqar çayı gəlir gözü­mün önünə. Soltanın ömrü axar sular kimi keçib gedib. Millətimizin Soltan kimi igid oğlanlarının qanı ilə sağalıb Vətən dərdimiz. Övladları qürurla Şuşada, Suqovuşanda, Ta­lışda gəzəcək, atalarının və minlərcə şəhidi­mizin əziz ruhunu hörmətlə anacaqlar.

Vaxtilə oxuduğu Səmədabad kənd tam orta məktəbi onun adını daşıyır. Ailəsi Ba­kının Xocasən kəndində yüksək səviyyədə təmir olunmuş 3 otaqlı mənzillə təmin edilib. Öz şəhid izini torpağa salan Soltan Akif oğlu Məmmədov ölümündən sonra “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda”, “Suqo­vuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

 

Əminə YUSİFQIZI,

Əməkdar jurnalist

Sosial həyat