Qazinin poetik duyğuları

post-img

Gəncəli Vətən oğlu Sərxan Yolçuyev İkinci Qarabağ müharibəsi başlanan zaman könüllü olaraq cəbhəyə getmiş, savaşa qatılmışdır. Murovdağ uğ­runda gedən döyüşlərdə ağır yaralanmışdır. Sərxan ara-sıra qələmə sarı­laraq, Azərbaycan əsgərinin qəhrəmanlığından, Vətənin müqəddəsliyin­dən duyğulu şeirlər yazır. Oxuculara təqdim etdiyimiz “Vətən” şeirinin yazı tərzindən göründüyü kimi, arzu-istək dolu misralar elə səngərdəcə yaranıb. 

VƏTƏN

Bir arada görmək üçün fəda edərdim canımı,

Cənubu, Qərbi olmaqla – bütöv Azərbaycanımı.

Qarabağın gülşəninə qoy çiləsinlər qanımı.

Təki qanım dəyən yerlər çiçək açsın, çəmən olsun,

Təki Vətən yarımçıq yox, Bütövlüklə Vətən olsun!

Sənə qurban olsun, Vətən, canımız da, varımız da,

Otuz ildir səbr edərək, duz saxladıq yaramızda.

Mən razıyam, gəl, bölüşək iki şeyi aramızda,

Sənə düşən ZƏFƏR olsun, mənə düşən kəfən olsun,

Təki Vətən yarımçıq yox, Bütövlüklə Vətən olsun!

Arzum budur, Qarabağda saray tikdirsin Millətim,

Həyətində azadlığın gülün əkdirsin Millətim.

İstəyirəm, Qarabağda şəkil çəkdirsin Millətim.

İstəmirəm bu Vətənin həsrətini çəkən olsun!

Təki Vətən yarımçıq yox, Bütövlüklə Vətən olsun! 

 

Sərxan YOLÇUYEV

Sosial həyat