Şəfəqli kəndinin şəhid oğulları

post-img

Şəfəqli Yardımlı rayonunun kəndlərindən biridir. Kəndin iki minə qədər əhalisi var. Yeddi şəhid övladı ilə qürur duyan kənddəki məktəb onlardan birinin – Səyyar Şəbiyevin adını daşıyır. Burada tez-tez vətənpərvərlik tədbirləri keçirilir və şagirdlərə elin, obanın igid oğullarının hünər dastanı öyrədilir. 

Səyyar Şəbiyev 1974-cü ildə anadan olub. Evdə qardaşların ən kiçiyi, ailənin ən sevimlisi idi. Məktəbdə də nümunəvi davranı­şı, yaxşı oxumağı ilə müəllimlə­rinin sevimlisi, sinif yoldaşlarının yaxın dostu olub. Arzusu həkim olmaq idi, kənddə feldşer işləyən atası Aslan kişinin ağ xalatını ge­yinməkdən zövq alardı. Boş vaxt­larında isə gitara çalmağı sevərdi Səyyar. Əsgəri xidmətinə Qusarda başlayan igid tezliklə cəbhə xəttinə göndərilib. Döyüş yolu Tərtər, Ağ­dərə, Cəbrayıl, Füzuli, Xocavənd (bunlar onun öz bloknotunda qeyd olunub) kecib. Sonra o, Qubadlı və Laçın uğrunda gedən döyüşlərdə iştirak edib. 1992-ci il oktyabrın 2-də o yerlərin, elə Yardımlını çox xatırladan ərazisində – Qızartı da­ğında şəhid olub. Təsadüfə baxın: Şəfəqli kəndinin igid oğlu və onun Qızartı dağında şəhadəti...

... Şəhid məzarlarına baxırıq. Səyyarın bibisi oğlu – müəllim, yazar, tərcüməçi və rəssam-hey­kəltəraş Zahir Məlikli Sarı Aşığın bir cinaslı bayatısını dilə gətirir: 

Mən aşıq oda para,

Ay doğdu, o da para... 

Varmı bir odu sönmüş, 

Odumdan od apara? 

Səyyar doğma kəndlərinin ilk, rayonun isə 6-cı şəhididir. Onun sinif yoldaşı Sarvan Məmmədov, Murovdağda itkin düşən Kamal Musayev, Arzu Muradov, Şəfəqli doğumlu, sonradan Qaradağ rayo­nunda, Lökbatanda yaşamış şəhid Milli Qəhrəman Cəmil Niftəliyev, həmçinin itkin qəbri sonradan Fü­zuli rayonunda tapılmış Sahib Əs­gərov da Birinci Qarabağ mühari­bəsinin şəhidləridir. Onların hünər yolunu Qızıldaşda yaşamış Zəka Abışov İkinci Qarabağ müharibə­sində eyni ləyaqətlə davam etdirib. Bir kəndin yeddi şəhidi dağların baş tacına dönüb. 

... Cəmilin 7 yaşı olanda ailələri Lökbatan qəsəbəsinə köçüb və o da orada məktəbə gedib. Tez-tez dağlar diyarına gələr, zirvələrə boy­lanar, sonra da birnəfəsə dağların başına qalxardı. Elə 1986-cı ildə Sovet Ordusu sıralarına çağrılıb Əfqanıstandakı məhdud kontingen­tin tərkibində snayperçi kimi qulluq etdiyi dövrdə, o yerlərin dağlıq əra­zilərində heç bir çətinlik çəkmədən hərəkət edə bilib, quştək səkə-səkə yerini dəyişib, döyüş tapşırıqları­nı bacarıqla yerinə yetirib. Birinci Qarabağ müharibəsi başlananda peşəkar hərbçi kimi yenidən sila­ha sarılan Cəmil bütün əməliyyat­larda rəşadət göstərib.1992-ci il mart ayının 29-da Ağdamın Şelli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Belə­cə, dağlar oğlu öz ölümü ilə Vətən dağlarını bir boy ucaldıb. Azərbay­can Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Cəmil Səmədxan oğlu Niftəliyevə ölümündən sonra “Azər­baycanın Milli Qəhrəmanı” adı veri­lib. Vaxtilə oxuduğu 233 saylı orta məktəb və çalışdığı Yanğından Mü­hafizə İdarəsinin yanğınsöndürən gəmisi onun adını daşıyır.

Müharibədən salamat qayıtmış Yalçın Məmmədovun döyüş yol­daşları haqqında dedikləri: "Mən Yardımlının Kürəkçi kəndindənəm. 1992-ci il iyunun 27-də səhər çağı rayon hərbi komissarlığından əs­gəri xidmətə yola düşdük. Döyüş­lərə 8 eloğlu birlikdə Ağdərədə başladıq – mən, Şəfəqlidən Səy­yar, Rəfail və Əli, Telavar kəndin­dən Cavad, Peştəsərdən Elşad, Gavrandan Füzuli, bir də Dağüzü kəndindən Səyyad. Biz piyada qo­şunlarının tərkibində idik. Səyyarın nəşini özüm maşına qoyub rayona yola salmışam. Allah bütün şəhid­lərimizə rəhmət eləsin. Biz qayıt­dıq, onlarsa əbədiyyət səfərinə çıxdılar. 

Bir kəndin yeddi şəhidi... Hər birinin igidliyi medallara layiq görü­lüb. Kənddə kimi dindirsən, onların haqqında ürəklə danışar. Xatirə lövhəsinin lal daşları belə şəhidlə­rin qəhrəmanlıq hekayəsini səssiz nəql eləyir... 

Ötən ayın 27-də Şəfəqli kən­dindəki şəhid Səyyar Şabiyev adı­na tam orta məktəbdə Müstəqillik Günü ilə əlaqədar maraqlı bir təd­bir kecirildi. Tədbirə rayon icra ha­kimiyyətinin nümayəndələri, Milli Məclisin deputatı Musa Qasımlı, “Cənub” döyüş növləri idman klu­bunun direktoru, Əməkdar məşqçi Samir Həsənov, şair İqbal Nəhmət, şəhid ailələrinin üzvləri, ziyalılar da qatılmışdılar. Öncə Vətən fə­dailərinin məzarları ziyarət edildi, ruhlarına dualar oxundu. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Şagirdlərin ifasında vətənpərvərlik ruhunda mahnı və şeirlər səsləndi. Hər kəs tədbirdə tükənməz qürur hissi ilə iştirak etdi. 

O gün şəhid qardaşlarımız Səyyarın, Arzunun, Sarvanın, Ka­malın, Cəmilin, Sahibin və Zəka­nın ruhlarının şad olan günü idi deyə, sanki Şəfəqli kəndi daha nurlu, daha şəfəqli görünürdü. 

 

Ə.NƏCƏFXANLI,

“Xalq qəzeti”

Sosial həyat