“Gedirəm, gəlməsəm, yada sal məni”

post-img

Vətən müharibəsində Azərbaycanın mərd oğulları qəhrəmanlıq dastanı yazdılar. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlardan biri də Xüsusi Təyinatlı Qüvvələrin zabiti, baş leytenant İbrahim Abdullayevdir. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində iştirak etmiş, Murovdağ yüksəkliyi, Füzuli və Cəbrayıl rayonları istiqamətindəki döyüşlərdə fədakarlıq göstərmişdir.

İbrahim Abdullayev Azərbaycanın əra­zi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə, işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilmə­si üzrə qarşıya qoyulmuş döyüş tapşırığı­nı və hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı, igidlik və mərdlik nümayiş etdirdi­yinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olun­masına görə”, “Kəlbəcərin azad olunması­na görə” medalları ilə təltif edilib.

Bu qısa döyüş bioqrafiyası cəmi bir neçə cümlədə ifadə olunan gənc zabit həyatda 26 il yaşadı. Anasının onunla bağlı arzuları yarımçıq qalsa da, özü hər­bçi arzusuna çatdı, Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşdü.

Anası, dostları ilə bir masa arxasın­da İbrahimin xatirə işığına toplaşmışıq. Nərgiz xanım oğlunu anıb kövrəlir:

– Nə danışım, bilmirəm. Bütün uşaq­lar kimi İbrahimin də adi dəcəlliyi, şıltaq­lığı olub. 160 saylı məktəbi bitirib. Hərbçi olmağı qət edəndən sonra dedi ki, ali təh­sil almalı, sonra zabitlər hazırlayan kurs keçməlidir. O, Xarkov Politexnik İnstitutu­nun iqtisadiyyat fakültəsini bitirdi. Vətənə dönüb Ağcabədidə həqiqi hərbi xidmət keçdi... 

Dostu Fərhad Abdullayev söhbətin davamını gətirir:

– Xəbər tutduq ki, İbrahim hərbi xid­mət keçməyə Azərbaycana gəlir. Sonra elə oldu ki, o, Ağcabədidə dostumun xid­mət etdiyi hərbi hissəyə düşdü. Əlaqəmiz çoxaldı. Gələndən sonra özünü hərbi işə həsr edəcəyini bildirəndə, zarafatla dedim ki, boyuna görə götürməzlər. O, bəstəboy idi. Dediyindən dönmədi və istədiyi kimi də oldu... 

İbrahimin o biri dostları da ondan ya­na-yana, lakin fəxrlə danışırlar.

Rəşid Rəhimli:

– Həqiqətən də, İbrahimi boyuna görə Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkə­zinin (TTM) Zabitlər hazırlayan kursuna götürmürdülər. Bütün normativləri ver­mişdi. Tənbəllik eləmədən Müdafiə Na­zirliyinə gedir ki, general Hikmət Mirzə­yevlə görüşsün. Görüşə bilməyib orada gözləyir. Maşından düşəndə tərəddüd etmədən generala yaxınlaşır ki, bəs bü­tün normativləri vermişəm, boyuma görə saxlayıblar, götürmürlər. Amma mənim ən böyük arzum hərbçi olmaqdır. 

Orxan Qocayev:

– Doğrudur. Orada general soruşub ki, problem yalnız boydadır? İbrahim cə­sarətlə bütün kurs və təlimlərdən keçdiyini deyib. Bir gün sonra eşitdik ki, dostumu­zun sənədlərini göndəriblər TTM-ə. Kur­su bitirəndən sonra Daşkəsənə “N” saylı hərbi hissəyə xidmətə getdi. Gec-gec gö­rüşürdük, çünki məzuniyyətə tez-tez gəl­mirdi. Arada telefonla əlaqə saxlayırdıq. Hələ də elə bilirik, hərbi hissədədir. Son dəfə 2020-ci ilin sentyabrın 19-da bizə sürpriz edib bir dostumuzun ad gününə gəlmişdi. 

Fərhad Abdullayev:

– Yedik, içdik, xatirələr danışdıq. Ge­dəndə telefonda Mübariz Tağıyevin “Ge­dirəm, gəlməsəm, yada sal məni” mah­nısını açdı. Dinlədik və danladıq ki, bu nə sözdür belə ki, gəlməsəm... Biz nə biləydik ki, 1 həftə sonra müharibə baş­layacaq, bu da bizim İbrahimlə son görü­şümüz olacaq.

Şəhid zabitin əsgəri Nicat Həbibov isə deyir:

– Komandirimiz İbrahim Abdullayev çox tələbkar idi. Öyrətdiyi hər qaydaya dəqiqliyi ilə nəzarət edirdi. Təlimlərdə, məşqlərdə əziyyət çəkirdik. Deyirdi ki, döz­məlisən, sabah lazım olacaq. Biz əsgərləri o təlimləri, taktikaları mükəmməl öyrəndi­yimizə görə sağ qaldıq. Ruhu şad olsun. 

2020-ci ilin sentyabrında Kəlbəcərə daxil olduq. Müharibə başlayandan 4 gün sonra isə Cəbrayıl istiqamətinə – Füzuliyə göndərildik. Orada ön xəttin yarılmasında iştirak etdik. Sonra Cəbrayıda gedən ağır döyüşlərdə iştirak etdik. Ermənilərin tank taboru ilə qızğın döyüş gedirdi. Onların mövqeləri çox yaxşı idi, bizi rahat izləyir­dilər, atəş də ara vermirdi. Leytenant Ab­dullayev atılan mərmi qəlpəsindən şəhid oldu.

Nərgiz xanım arada söhbətə qoşu­lur:

– Sentyabrın axırına qədər içim-içimi yeyirdi. İbrahimdən xəbər yox idi. Nə ge­cəm vardı, nə gündüzüm. Nəhayət, ayın 30-da birinci və sonuncu dəfə zəng etdi. Dedi ki, ana, biz mühasirədə idik. Vertol­yotla bizi çıxardılar. Qorxma, mənim işim döyüşməkdir. Hər şey ola bilər, amma sonu yaxşı olacaq. Əsas odur ki, biz artıq general Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin qisasını almışıq. 

Fərhad Abdullayev:

– Oktyabrın 5-i idi. Uşaqlarla danı­şırdıq ki, İbrahimdən xəbər tutan varmı? Elə həmin gün axşam dostlardan biri zəng etdi ki, bəs xəbərin varmı, deyirlər, İbrahim şəhid olub. İnanmadım. Dedi ki, sabah nəşini gətirəcəklər. O gecə səhərə kimi gözümü yuma bilmədim. Səhər du­rub getdim həyətlərinə. Bir neçə nəfər vardı. Dedim, yəqin, bunlar da xəbəri eşidiblər. Getdikcə gələnlərin sayı artdı. “Bəlkə, xəbər düz deyil”,– deyə içimdə bir ümid vardı. 

Rəşid Rəhimli: 

– Heç kəsin ürəyi gəlmirdi ki, qalxıb evə anasına nəsə desin. Ya görsün ki, ananın xəbəri varmı? Nərgiz xanım evdə tək idi. Uşaqlarla qalxdıq. Qapını açanda üzümüzün ifadəsindən, halımızdan gördü ki, nə vəziyyətdəyik...

Ana:

– Mən ona kömək edə bilmədim. İn­diyə qədər də inanmıram ki, o məni necə tək qoya bildi. Həmişə məndən nigaran idi ki, mənə nəsə olar... Amma baxın, mən hələ yaşayıram... Bütün dostları indiyə qədər mənimlədir və onun II Fəxri xiya­bandakı məzarının başına dolanırlar. Mən isə onu gözləyirəm, ömrümün sonunadək gözləyəcəm. Bu yaxınlarda balamın sinif yoldaşları gəlmişdilər. Çoxlu xatirələr da­nışdılar. Oğlumun ruhunu, mənim də kön­lümü şad etdilər. Sən demə, 5-ci sinifdə oxuyanda Xocalı faciəsindən dərs keçilən zaman qızlar ağlayanda İbrahim onları sakitləşdirib deyibmiş: “Ağlamayın, böyü­yüb zabit olacağam və bu torpaqları azad edəcəyik”. Oğlum həyatı bahasına verdiyi sözə əməl etdi. 

Sonda xatırladaq ki, “Şəhid ailələrinin və ya müharibə əlillərinin həyat hekayəsi” layihəsi çərçivəsində baş leytenant İbra­him Abdullayevə həsr olunmuş film çəki­lib. 

Ruhun şad olsun, qısa, amma şərəfli ömür yaşayan Azərbaycan zabiti!

 

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”











Sosial həyat