Xalqımızın ən zəngin elm, bilik məbədgahı

post-img

Düz bir əsr əvvəl –1923-cü ildə yaradılmış Azərbaycan Milli Kitabxanası ilk dəfə qapılarını oxucuların üzünə açanda cəmi 5 min nüsxə kitab fondu vardı. Bu gün isə 4 milyon yarımdan çox fondu olan möhtəşəm bir elm, bilik məbədgahına çevrilib. 

Prezident İlham Əliyevin “Azər­baycan Milli Kitabxanasının 100 illi­yinin qeyd edilməsi haqqında” 24 iyun 2023-cü il tarixli sərəncamında qeyd edilir ki, milli kitabxanamız yarandığı vaxtdan etibarən şərəfli bir yol keçmiş, qarşıya qoyulan vəzifələrin öhdəsindən həmişə layiqincə gələrək ötən müddət ərzində cəmiyyətin intellektual potensi­alının artırılmasında baza kimi mühüm rol oynamış, ədəbiyyat sayı milyonları keçən fondlarını müntəzəm surətdə milli və dünya əhəmiyyətli nəşrlərlə, nadir kitablar, yeni-yeni çap məhsul­ları və qiymətli məlumat daşıyıcıları ilə zənginləşdirməklə xalqımızın mə­dəniyyət xəzinəsinə çevrilmişdir. Bu gün özünəməxsus memarlıq üslubuna malik olan əzəmətli binada yerləşən Milli Kitabxana fəaliyyət dairəsini daim genişləndirərək milli‐mənəvi sər­vətlərin etibarlı şəkildə qorunmasına xidmət göstərir, onun gələcək nəsillərə çatdırılmasını layiqincə təmin edir. İşi­ni qabaqcıl texnologiyaların tətbiqi ilə dövrün tələbləri səviyyəsində təkmil­ləşdirən Milli Kitabxana hazırda dünya kitabxanaları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirməkdədir.

Yubiley ərəfəsində Milli Kitabxa­nanın ditrektoru – tarix elmləri dok­toru, professor, Əməkdar mədəniyyət işçisi Kərim Tahirovla görüşüb söhbət etdik. 

– İlk növbədə verilən sərəncama görə möhtərəm Prezidentimizə kollek­tivimiz və çox minli oxucularımız adın­dan təşəkkür edirəm. Bizim alim, ziyalı, tələbə, şagird və adi kitabsevərlərdən ibarət geniş oxucu auditoriyamız var. Hətta kiçik yaşlı uşaqlar da kitabxana­mızın oxucularıdır. Dövlət başçısının verdiyi sərəncam bizi kitabxananın keç­diyi bir əsrlik yola boylanıb baxmağa sövq edir. Qürur doğuran uğurlarımız çoxdur. Təbii ki, cənab Prezidentin verdiyi sərəncamdan ruhlanaraq, daha böyük nailiyyətlər əldə etməyə çalışa­cağıq. Bu sərəncam Azərbaycan Pre­zidentinin, dövlətimizin mədəniyyətə, mənəviyyata, ədəbiyyata, kitaba və kitabxanaya verdiyi dəyərin daha bir təcəssümüdür. 

– Kərim müəllim, təqvimə nəzər salsaq, Azərbaycan Milli Kitabxanası ilk dəfə qapılarını oxucuların üzünə 1923-cü il may ayının 23-də açıb. Bir ay öncə biz də “Xalq qəzeti” olaraq bununla əlaqədar kitabxanadan geniş bir reportaj hazırlayıb verdik. Amma, deyəsən, rəsmi yubiley tədbirləri bir qədər gec keçiriləcək...

– Doğrudur. Bildiyimiz kimi, bizim kitabxananın yubileyi ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə eyni vaxta düşür. Bu il ölkəmizdə “Hey­dər Əliyev İli” elan edilib və bununla bağlı, xüsusilə də may ayında çoxsaylı tədbirlər keçirilib və indi də davam edir. Odur ki, Milli Kitabxananın yubiley tədbirlərini bir qədər sonraya – sentyabr ayına çəkdik. Elə buradaca qeyd etmə­yi özümə borc bilirəm ki, Ulu öndər bizim indiki kitabxanamızın bünövrə­sini qoyub yüksəlişini təmin edib. Bu yaxınlarda Heydər Əliyev Mərkəzində mənim böyük qədirbilənliklə yazdığım “Heydər Əliyev və Milli Kitabxana” kitabımın təqdimatını keçirdik. Fəxr­lə vurğulamaq istəyirəm ki, Ulu öndər qısa bir zamanda – 3 il ərzində 4 dəfə kitabxanamıza gəlib və hər dəfəsi də kitabxanamız üçün dönüş nöqtəsi olub. 

Ulu öndərin arzularını, əməllərini uğurla davam etdirən Prezident İlham Əliyev də Milli Kitabxanaya daim diqqət göstərir. Bugünkü fəaliyyətimiz, oxucular üçün yaradılan şərait göz qa­bağındadır. Yaxşı xatırlayırıq ki, kita­bxananın 90 illik yubileyində dünya kitabxanalarından 50-dən artıq adam qonaq gəlmişdi və cənab Prezident on­ları qəbul etdi. Orada Rusiya Milli Kita­bxanasının direktoruna söz veriləndə o dedi ki, cənab prezident, mən ulu öndər Heydər Əliyevi çox yaxşı tanıyırdım. Onun mədəniyyətə, ədəbiyyata gözəl münasibət bəslədiyini də çox yaxşı bilirdim. Bu gün Milli Kitabxanaya dövlətin yüksək münasibətini gördüm və çəkinmədən deyirəm ki, bu diqqət, qayğı sizə genlə, qanla keçib. Kitabxana bu ideal səviyyəyə şəxsən Sizin diqqəti­nizin, qayğınızın sayəsində gəlib çatıb. Prezidentimiz qonağa təşəkkür etdi. Demək istədiyim budur ki, kitabxana­mızın fəaliyyəti ölkə rəhbərinin diqqə­tində, nəzarətindədir və biz də bu etima­dı layiqincə doğrultmağa çalışırıq. 

– Yüz il əvvələ ötəri bir ekskurs et­səniz, yaxşı olar. 

– Yüz il bundan öncə Milli Kitabxana indiki Xaqani bağında 4 otaqlı mənzildə yaradılıb. Zalın olmaması səbəbindən bir neçə il oxuculara xidmət etməyib. İlk dövrlər Respublika Dövlət Kitabxanası kimi fəaaliyyət göstərib, yəni kütləvi kitabxana olmayıb. Tədri­cən inkişaf edərək gəlib bu yerə çatıb. Məbədgah 1923-cü ildə açılsa da, 3 il öncədən komissiya yaradılıb və bütün dost ölkələrinə gedib kitabxana üçün ki­tab toplayıblar. Deməli, hələ o vaxt bu­nun dövlət kitabxanası olacağını nəzərə alıb bu addımı atıblar. Orada imperator fondu var idi, onun kitabları bizə veri­lib. Çox qiymətli, nadir kitablar idi. 

– Kərim müəllim, biz tələbə olan vaxtlar – 80-ci illərin əvvəllərində Milli Kitabxanaya üzv yazılmışdıq və sevə-sevə bura gəlir, lazımi ədəbiyyatı taparaq imtahanlara hazırlaşırdıq. O vaxtlar növbəyə durur və içəri keçə­cəyimiz anı xeyli gözləyirdik. Yəni, bir oxucu bumu vardı. Bəs, indi necədir?

– İndi də kitabxanamız kifayət sayda olan oxucularının olması ilə fəxr edir. Bir neçə gün öncə xaricdən yüksək səviyyəli bir qonaq gəlmişdi. O kitabxa­namızın zallarına baxıb məəttəl qaldı. Təəccüblə soruşdu ki, yəni bu gün ki­tabxanaya bu qədər oxucu gəlir? Zal­larımızda yer olmur. Biz kataloqların arasında onlara əlavə oxu yerləri düzəl­dirik. Halbuki, 13 zalımız var. Oxucu­ların kitaba marağı böyükdür, özü də onların əksəriyyətinin gənclərdən ibarət olması fərəh doğurur. Təbii ki, elmi zallarımızda alimlər, tədqiqatçılar, aspi­rantlar əyləşirlər. Bu gün gəncləri kita­bxanaya cəlb edən 2 əsas amil var: yax­şı şərait və zəngin kitab fondu. Köhnə ədəbiyyatlarla yanaşı, yeni ədəbiyyatlar da olmalıdır və fondumuz daim zəngin­ləşir. Ulu öndər deyərdi ki, kitabxana elə bir yerdir ki, onun fondu gərək daim təkmilləşsin, yenilənsin. Çünki zaman yenilənir. Zamanla ayaqlaşmaq lazım­dır. Yəqin, bunu bacarırıq ki, hər gün Milli Kitabxananın 1000-1500 oxucusu olur. Ümumilikdə isə daimi oxucuları­mızın sayı 230 mini keçib. Kitabxana­mızın fondu 4 milyon 648 min kitabdan ibarətdir. Hər il 30 min yeni kitab alırıq. Əksəriyyəti Azərbaycan dilində çap olunub. Bütün bunlar oxuculara stimul verir. 

– Kitabxananızın beynəlxalq əlaqələri genişdirmi? Öyrəndiyimizə görə, 47 ölkənin əsas kitabxanaları ilə əməkdaşlıq memorandumu imzalamı­sınız.

– Bəli. Daim bu yöndə çalışırıq. Hörmətli Prezidentimiz Heydər Əliyev sarayındakı bir çıxışında dedi ki, mən istəyirəm hər bir Azərbaycan vətəndaşı, hər bir təşkilat xaricdə ölkəmizi təbliğ etsin. Azərbaycanın uğurlarını dünyaya çatdırmaq vəzifəmizdir. Milli Kitabxa­na Azərbaycanın nailiyyətlərini dünya­ya çatdırmaq baxımından bir pəncərə­dir. Bizim əsas vəzifəmiz bu uğurları əməkdaşlıq yolu ilə dünyaya çatdırmaq­dır. Bundan ötrü kitabdan yaxşı vasitə yoxdur. Bir yaxşı söz var, deyilir ki, ha­raya kitab gəlir, mədəniyyət gəlir, ora­da silahlar susur. İnsanın təkamülü hər zaman kitaba ehtiyac duyub. Ona görə də kitab həmişə öndə getməlidir. Milli Kitabxananın əsas missiyalarından biri ölkəmizi dünyada tanıtmaq, Azərbay­canın cari uğurlarını, iqtisadiyyatını, tarixini, bütün spektirlərini dünyada təbliğ etməkdir. Bu istiqamətdə Milli Kitabxana çox ciddi fəaliyyət göstərir. 

Dediyiniz kimi, biz 47 ölkənin Mil­li Kitabxanası ilə ikitərəfli əməkdaşlığa dair memorandum imzalamışıq. Onlar­la bütün spektrlər üzrə əlaqələrimiz var, qarşılıqlı fəaliyyət göstəririk. Amma dünyanın 80-dən çox ölkəsinin Milli Kitabxanası, universitet kitabxanaları ilə kitab mübadiləsi edirik. Bu gün ki­tab 10 manatdırsa, həmin kitabın uzaq xarici ölkəyə göndərilməsi 25-50 mana­ta başa gəlir. Cənab Prezident missiya­mızı nəzərə alıb bu işə diqqət edir. Bizə vəsait ayrılır ki, kitabları xaricə göndərə bilək, bizi xaricdə oxusunlar, tanısınlar. Azərbaycan hazırda dünyaya səs salıb, sözünü ən mötəbər yerlərdə deyən ölkə­dir. Bu da xarici ölkə vətəndaşında bizə maraq oyadır. Bunun üçün o, ilk növbə­də yaşadığı ölkənin Milli Kitabxanası­na gedir. Əgər Azərbaycana dair orada kitab yoxdursa, informasiya resursu yoxdursa, əlbəttə, ölkəmizə marağı aza­la bilər. Biz bunu nəzərə alaraq, hər il dünya ölkələrinin Milli kitabxanalarına Azərbaycanın tarixinə, ictimai-siyasi həyatına, mədəniyyətinə, bir sözlə, hər sahəsinə dair kitablar göndəririk. Kitab­larımız xaricdə oxunur. Eyni zamanda onlar da bunun müqabilində bizim ki­tabxanaya kitablar göndərirlər. Bu bey­nəlxalq kitab mübadiləsidir. 

Digər istiqamət Azərbaycanın bey­nəlxalq təşkilatlarda təmsil olunmasıdır. Mən bu günlərdə Parisdə idim. Orada Avropa Milli Kitabxanası deyilən bir təşkilat var. Qitənin 44 ölkəsinin Milli Kitabxanası orada birləşir. Onların illik toplantısında iştirak etdim. Biz 2005-ci ildən bu təşkilatın üzvüyük. Hər il bir ölkədə tədbir keçirilir. 2013-cü ildə bi­zim Milli Kitabxananın 90 illik yubileyi zamanı bizdə keçdi... Beynəlxalq Kita­bxana Təşkilatının, İqtisadi Əməkdaş­lıq Təşkilatının üzv ölkələrinin Milli Kitabxana direktorları şurasının üzvü­yük. Sentyabr ayında həmin təşkilatın da tədbiri, illik iclası Bakıda, bizim kitabxanada keçiriləcək. 2003-cü ildə yaradılmış Avrasiya Kitabxanalar As­sambleyasına MDB ölkələri daxildir. Həmin təşkilatın da üzvüyük və onun da iclası bizdə keçiriləcək. Çalışacağıq ki, qarşıdakı tədbirlərimiz təkcə yubiley xarakterli olmasın. 

– Söhbətin axarı gəlib yubiley təd­birlərinə çıxdı. Bu barədə bir qədər ət­raflı məlumat verərdiniz. 

– Prezident İlham Əliyev imzala­dığı sərəncamla göstəriş verib ki, Mə­dəniyyət Nazirliyi əlaqədar təşkilatlarla birgə tədbirlər planı hazırlasın. Yubiley ərəfəsində nəzərdə tutulan ən böyük tədbirimiz “Milli Kitabxanalar xalqla­rın mənəvi yaddaşının qoruyucusudur” mövzusunda beynəlxalq elmi-konfrans olacaq. Keçmiş Sovetlər Birliyinin bü­tün rəhbər biblioqrafları, eyni zamanda dünya kitabxanalarından onlarla qo­nağımız olacaq. Onlar ayrı-ayrı mə­ruzələrlə çıxış edəcəklər. Konfrans bir neçə seksiyada keçəcək. Çalışacağıq ki, beynəlxalq elmi-konfrans yubileyin ən yaddaqalan tədbiri olsun... 

– Maraqlı söhbətə görə təşəkkür edirik və fürsətdən istifadə edərək sizi, fədakar kollektivinizi yubiley münasi­bətilə elə bu başdan təbrik edirik. 

– Minnətdaram ki, sərəncamdan dərhal sonra məni söhbətə dəvət etdiniz. İstərdim ki, bütün evlərdə balaca kita­bxanalar olsun. Kitabı övladlarımıza nümunə göstərməliyik, sevdirməliyik. 

Müsahibəni hazırladı:
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

Müsahibə