“İrəvan” Qərbi Azərbaycana Qayıdışa futbol meydanında qoşuldu

post-img

Dünya futbol qızdırması içərisindədir. Bəşəriyyətin yarısı nəfəsini dərərək matçları seyr edir. Bu da təsadüfi deyil. Axı rəqabət ruhu təbiətimizə xasdır, futbol həm azarkeşlər, həm də oyunçuların özləri üçün emosiyaları və şövqü oyatmaq üçün əla vasitədir. Azərbaycanda da futbol sevilir, milli və klub sə­viyyəsində komandalarımız dəstəklənir. Son zamanlar isə fut­bol klublarının əhatə dairəsi getdikcə genişlənir və hazırda bir çox bölgəmizi təmsil edən komandalar yaradılır. Növbəti xoş xəbər də Azərbaycanın qədim şəhəri olan İrəvanın adını daşıyan klubun təsis edilməsi oldu. İyunun 25-də media nü­mayəndələrini bir araya toplayan “İrəvan” Futbol Klubunun rəhbərliyi yeni yaradılan komandanın məşqçilər korpusunu və futbolçularını ictimaiyyətə təqdim etməklə yanaşı, qədim Azərbaycan şəhərinin adını daşıyan komandanın qarşısında dayanan vəzifələrdən danışdılar.

İrəvan FK-nın mətbuat katibi Mübariz Süleymanlı klub haqqında məlumat verdi. Klubun idarə heyətinin sədri və klubun 1-ci vitse-pre­zidenti Zülfüqar Kazımov təsis olunan “İrəvan” Futbol Klubunun Azərbaycanın qədim şəhəri İrəvanın adını daşımasının böyük şərəf, həm də böyük məsuliyyət olduğunu bildirdi. Z.Kazımov, həmçinin qeyd etdi ki, “İrəvan” komandası 1-ci divizonda mübarizəyə başla­yacaq, ancaq sonrakı mərhələdə əsas hədəf Premyer Liqaya vəsiqə qazanmaq olacaq. Klubun idarə heyətinin sədri xüsusilə vurğuladı ki, “İrəvan” futbol klubu tək idman demək deyil. Bu komanda həm də mənəvi və siyasi məsələdir. Komandanın böyük azarkeş ordusuna ma­lik olacağına əminliyini vurğulayan Z.Kazımov Azərbaycanın idman siyasətinə hərtərəfli dəstək verdiyi üçün Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya klub üzvləri adından təşəkkür etdi. 

İdarə heyətinin üzvləri Canbaxış Hüseynov, Alı Alıyev, Həsən Həsənov, Namiq Ramazanov çıxışlarında ölkədə idmanın inkişa­fından, futbola böyük marağın olmasından və ölkə rəhbərliyinin bu sahəyə yüksək diqqət ayırmasından danışdılar. Belə bir inam ifadə olundu ki, “İrəvan” FK üzərinə düşən vəzifələrindən öhdəsindən la­yiqincə gələcək.

Klubun prezidenti Zahid Niyazəliyev komandanın planları barədə qısa məlumat verdi. O, “İrəvan” FK-nın mübarizə aparacağı liqada böyük uğurlara imza atacağına ümidvar olduğunu bildirdi. “İrəvan” FK-nın idman direktoru Vüqar Nuruşov komandanın hədəflərindən danışdı və azarkeşləri sevindirmək üçün bütün futbol oyunlarında yüksək nəticələr əldə etmək üçün mübarizə aparacaqlarını vurğuladı. 

Sonra klubun mətbuat katibi Mübariz Süleymanlı komandanın baş məşqçisi Elbrus Məmmədovu və onun köməkçiləri - Adil Məmmədo­vu və Vidadi Hüseyovu jurnalistlərə təqdim etdi. 

Xatırladaq ki, 2023/2024-cü illər mövsümündə I Divizion 10 komandanın iştirakı ilə keçiriləcək və “İrəvan” FK bu komandalar arasındadır. Reqlamentə görə, I Divizionda 1-ci yeri tutan komanda növbəti mövsüm Premyer Liqaya vəsiqə qazanacaq. Bu şərəfli və mə­suliyyətli yolda “İrəvan” komandasına uğurlar arzulayırıq!

Səbuhi MƏMMƏDOV, “Xalq qəzeti”

İdman