İnsan kapitalı cəmiyyəti zənginləşdirən sərvətdir

post-img

Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə İnsan Resursları Zirvəsi keçirilib. Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli müzakirələrin əsas mövzusu olmuş insan resurslarından səmərəli istifadə ilə bağlı suallarımızı cavablandırıb.

– Mustafa müəllim, “İnsan Resusrları Zirvəsi” adlı ümum­respublika müzakirəsinin keçiril­məsində məqsəd nə idi?

– Dövlət Məşğulluq Agentliyi rəsmi insan resursları qurumu ol­duğuna görə belə bir toplantının keçirilməsinə bir az fərqli formatda yanaşdı. Biz il ərzində karyera in­kişaf forumu keçiririk, digər korpo­rativ məsuliyyət tədbirləri təşkil edirik. Amma bunların arasında ən önəmlisi insan kapitalına kompleks yanaşmanı hədəfləyən bu zirvənin gerçəkləşməsi oldu. Düşünürük ki, bu format ənənəvi xarakter alacaq. Bu mühüm tədbirdə cəmiyyətə, dövlətə və fərdlərə verəcəyimiz mesaj məhz istənilən strukturun inkişafında, hər bir qurumun fəa­liyyətində insan kapitalının önəmini qabarıq nəzərə çatdırmaqdır. İna­nıram ki, bu mesajı verə bildik. 

Bir məsələni qeyd edim ki, hər tədbirdə hansısa problemin həllini axıradək tapmaq mümkün olma­ya bilər. Əsas odur ki, cəmiyyətin diqqətini onun həllinə cəlb edə, ən azından, bu istiqamətdə insanları­mızı düşündürə bilək. 

– Zirvə həm də kifayət qədər fərqli formatda təşkil olunmuş­du...

– Doğrudur, “İnsan Resursları Zirvəsi” gözlədiyimizdən də artıq maraqla qarşılandı. Tədbirin təşkili kifayət qədər məsuliyyətli, ağır bir proses idi. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin iştirakı hə­yata keçirildi. Xüsusilə birinci, ikinci və üçüncü panellərdə səmərəli mü­zakirə aparıldı. 

Dövlət orqanları nümayən­dələrinin iştirakı və proseslərə ya­naşması çox fərqli oldu. Ona görə də zirvə adi tədbirlərdən seçildi. İstəyirdik ki, yeni yanaşma ortaya qoyaq. Adətən, dövlət orqanların­da müzakirələrin formatları bir qə­dər fərqli olur. Çalışdıq ki, burada daha çox interaktivliyi təmin edək, polemikaya üstünlük verək. Düşü­nürəm ki, dövlət tədbirlərinin təşkili məsələsində yeni formatın başlan­ğıcını qoya bildik. 

– Qeyd etdiyiniz fərqli forma­tın perspektivini necə görürsü­nüz? 

– Birinci növbədə, onu demə­liyəm ki, tədbirdən hər kəs müxtə­lif düşüncələrlə ayrıldı. Təşkilati məsələlərə, eləcə də insanlarla ünsiyyət məsələsinə fərqli yanaş­malar oldu. İnanıram ki, növbəti dövrdə bu yanaşmalar nəyisə də­yişəcək. O ki qaldı, dövlət qurum­ları rəhbərlərinin performansına, görüşlərdən sonra ictimai ekspert­lərin bəzilərinin fikirləri mənim üçün də maraqlı oldu. Belə ki, onlar bir məsələnin üzərində xüsusi daya­naraq bildirdilər ki, bu gün ölkəmiz­də məmurluq keyfiyyətcə dəyişir, yeni məzmun daşımağa başlayır. Fikirlərlə razıyam. Son bir neçə ildə məmurların siması səmimiy­yətə doğru, interaktivliyə istiqamət alaraq dəyişir, daha çox ictimai ün­siyyət forması alır. Bu, indiki dövrdə çox vacib və önəmlidir. 

Məlum olduğu kimi, Prezident İlham Əliyev mövcud istiqamətdə xüsusi yanaşma sərgiləyir. Ölkə rəhbərinin tövsiyə və tapşırıqlarına uyğun olaraq, bütün dövlət orqan­larının əməkdaşları vətəndaşlar­la daha açıq, əlçatan, polemika müstəvisində münasibətlər qurma­lıdırlar. Bu format dəyişikliyi son nəticədə dövlətimizə, idarəçiliyə də çox mühüm töhfə verəcək. 

– Ümumiyyətlə, insan resurs­ları ilə işin düzgün qurulması üçün vacib olan nələrdir? 

– Hesab edirəm ki, insan re­sursları mütəxəssisinin, qurumu­nun birinci vəzifəsi bu işin vacibliyi­ni hər kəsə çatdırmaqdır. Xüsusilə, fəaliyyət göstərdiyi qurumların rəhbər heyətinə. Bu, çox önəmlidir. Əgər insan resursları əməkdaşları buna nail olsalar, qurum rəhbərləri insan kapitalının rolunu doğru-düz­gün anlasalar, qurumlarımızın, təş­kilatlarımızın işi daha uğurlu alınır.

İnsan resurslarının ənənəvi fəaliyyəti çox önəmlidir. Qurumda fəaliyyət göstərən əməkdaşların vahid dəyər ətrafında toplaşma­ları, eyni korporativ mədəniyyətə söykənmələri, onların qurum daxi­lində məmnun, xoşbəxt olmaları, əsasən, insan resursları depar­tamentinin işini düzgün, səmərəli qurmasından çox asılıdır. Əmək­daşların məhz vahid ideya ətrafın­da birləşmələri son nəticədə hə­min qurumların, təşkilatların uğuru deməkdir.

Anar TURAN, “Xalq qəzeti”

Müsahibə