Bakı şəhərinin müşkülə çevrilmiş problemi

post-img

Paytaxt Bakı ildən-ilə gözəlləşir. Göz oxşayan göydələnlər sıralanır, yeni parklar salınır, şəhərin mərkəzi küçələri abadlaşdırılır. Görülən işlərdə müasirliyin və tarixiliyin vəhdəti gözlənilir. Təbii ki, bütün bunlar dövlətimizin ayırdığı böyük vəsait hesabına gerçəkləşdirilir. 

Bu yeniliklərlə yanaşı, paytaxtımızın təmizlik məsələ­sində problem hələ də qalmaqdadır. Mərkəzi küçələrdə vəziyyət nisbətən qənaətbəxş olsa da, şəhərin ətraf his­sələrində baxımsızlıq hökm sürür. 

Bəzən zibil yeşikləri olduğu halda, insanlar tullantıları oraya yox, ətrafa atırlar. Beləliklə, siqaret kötükləri, kağız və plastik tulantılar iyrənc bir mənzərə yaradır. Belə hal­ların qarşısını ala bilmək üçün qanunvericilikdə 50 ma­nat cərimə nəzərdə tutulub. Lakin burada ictimai nəzarət, qınaq əsas rol oynamalıdır. Çöl-bayırda təmizliyə riayət şəxsi davranış məsələsi olmalıdır.

Problemin digər tərəfi də odur ki, şəhəri çirkləndirən­lər heç də həmişə sakinlər olmurlar. Bəzən aidiyyəti qu­rumların laqeydliyi də çirklənmənin artmasına yol açır. Piyada yollarında zibil yeşiklərinin az olması, bəzən də heç qoyulmaması səbəbindən insanlar tullantıları hara gəldi, atırlar. Bəzi küçələrdə zibil yeşikləri arasında olan məsafə 1 kilometrə çatır. “Moskva” prospektində “20 Yanvar” metrostansiyasının yaxınlığında zibil yeşikləri yoxdur. Sanki natəmizlik bu küçənin adına yazılıb.

Digər bir problem isə zibil yeşiklərinin vaxtında bo­şaldılmamasıdır. Şəhərdə aşıb-daşan zibil qutularına tez-tez rast gəlmək olar. Yaşayış binalarının yaxınlığında yaradılmış zibilxanalarda vəziyyət daha acınacaqlıdır.

Bu problemlərin fonunda paytaxtda mənzərə təzad yaradır: gözəlləşən Bakı və natəmizlikdə eybəcərləşən Bakı. Şübhəsiz, aidiyyəti qurumlar öhdələrinə düşən işlə­ri yerinə yetirsələr, bu problem tezliklə həlini tapar. Yaxşı deyiblər ki, təmizlik olmayan yerdə gözəllik və sağlamlıq zərbə altına düşür.

 

Rüfət MƏHƏRRƏMOV

Sosial həyat