Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Toxum Fondu tərəfindən Pakistan İslam Respublikasından Azərbaycana gətirilən yeni çəltik sortları istixanalardan açıq sahələrə köçürülüb.
Cənub zonasının fermerləri tərəfindən yeni sortların sınağı uğurla həyata keçirildikdən sonra əkinə yararlı açıq sahələrə köçürülüb.
Dövlət Toxum Fondunun sədri Sərxan Sərxanov, fondun aqronomu və mütəxəssisləri fermer və təsərrüfat sahibləri ilə əkin sahələrində görüşlər keçirib, aparılan aqrotexniki qulluq işləri ilə maraqlanıblar. Sərxan Sərxanov bildirib ki, fermerlərlə görüşlərin əsas məqsədi çəltikçilik sahəsində Dövlət Proqramından irəli gələn məsələləri həll etmək, çəltik sahələrini artırmaq, məhsuldarlığı və məhsulun keyfiyyətini yüksəltmək, ixracyönümlü, rəqabət qabiliyyətli məhsul istehsalını genişləndirməkdir.
Dövlət Toxum Fondundan alınan yeni çəltik sortlarından bu il yüksək məhsuldarlıq gözlənilir. Qeyd edək ki, əkinqabağı sahələrdə hamarlama, tirləmə işləri aparılıb və normaya uyğun su ilə doldurulub. Hazırda sahələrdəki su dəyişdirilir, alaq otlarına qarşı mübarizə tədbirləri görülür.
"Xalq qəzeti"