Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq regionlarda yenidənqurma işləri davam etdirilir. “Azərişıq” ASC bu dəfə Samuxun Qədili, Seyidlər və Sarıqamış kəndlərində işlərə başlayıb.
"Xalq qəzeti"nə verilən məlumata görə, istismar müddətini başa vurmuş 10 və 0,4 kV-luq elektrik xətləri, dayaqlar və bütün güc mərkəzləri yenilənib. Üç kənddə ümumilikdə 10 KTM quraşdırlıb və abonentlərin bütün sayğacları yenisi ilə əvəzlənib.
Bununla yanaşı, “Azərişıq” ASC Gədəbəyin ucqar Arısu və Əlinağılar kəndlərində də elektrik şəbəkələrini yenidən qurur. Ötən əsrin 50-60-cı illərində qurulmuş köhnə şəbəkə yenidənqurma layihəsi çərçivəsində tam yenilənir. Elektrik xətləri izoliyasiyalı naqillərlə əvəzlənir, köhnə dayaqlar, sayğaclar və həmçinin bütün güc mərkəzləri tam yenilənir.
Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir.