Almaniya və İtaliyada çalışan bir qrup azərbaycanlı həkimlə görüş təşkil edilib

post-img

Diasporla İş üzrə Dövlət Komitəsində paytaxt Almaniya və İtaliyada çalışan bir qrup azərbaycanlı həkimlə görüş keçirilib.

Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə qurumun sədr müavini Elşad Əliyev dövlətimizin diaspor siyasəti, diaspor quruculuğunda həyata keçirilən fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Xarici ölkələrdə yaşayan alimlərimizlə, tibb sahəsi üzrə ixtisaslaşmış soydaşlarımızla əlaqədar Dövlət Komitəsinin həyata keçirdiyi layihələri diqqətə çatdırıb. O, ötən ilin martında Köln şəhərində Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə keçirilən “Almaniyadakı Azərbaycanlı Həkimlərin Forumu”nun xaricdə yaşayan həkim soydaşlarımız tərəfindən razılıqla qarşılandığını, bu istiqamətdə fəaliyyətin daha güclü və geniş formatda davam etdiriləcəyini vurğulayıb.

Sonra Almaniyanın Celle şəhər xəstəxanasının şöbə müdiri Fuad Mahmudlu, “Bad Salzungen” xəstəxanasında qulaq, burun-boğaz xəstəlikləri, baş, boyun və üz plastik cərrahiyyə klinikasının şöbə müdiri Cavid Hüseynzadə, “Lidwigsburg” kilinikasının neyroradioloqu Pərvin Cəfərov, “Hochsauerland” klinikasının terapevt-qastroenteroloqu Ceyhun Sanıyev və İtaliyadakı İRCCS San Donato poliklinikasının kardioloqu Məlakə Məmmədova çıxış ediblər.

Qonaqlar öz peşəkar fəaliyyətlərindən danışmaqla yanaşı, yaşadıqları şəhərlərdə diaspor sahəsində görülən işlərə də münasibətlərini bildiriblər.

Görüş maraqlı fikir mübadiləsi, təkliflərin səsləndirilməsi və sualların cavablandırılması ilə yekunlaşıb.



Sosial həyat