“Badamdar Estates Hotel”də Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) 14-cü buraxılışı münasibətilə keçirilən tədbirdə Dövlət Turizm Agentliyinin rəhbərliyi, universitetin professor-müəllim, inzibati heyəti, məzunlar, valideynlər, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
ATMU-nun rektoru İlham Mədətov məzunları təbrik edib, onlara ixtisaslı kadr kimi gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbədə xalqımızın həmrəyliyindən, Azərbaycan Ordusunun məğlubedilməzliyi, hünəri və qətiyyətindən söz açıb.
Rektor vurğulayıb ki, bu il ATMU-dan bakalavr proqramında 11 ixtisas üzrə 481 nəfər, magistr proqramı üzrə isə 94 nəfər məzun olub. Builki məzunlarından 12 nəfərinin eyni zamanda Avstriyanın “İMC Krems Tətbiqi Elmlər Universiteti”nin də diplomunu aldıqlarını qeyd edən rektor ümumilikdə, universitet məzunlarının 274 nəfərinin iki diploma malik olduğunu bildirib. Qeyd edilib ki, ölkəmizdə ilk dəfə ATMU-da nəzərdə tutulan 14-22 həftəlik istehsalat təcrübəsi semestrinin tətbiqi sayəsində tələbələr təkcə Azərbaycanda deyil, eləcə də Türkiyənin nüfuzlu turizm müəssisələrində peşəkar vərdişlərə yiyələnirlər. İndiyədək 30 xarici ali məktəb, 34 beynəlxalq təşkilat və şəbəkə ilə əlaqə qurub.
Tələbələrlə bir yerdə olmaqdan məmnunluğunu bildirən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev qeyd edib ki, ali məktəbin məzunu olmaq hər gəncin həyatında önəmli sayıldığı qədər, unudulmayan hadisədir. Dövlətimizin turizm sənayesinin inkişafına xüsusi diqqət verdiyini xüsusi vurğulayn F.Nağıyev peşəkar kadrlara hər zaman ehtiyac olduğunu bildirib
”Məzun–2023” tədbirində Prezident Administrasiyasının Humanitar siyasət, diaspora və dini məsələlər şöbəsinin müdir müavini Məhərrəm Əhmədov, Siyasi partiyalar və Qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin böyük məsləhətçisi Asif Usubəliyev, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbubullayev, deputat İlham Məmmədov, ”İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Şahin Seyidzadə, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, Bakı Turizm Peşə məktəbinin direktoru Neylufər Kərimova, PMD Hospitality qrupunun Əməliyyatlar üzrə Baş Direktoru Georges Ubbelohdey, Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin AATP üzrə koordinatoru cənab Jens Peter və başqaları məzunları təbrik edib, onların ölkəmizdə turizm sahəsinin sürətli inkişafına töhfə verəcəklərinə əminliklərini bildiriblər.
2022 – 2023-cü tədris ili məzunlarından ixtisas, fakültə və universitet birincilərinə plaketlər, 2022 – 2023-cü tədris ili üzrə universitet birincisinə ATMU-nun “Tələbə Fəxri Kitabı” təqdim edilib. Eyni zamanda, ATMU və Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetinin beynəlxalq proqram məzunlarına diplomlar təqdim olunub.
Rəsmi hissənin ardından bədii hissə ilə davam edən məzun törənində ATMU-nun son bir illik fəaliyyətini əks etdirən video-çarx iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Z.BƏŞİRQIZI, “Xalq qəzeti”