Bölgələrdə rəqəmsal uçurum və həlli yolları

post-img

Rəqəmsal dünya haqqında yazılan məqalələr, kitablar həmişə “köhnədir”. Yazıları “qocaldan” amil də texnologiya aləmində cərəyan edən proseslərin ildırım sürətidir. Ona görə də, rəqəmsal texnologiyalara dair yazılan fikir və ideyaların “təravətini” qısa zamanda itərəcəyindən həmişə əndişə duyulur. Amma texnoloji templə ayaqlaşmaq zorundayıq, çünki, rus yazıçısı Maksim Qorki demişkən, keçmişin karetində uzağa gedə bilmərik. Buna görə də, rəqəmsal mühitdə vətəndaşların yeni texnoloji vasitələrdən istifadə səviyyəsi hərtərəfli inkişafın önəmli faktoru sayılır. Bu da, təbii ki, rəqəmsal bərabərliyin təmin edilməsi zərurətini meydana çıxarır.   

Dünya dəyişir, sənaye də, peşələr də rəqəmsal mühitin tələblərinə uyğunlaşaraq dəyişir. Biz də dəyişirik, adət etdiyimiz bir sıra vərdişlərimizi tərgidirik, texnoloji yeniliklərin təsiri altında yeni müsbət və ya mənfi vərdişlər "qazanırıq". Bu trend xüsusilə də müasir şəhərlərdə müşahidə edilir. İnternetin əlçatanlığı texnoloji yeniliklərin şəhərlərdə tətbiqini genişləndirir. Artıq bir kartla bir sıra fərqli sahələrə aid ödəniş proseslərini yerinə yetirmək təəccüblə qarşılanmır. Urbanizasiyanın son trendlərini özündə ehtiva edən gözəl Bakıda da bu müsbət meyllər müşahidə olunur. Bir sözlə, şəhər sakini rəqəmsal imkanlardan geniş istifadə edə bilir.

Bəs regionlarda yaşayanlar haqqında bunu demək olarmı? Azərbaycanın regionlarında rəqəmsal bərabərsizlik hansı səviyyədədir və bu bəşəri problemin aradan qaldırılması üçün hansı addımlar atılır? Ümumiyyyətlə, rəqəmsal uçurum nə deməkdir və onun həlli yolları varmı? Rəqəmsal uçurum, informasiya bərabərsizliyi rəqəmsal mühitdə elektron istehlakçıların, onların bu mühitə əlçatanlığının qeyri- bərabərliyi, rəqəmsal şərtin və şəraitin onlara çatdırılmasında yetərsizliyi kimi başa düşülür. Yəni, zəif inkişaf etmiş ölkələr arasında, paytaxtı ilə rayon, kəndlərlə ucqar yaşayış məntəqələri arasında olan qeyri-bərabər informasiya istehlakı rəqəmsal uçurumdur. İnformasiya cəmiyyəti və ya bilik cəmiyyəti, sadəcə olaraq reallıqla heç bir əlaqəsi olmayan parlaq gələcəyin gözəl görüntüsü deyil. Bu, əslində, bəşəriyyətin inkişafının növbəti mərhələsidir, vaxtında və asan əldə olunan informasiyadır, məlumatların istehlakıdır. Daha doğrusu, onun köməyi ilə əldə edilən biliklərdir. Yeni cəmiyyətin elementləri bu gün artıq mövcuddur və onlar kompüter və telekommunikasiya texnologiyalarına əsaslanır. 

Hələ dörd yüz il əvvəl ingilis filosofu Frensis Bekon yazmışdı ki, “İnformasiyaya sahib olan dünyaya da sahibdir”. Tarix göstərir ki, cəmiyyətin quruluşundan asılı olmayaraq, bütün dövrlərdə hakimiyyət təkcə kobud fiziki gücə deyil, həm də yalnız təşəbbüskarlar üçün mövcud olan biliyə əsaslanır. Planetdə biliklərin həcminin hər beş ildən bir iki dəfə artdığı günümüzdə Frensis Bekonun sözləri həmişəkindən daha aktual səslənir. Hazırda dövriyyədə o qədər məlumat  var ki, heç kəs onu ​​beynində saxlaya bilməz. Mövcud şəraitdə “biliyə sahib olmaq” yeni informasiya axınında tez naviqasiya etmək, biliklər anbarında lazımi məlumatları asanlıqla tapmaq deməkdir. Bu vəzifənin öhdəsindən də yalnız kompüterlər gələ bilər. Kompüter şəbəkələri, xüsusən də İnternet məlumatların saxlanması və ötürülməsi üçün əsas vasitəyə çevrilir. Əlbəttə ki, bu gün kompüter texnologiyaları və telekommunikasiya vasitələrinə çıxış, eləcə də onlardan düzgün istifadə informasiya cəmiyyətində uğurun açarıdır. Bunu vaxtında dərk edən və yeni texnologiyalara yiyələnənlər bəşər övladının digər nümayəndələrindən üstün mövqe tutacaqlar, çünki onlar özlərinin peşəkar yüksəlişi və rifahı üçün böyük imkanlar əldə edəcəklər. Digərləri isə kənarda qalmaq riski ilə üzləşəcəklər. 

İnformasiya cəmiyyətinin formalaşdığı dövrdə rəqəmsal uçurum insanları varlı və kasıba ayıran ən mühüm amillərdən birinə çevrilir. Hələ 1997-ci ildə BMT-nin İnkişaf Proqramı yoxsulluğun yeni ölçüsünü - geniş əhali üçün informasiya magistralına çıxış imkanlarını müəyyən edən informasiya ölçüsünü təqdim etmişdi. Sosioloqlar vurğulayırlar ki, istehsal münasibətləri sistemində əsas münaqişə bilik və bacarıqsızlıq arasındakı ziddiyyətdir. Buna görə də, inkişaf etmiş ölkələrdə İnternetdən istifadə etmək, məsələn, telefonla zəng etmək qədər təbii olan insanların həyatını səciyyələndirən “İnternet həyat tərzi”nin iqtisadi-sosial anlayışı meydana çıxıb. Yeni həyat tərzi özünəməxsus dinamizmi, insanın həm evdə, həm də işdə ehtiyac duyduğu ən müxtəlif məlumatlara asan və sürətli çıxışı, peşəkar biliklərinin daim təkmilləşdirilməsi ilə diqqət çəkir. Bu bir həqiqətdir ki, informasiya inqilabının nailiyyətlərindən istifadə edən insanlar dünyanı texnoloji nailiyyətlərə çıxış imkanı olmayanlardan fərqli qəbul edirlər. Şəbəkə artıq yeni yaradılmış oyuncaq kimi qəbul edilmir - bu, informasiya cəmiyyəti üçün zəruri əsasdır. Təsadüfi deyil ki, işə müraciət edərkən kompüterdən və İnternetdən istifadə etməyi bilən abituriyentlərə üstünlük verilir. Virtual məkana nə qədər çox xidmət daxil olarsa, İnternetə çıxışı olmayan insanlar üçün iş tapmaq, təhsilini artırmaq və biznesdə uğur qazanmaq bir o qədər çətinləşir.

Rəqəmsal bərabərsizlik təkcə fərdlərin deyil, bütün ölkələrin və regionların problemidir. Yaxın gələcəkdə siyasətçilər “kasıb ölkə”dən danışmaq əvəzinə “bilik çatışmazlığı olan ölkələr” haqqında danışmağa başlayacaqlar. Dövlətlər öz vətəndaşlarının təhsil səviyyəsini və peşəkar ixtisaslarını yüksəltməyə üstünlük verməyə məcbur olacaqlar, çünki bu gün də rəqabətqabiliyyətliliyi həlledici dərəcədə yüksək ixtisaslı insan resurslarının mövcudluğu müəyyən edir. Elmi inkişaf səviyyəsini yüksəldə bilməyən, bilik xəzinəsindən tam yararlanmayan ölkələr istər-istəməz qonşularından geri qalacaqlar. Nəticədə, dünyada xalqların iqtisadi və sosial bərabərsizliyi daha da artacaq.

Yeni minilliyin başlanğıcı ilə rəqəmsal texnologiyaların sosial həyata təsirinin araşdırılmasında rəqəmsal uçurum problemi getdikcə daha çox rəqəmsal bərabərlik (rəqəmsal bərabərsizlik) problemi ilə əvəz olunur. İnkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında İnternetə çıxışda davamlı uçurum olmasına baxmayaraq, sonuncularda çıxış problemi, ümumiyyətlə, həll olunmuş hesab edilə bilər. Belə ki, 2022-ci ilin məlumatlarına görə, avropalıların 89,6%-nin və Şimali Amerikalıların 93,4%-nin İnternetə çıxışı var. BMT-yə üzv dövlətlərin 45% əhalisi (orta hesabla 3.5 milyarda yaxın insan) hələ də rəqəmsal bərabərsizlikdən əziyyət çəkir. Afrikada bu rəqəm 46.8 % , Asiyada 67.4 %-dir.  

Ancaq problem ondadır ki, İnternetə çıxış imkanlarının genişləndirilməsi özlüyündə imkanları bərabərləşdirmir, əksinə, İnternet istifadəçiləri arasında digər növ bərabərsizlik yaradır. Mütəxəssislər bildirirlər ki, rəqəmsal uçurum problemi iki əsas ölçüdən ibarətdir: istifadənin qeyri-bərabərliyi və  istifadənin xüsusiyyətlərindəki fərqlər. Belə ki, tədqiqatçıların fikrincə, İnternet fəaliyyəti 14 yaşdan 23 yaşa qədər (90 faizdən çox), minimum isə 64 yaşdan yuxarı (13 faizdən az) istifadəçilər üçün xarakterikdir. Burada təhsil amili də rol oynayır: onun səviyyəsi nə qədər yüksəksirsə, İnternetdən bir o qədər fəal istifadə olunur. Ailənin olması və strukturu da vacibdir: tənha fərdlər və uşaqlı ailələr internetdən daha çox istifadə edirlər. Bununla yanaşı, informasiya və kommunikasiya texnologiyaları inkişaf etdikcə, insanların rəqəmsal bacarıqları və rəqəmsal kapitalının onların təhsildən tutmuş tibbi xidmətə qədər geniş sahələrdə sosial fəaliyyətlərinin uğuruna böyük dərəcədə təsir edir. Bu vəziyyətin nəticəsi olaraq, daha yüksək ixtisaslı rəqəmsal istifadəçilər daha təvazökar bacarıqlara malik olanlar üzərində üstünlük əldə edərək, sosial fərqliliyin yeni forması üçün zəmin yaradırlar. Beləliklə, İnternetdən istifadənin xüsusiyyətləri ilə əlaqəli rəqəmsal uçurumun ikinci ölçüsü özünü göstərir. 

Rəqəmsal texnologiyaların istifadəsində gender bərabərsizliyinə gəldikdə, inkişaf etmiş ölkələrdə internetə çıxışda kişilər və qadınlar arasında fərqin azaldığını nəzərə alaraq, son tədqiqatlar bərabərsizliyin daha incə formalarını və onların səbəblərini müəyyən etməyə yönəlib. Belə ki, xüsusən də qadınların kişilərlə müqayisədə internetdən daha az istifadə etdiyi, internet fəaliyyətinin daha dar diapazonuna malik olduğu və internet imkanlarını daha aşağı qiymətləndirdiyi müəyyən edilib. 2021-ci ilin göstəricilərinə əsasən, rəqəmsal bərabərsizliyin dünyada gender üzrə bölgüsü belədir: kişilər 62 %, qadınlar 57 faiz. Tədqiqatçıların fikrincə, qeyri-bərabərliyin bu formaları ənənəvi gender rollarının, maraqların və gözləntilərin təsiri ilə bağlıdır. Belə ki, bu məsələ ilə bağlı aparılan sorğu məlumatlarına əsasən, qadınlar İnternetdən daha çox ünsiyyət və sosial dəstək, təhsil və alış-veriş üçün, kişilər isə karyera qurmaq və ictimai-siyasi məlumat almaq üçün istifadə edirlər. 

Azərbaycanın regionları ərazinin növü, infrastrukturun mövcudluğu, təhsil səviyyəsi və əhalinin rəqəmsal bacarıqlarının mənimsənilməsi baxımından İnternetə çıxış imkanlarına görə fərqlənir. Qeyd etmək zəruridir ki, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyalarına Əlçatanlıq məsələsində müsbət tendensiya müşahidə olunur. Sabit telefon şəbəkəsi xidmətləri “Aztelekom” MMC və “Bakı Telefon Rabitə” (BTR) MMC, “Ultel” MMC, “Az-evro-tel” MMC, “Delta Telecom” LTD kimi və digər operatorlar tərəfindən təmin olunur. Aztelekom Bakı və Naxçıvan Muxtar Respublikası (NMR) istisna olmaqla bütün ölkədə fəaliyyət göstərir. BTR MMC simsiz texnologiyalar vasitəsilə aşağı gəlirli ərazilərə telefon və internet xidmətlərini təmin etmək məqsədilə LTE simsiz rabitə avadanlığını quraşdırıb. NMR-da 2015-ci ildə əsası qoyulmuş “NAXTEL” MMC mobil rabitə xidmətlərini təmin edir. Bir sıra ölkələr və ərazilərdən fərqli olaraq, Azərbaycanda sabit telefon xətlərinin sayı mobil və genişzolaqlı telefonların artmasına baxmayaraq azalmayıb.

Azərbaycanın mobil rabitə sistemi də inkişaf edib. Üç özəl şirkət mobil texnologiya üzrə qlobal sistemi (GSM), üçüncü nəsil mobil rabitə xidməti (3G) və dördüncü nəsil mobil rabitə xidmətini (4G) təklif edir. İkinci nəsil mobil rabitə xidmətinin (2G) əhatəsi hər tərəfə çatır, qabaqcıl mobil operator iddia edir ki, əhalinin 99,8 faizi mobil siqnal alır (5). Mobil telefonlara əlçatanlıq geniş yayılıb. Mobil telefon abunəçilərinin sayı 2021-ci ilin göstəricisinə görə (2020-ci illə müqayisədə) 4,6% artaraq cari ilin yanvarın 1-nə 10 milyon 817,1 min nəfər təşkil edib. 2021-ci ilin sonuna əhalinin hər 100 nəfərinə 108 mobil telefon abunəçisi düşüb ki, bu da bir il öncəki göstəricini 4 faiz bəndi üstələyir.

Azərbaycanda 40-a yaxın internet xidməti təminatçısı (İXT) olmasına baxmayaraq, faktiki olaraq, evlərə simli şəbəkə xidmətinin sonuncu milinə iki sabit xətt operatoru (“Aztelekom” MMC və BTR MMC) nəzarət edir. “Aztelekom” MMC və BTR MMC də İXT-lərindən istifadə edərək, sim xətli şəbəkələri üzərindən sabit genişzolaqlı ADSL xidmətini təmin edir. Hər ikisinin oxşar ADSL xidmət təklifləri mövcuddur və fiber-optik qoşulmanı təklif edirlər. Onlar demək olar ki, bazarın yarısını təşkil edir, qalan yarısına isə özəl İXT-lər xidmət göstərir. Üç mobil operator (Azərcell, Azərfon və Bakcell) 3G və 4G uzun müddətli təkamül (LTE) texnologiyasından istifadə edərək abunəçilərinə genişzolaqlı internet xidmətini təmin edir.  Sonuncu mobil genişzolaqlı şəbəkə texnologiyaları bütün üç mobil operatorda mövcuddur, baxmayaraq ki, əhatə dairəsi darzolaqlı mobil şəbəkə kimi geniş deyil. 3G mobil rabitə xidməti 2009-cu ildə işə salınıb, əhalinin 96 faizini əhatə edir. 4G/LTE 2015-ci ildə fəaliyyətə başlayıb, əhatə dairəsi təxminən əhalinin 40 faizinə çatır. Şəhər yerlərində əhatə dairəsi geniş olsa da, kənd zonalarında bu, məhduddur. Bununla yanaşı, 3G-nin əhatə dairəsi nisbətən genişdir, lakin 4G/LTE-nin əhatə dairəsi dünyanın müvafiq orta rəqəmindən aşağıdır.

Rəqəmsal bərabərliyin təmin olunmasında İnternetin əlçatanlığı böyük rol oynayır. Azərbaycanda hər 100 nəfərə düşən İnternet istifadəçinin sayı 85 nəfərdir. Dünya üzrə orta göstərici 63, o cümlədən Avropa üzrə orta göstərici 83 nəfərdir. İnternet istifadəçilərinin xüsusi çəkisi ilə yanaşı, digər iki amilə də nəzər yetirmək lazımdır. Bunlardan biri penetrasiya, yəni internetə çıxış almaq üçün texniki imkanlar, şəbəkənin fiziki əlçatanlığıdır. Bu kateqoriyaya daxil olan bəzi göstəricilər üzrə Azərbaycan dünya və Avropa ölkələri ilə müqayisə oluna bilər. Məsələn, 3G və daha yüksək şəbəkənin əhatə dairəsi 97 %-dən yuxarıdır. Dünya üzrə orta göstərici 93 %-ə bərabərdir. İkinci amil internetin sürətidir. Azərbaycanda sabit genişzolaqlı internet istifadəçilərinin təxminən 70 %-i şəbəkəyə ADSL texnologiyası ilə qoşulur. Fiber-optik kabel üzərindən qoşulma göstəricisi isə 19 %-dir. 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bildirir ki, ötən ilin sonuna qədər Azərbaycanda 3 şirkət üzrə 436 min ev təsərrüfatının müasir GPON (Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası istifadə edilməklə internet şəbəkəsinə qoşulmasına imkan yaradılıb. Bu dəyişməni “Speedtest” Qlobal İndeksi üzrə hesabatında görmək mümkündür. Belə ki, 2021-ci ilin mart ayında ölkəmizdə internetin (downloand) sürəti 12,5 Mbit/s olduğu halda 2022-ci ilin mart ayında bu göstərici 21,2 Mbit/s olub. Növbəti ildə daha 420 min ev təsərrüfatı eyni üsulla kabelləşdiriləcək. Ümumilikdə isə 2024-ci ilin sonuna qədər ölkə ərazisindəki bütün ev təsərrüfatlarının internetlə təmin edilməsi və internetin minimum sürətinin 25 mbps-ə çatdırılması hədəflənir. “Speedtest Global Index”inə görə, bu ilin mart ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə dünyada 119-cu yerdə qərarlaşıb ki, bu da fevral ayı ilə müqayisədə 3 pillə irəliləmə deməkdir. Ötən ay ölkədə sabit genişzolaqlı internetin orta sürəti 19,93 MB/S olub. Sabit genişzolaqlı internetin sürəti ilə bağlı dünyanın 182 ölkəsində araşdırma aparılıb. İlk yerdə Sinqapur (197,97 MB/S), sonuncu yerdə isə Əfqanıstan (1,83 MB/S) qərarlaşıb. Bundan başqa, cari ilin mart ayında Azərbaycan mobil internetin sürətinə görə digər ölkələr arasında 2 pillə geriləyib və 30,4 MB/S sürətlə 63-cü pillədə qərarlaşıb.

Ancaq regionlarda, xüsuilə də kənd və qəsəbələrdə İnternetin sürəti istənilən yüksək səviyyədə deyil. Asiya İnkişaf Bankının hesabatında bildirilir ki, Azərbaycanda İnternetdən istifadə səviyyəsi yüksək və qiymətlər aşağı olsa da, son mobil texnologiyaların əhatə dairəsi əsasən şəhər yerlərində mövcuddur və əksər sabit genişzolaqlı şəbəkə əlçatanlığı fiber-optik kabellərlə yox, ənənəvi mis xətlər vasitəsilə reallaşır. Bu, xüsusilə kənd yerlərində aşağı sürətlə nəticələnir və bəzi tətbiqlərin səmərəli istifadəsinə mane olur. Bununla yanaşı, hesabatda vurğulanır ki, Azərbaycan Hökumətinin İKT-ə dair Strateji Yol Xəritəsi ölkədə İKT-nin inkişafı ilə bağlı üzləşilən bir sıra əsas çağırışları aradan qaldırmaq məqsədi daşıyır (sektor üzrə tənzimləyicinin yaradılması, 4G/LTE üçün aşağı tezlikli spektrın ayrılması, magistral şəbəkə bazarında daha çox rəqabət). 

İnternet və Yüksək Texnologiyalar üzrə ekspert Əflatun Məmmədov hesab edir ki, rəqəmsal uçurumu, informasiya bərabərsizliyini aşağıdakı kriteryalar müəyyən edir:

1. Cəmiyyətin gəlir səviyyəsi, ailənin tərkibi, təhsilin səviyyəsi və s. görə parçalanaraq son nəticədə vətəndaşların müəyyən hissəsinin İnternet şəbəkəsindəki informasiyaya müraciətinin çətinliyi;

2. Elm, mədəniyyət, təhsil, tibb və digər sahələrdə informasiyaya çıxışın səviyyəsinə görə əhalinin müxtəlif sosial qruplarında İKT-dən istifadəsində yaranan fərqlilik;

3. İKT-dən istifadə edilməsi imkanlarının müxtəlifliyindən yaranan sosial təbəqələşmənin yeni növü;

4. İnformasiya strukturlarının, vasitələrinin və proseslərinin müqəddəratlarını, onların vətəndaşlar arasında vətəndaş hüququ və maddi rifah məsələlərində qeyri-bərabər paylanması;
 

Ə.Məmmədov düşünür ki, yuxarıda sadalanan istiqamətlərdə hökümətlərin və sosial mühitin rəqəmsallaşdırılması, o cümlədən “ağıllı” və “asan” regional layihələr üzrə həyata keçirdiyi texniki siyasət planı rəqəmsal uçurumu aradan qaldırır, ölkə iqtisadiyatına yaxından transformasiyanı təmin edir. Bu qəbildən, İKT bütövlükdə iqtisadiyyatın və eləcə də sahibkarlıq fəaliyyətlərinin, ticarət əməliyyatlarının genişləndirilməsində çox önəmli yeri vardır. Ekspertin fikrincə, dövlət xidmətlərinin bu üsulla rəqəmsallaşdırılma siyasəti bu sahədə rəqəmsal bərabərsizliyi (uçurumu) aradan qaldıracaq, rəqəmsal transformasiya proseslərini sürətləndirəcək, onun iqtisadiyyata dərindən inteqrasiyasını təmin edəcəkdır.

Bu gün bəşəriyyətin 15%-i demək olar ki, dünyanın bütün texnoloji yeniliklərini yaradır, təxminən yarısı onları qəbul edib mənimsəməyi bacarır, qalan üçdə biri isə, ümumiyyətlə, bu proseslərdən kənarda qalıb. Belə davam edərsə, zəngin və savadlı xalqlar daha da zəngin və savadlı, yoxsullar isə daha da kasıb və zəif inkişaf edəcəklər. Əgər bəşəriyyət rəqəmsal uçurumu vaxtında aradan qaldıra bilməsə, nəhəng imkanlarla dolu yeni texnologiyalar cəmiyyətin daha da differensiallaşmasına səbəb olacaq. Sakinləri bu qədər müxtəlif rifah səviyyələrinə malik olan planetdə isə uzunmüddətli sabitlik və sülh ola bilməz. 

İnkişaf etmiş ölkələrdə, bir çox inkişaf etməkdə olan ölkələrdə olduğu kimi, gündə bir dollarla yaşamağı təsəvvür edə bilmirlər. Qərbin tox və razı insanı “üçüncü dünya” ölkələri üçün belə deyə bilər: “Elektrik yoxdur. İstilik sistemi yoxdur. Bu insanlar yaşamır, ancaq sağ qalmağa çalışırlar. Onlara fərdi kompüter lazım deyil”. Ancaq belə texnoloji eqoizm dünyada rəqəmsal uçurumun daha da dərinləşməsinə səbəb olur. Beynəlxalq konfransların birində “Microsft” şirkətinin sahibi Bill Qeytslə bu məsələdə mübahisə edən Banqladeşin ilk mobil telefon şirkətinin qurucusu İqbal Kvadir deyir ki, adi insanlar azad və məlumatlı olmalıdırlar: “Əgər insanların özlərinə qayğı göstərə biləcəkləri bir mühit yaratsaq, onlar öz problemlərinin həllini taparlar”. Göründüyü kimi, problem həqiqətən mürəkkəbdir, lakin elmi və texnoloji tərəqqinin nailiyyətlərindən istifadə etməklə onu həll etməyin başqa yolu da yoxdur. İnsanların rifah səviyyəsini yalnız əmtəə və xidmətlərin istehsalı üçün yeni texnologiyalar vasitəsilə yüksəltmək mümkündür və texnologiyalar, qeyd etdiyimiz kimi, kompüterlərin istifadəsinə, İnternetin və onun sürətinin, eyni zamanda, zəruri infrastukturun olmasına əsaslanır.

Reallıq budur ki, kompüter texnologiyalarına çıxışı olanlarla belə imkandan məhrum olanlar arasındakı uçurum cəmiyyətin müxtəlif sahələrində özünü göstərir. İnternetdən müntəzəm istifadə edən vətəndaşların informasiya azadlıq dərəcəsi də artır. Buna görə də, demokratik dövlətdə qlobal şəbəkəyə universal çıxış ictimai sərvət kimi tanınır. Eyni zamanda, İnternetin rolunu pulsuz və ictimai kitabxanaların rolu ilə müqayisə etmək olar və ondan sərbəst istifadə etmək imkanı həm “sosial inteqrasiya” səviyyəsinin artmasına, həm də rəqəmsal savadlılığın təmin olunmasına imkan verən amilə çevrilir. 

Əlbəttə, informasiya və texnoloji inqilabın gətirdiyi üstünlükləri uzun müddət sadalamaq olar. Hər gün müxtəlif problemlərin həllində internetdən istifadənin yeni istiqamətləri ortaya çıxır. Buna görə də, anlamaq vacibdir ki, gözümüzün qarşısında iki sinifdən ibarət yeni bir cəmiyyət yaranır: müxtəlif biliklərə sahib olan, yeni məhsul və xidmətlər yaradan və istehlak edən savadlı vətəndaş sinfi və aşağı ixtisaslı, az təhsilli və aztəminatlı vətəndaş sinfi. Bəşəriyyətin tarixi təcrübəsindən göründüyü kimi, bu cür qarşıdurma cəmiyyətin sabit inkişafına ciddi təhdidlər yaradır. Buna görə inkişaf etmiş ölkələr həm vətəndaşları, həm də texnoloji inkişafın aşağı səviyyələrində olan ölkələrin sakinləri üçün rəqəmsal bərabərsizlik probleminin həllini tapmağa çalışırlar. Rəqəmsal dövr çox sürətlə və gözlənilməz şəkildə dəyişir və bir çox ölkələrdə bu dəyişikliklərə adekvat reaksiya göstərməkdə çətinlik çəkirlər. Buna görə də, inkişaf etmiş ölkələrdə daha mobil rəqəmsal iqtisadiyyatın inkişafı prioritet istiqamət təşkil edir. Ona görə də, inkişaf etməkdə olan ölkələrdə rəqəmsal uçurumu həll etmək üçün investisiyaların həcminin artırılması strateji məsələyə çevrilir. 

Rəqəmsal uçurumla mübarizədə ciddi maneələr arasında insanların rəqəmsal savadlılığının aşağı səviyyəsi, həmçinin veb-resursların əlverişsiz və anlaşılmaz interfeysi qeyd edilir. Məsələn, ExperienceFutures.org-un təsisçisi Hovard Payl (müxtəlif təşkilatlara öz veb-resurslarını daha əlçatan etməyə kömək edir) qeyd edir ki, bu gün mövcud olan mobil saytların və proqramların əksəriyyəti onlardan necə istifadə edəcəyini təxmin edə bilən insanlar üçün nəzərdə tutulub. Bununla belə, bütün digər istifadəçilər, o cümlədən yaşlılar, mobil cihazların müəyyən onlayn resurslara girişə həmişə icazə vermədiyi üçün çətinliklərlə üzləşirlər. Ekspert əmindir ki, texnologiyalar kifayət qədər çevik olmalı və müxtəlif ehtiyacları olan insanlar üçün uyğunlaşdırılmalıdır. 

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz düşünür ki, ölkədə rəqəmsal bərabərsizlik özünü Bakı ilə regionlar arasında göstərir. Bakıda yüksək texnologiyalara əlçatanlıq yüksəkdir, ancaq regionlarda bununla bağlı hələlik problemlər var. Ancaq qeyd etmək lazımdır ki, problemlərin aradan qaldırılması istiqamətində işlər gedir. Məsələn, region əhalisinin yüksək sürətli İnternet texnologiyalarına əlçatanlığı məqsədilə regionlarda böyük kommunikasiya infrastrukturu qurulur və bu proses  iki il müddətində başa çatmalıdır. O.Gündüzün sözlərinə görə, keyfiyyətli və sürətli İnternet xidməti yaradılandan sonra şəhərlə regionlar arasında fərqin aradan qalxacağı gözlənilir.

Eyni zamanda, O.Gündüz regionlarda elektron rəqəmsal xidmətlərə əlçatanlıqla da bağlı problemin olduğunu düşünür. Onun fikrincə, bu əlçatanlıq problem həm İnternetlə, həm də rəqəmsal savadlılıqla əlaqəlidir. Elektron xidmətlərdən yararlanmaq üçün əhalinin rəqəmsal savadlılığı olmalıdır. Buna görə də, rəqəmsal savadlılığlla problemi aradan qaldırmaq üçün böyük işlər aparılmalıdır. Xüsusilə də kəndlərdə, qəsəbələrdə bu istiqamətdə maarifləndirici proqramlar həyata keçirilməlidir. Monitorinqlər göstərir ki, dövlət tərəfindən böyük vəsait hesabına yaradılmış rəqəmsal xidmətlərdən istifadə səviyyəsi Bakıda 100 faiz, regionlarda isə 5 faiz təşkil edir. Regionlarda elektron xidmətlərdən istifadə səviyyəsinin aşağı olması da rəqəmsal savadlılıqla bağlı olan problemdir. O.Gündüz hesab edir ki, bu problemə diqqətin artırılması vacibdir, əks təqdirdə rəqəmsal uçurum getdikcə dərinləşə bilər.

Rəqəmsal uçurumun aradan qaldırılmasına, ekspertlərin fikrincə, mobil rabitənin baha olması da mane olur. Qiymətlər düşür, lakin bu proses çox ləng gedir. Bu barədə BTİ və Əlverişli İnternet Alyansının (A4AI) birgə araşdırmasında bildirilir. Belə ki, 2020-ci ildə mobil internetin orta qlobal qiyməti 0,2 faiz azalaraq adambaşına düşən aylıq ümumi milli gəlirin (ÜMİ) 1,7%-nə çatıb (11). Bu rəqəm rəqəmsal uçurumun aradan qaldırılması üçün 2010-cu ildə BTİ və YUNESKO tərəfindən yaradılmış BMT-nin Dayanıqlı İnkişaf üzrə Genişzolaqlı Komissiyasının qarşıya qoyduğu hədəfə uyğundur. Beləliklə, 2025-ci ilə qədər inkişaf etməkdə olan ölkələrdə həm mobil, həm də stasionar internet üçün 1 GB məlumatın qiyməti adambaşına düşən aylıq ÜDM-in 2%-dən çox olmamalıdır. Bunun əksinə olaraq, 2020-ci ildə əsas sabit genişzolaqlı xidmətlərin qiyməti ÜDM-in 2,9%-i səviyyəsində hədəfdən yüksək olub.

Ümumi qəbul edilir ki, infrastrukturun və təlim sistemlərinin inkişafı informasiya cəmiyyətinin inkişafını təmin edəcək. Bununla belə, milli informasiyalaşdırma proqramının həyata keçirilməsinin zəruri şərti əhalinin informasiya hazırlığı, onun informasiya mədəniyyətinin yüksək səviyyəsidir. Əhalinin hazırlıqsızlığı informasiya cəmiyyətinin inkişafında ciddi maneəyə çevrilir. Azərbaycanın bu sahədə mühüm problemi əhalinin təkcə İKT-dən istifadəyə deyil, həm də bilikdən istifadəyə hazır olmaması, ondan istifadə edə bilməməsi (və ya istəməməsi) ilə bağlıdır. Bu artıq bir aksiomadır ki, texnologiyanın maya dəyərinin azalması və infrastrukturun inkişafı ilə rəqəmsal uçurum əhalinin informasiya mədəniyyətindən asılıdır. 

Mütəxəssislərin fikrincə, rəqəmsal uçurumu azaltmaq üçün əsas fəaliyyət sahələrinin sayına aşağıdakıları daxil etmək olar:

1. İctimai rəyin formalaşdırılması, o cümlədən təkliflərin ümumiləşdirilməsi əsasında açıq müzakirələrin, ictimai məruzələrin keçirilməsi; ictimai rəy sorğularının təşkil edilməsi

2. Əhalinin informasiya cəmiyyətində yaşamağa və işləməyə hazırlığının monitorinqinin təşkili

3. Əhalinin həssas qrupları, ilk növbədə, əlillər, qocalar, miqrantlar üçün elektron formada təlim-tədris sisteminin işlənib hazırlanması və həyata keçirilməsi
 

Bu sahələrdə işin təşkili maraqlı sosial qüvvələrin tərəfdaşlıq səyləri ilə yaradılmış qarışıq maliyyələşdirmə formasında reallaşdırıla bilər. Təbii ki, ümumi rifah üçün məsuliyyət dövlətin üzərinə düşür, lakin postsənaye cəmiyyətdə iqtisadi fəaliyyətin bütün iştirakçılarının qarşılıqlı sosial məsuliyyəti artır. Dünya ekspertlərinin fikrincə, bilik cəmiyyətinin inkişafında əsas rolu əhalinin getdikcə daha geniş dairələrini İKT dünyasına cəlb etməyə imkan verən təhsil, yenidən hazırlıq və yeni informasiya həyat tərzinin təbliği oynamalıdır. Bununla razılaşmamaq çətindir, lakin Azərbaycana da əhalinin informasiya savadlılığının və mədəniyyətinin yüksəldilməsi proqramı lazımdır. 

Aydındır ki, dövlət səviyyəsində kömək olmadan regionlarda informasiya savadsızlığını aradan qaldırmaq mümkün deyil. Bununla belə, bu sahədə dövlət informasiya siyasətinin işlənib hazırlanması vəzifəsi mühüm problemlə - bərabərsizliyin kəmiyyətcə ölçülməsi problemi ilə üzləşir. Sual oluna bilər: biz nəyi bərabərləşdirmək istəyirik və bərabərsizliyin aradan qaldırılması dərəcəsini necə ölçməliyik? Mütəxəssislərin fikrincə, rəqəmsal uçurumun ölçülməsi üsullarını hazırlayarkən yerli xüsusiyyətləri nəzərə almaq zəruridir. Azərbaycan cəmiyyətində keçmiş sovet elmi-texniki ziyalılarının əhəmiyyətli təbəqəsi var, onların da informasiya tələbatı yeni biliklərə olan şəxsi ehtiyaclar əsasında formalaşır. İnkişaf etmiş ölkələrdə belə bir təsir yoxdur və buna görə də rəqəmsal uçurumun qiymətləndirilməsi üçün xarici üsullar Azərbaycanda sosial proseslərin öyrənilməsi üçün həmişə tətbiq olunmur.

Bir sıra ölkələrdə rəqəmsal bərabərliyin təmin olunması üçün maraqlı təlim-tədris layihələri həyata keçirirlər. Məsələn, 2014-cü ildə “Rostelecom” və Rusiya Pensiya Fondu (PFR) pensiyaçılara kompüterdən istifadə etməyi öyrətməkdə əməkdaşlıq haqqında müqavilə imzalamışdılar. Müqavilənin məqsədi kompüter savadının öyrədilməsi və internetdə işləmək yolu ilə həyat keyfiyyətinin yüksəldilməsi, eləcə də yaşlı nəslə elektron formada dövlət xidmətlərinin alınmasına köməklik göstərməkdən ibarət olmuşdu. Müqavilənin icrası çərçivəsində “Rostelecom” və Rusiya Federasiyasının Pensiya Fondu yaşlı nəsil istifadəçiləri üçün “İnternet Əlifbası” adında tədris təlimatı hazırlamışdılar. Təlimat pedaqoqlar, gerontoloqlar (Gerontologiya insanın qocalmasını və bu qocalmaya qarşı mübarizə metodunu öyrənir-müəllif) və İT mütəxəssisləri tərəfindən tərtib edilmişdi. 

Kursun proqramı daim təkmilləşir, dərslik yeni modullar və müvafiq məlumatlar ilə tamamlanır. Təlimat kompüterdə və İnternetdə işləyərkən özünütəlimat kimi istifadə edilə bilər, həmçinin bütün Rusiya ərazisində keçirilən pensiyaçılar üçün ixtisaslaşdırılmış kompüter savadlılığı kursları üçün dərslik kimi istifadə edilə bilər. Təlimatın elektron versiyasını saytdan yükləmək mümkündür. Burada əyani vəsaitlər, dərsliyin hər bir mövzusu üzrə təqdimatlar, faydalı keçidlər, yaşlı insanların tədrisinin xüsusiyyətlərinə dair metodiki tövsiyələr, dərslər üçün lazımi texniki avadanlıqlar da dərc olunur. 

Rusiyanın bir sıra bölgələrində yaşlı nəslin nümayəndələrindən və onların nəvələrindən ibarət ailə komandalarının iştirakçı ola biləcəyi ilk “İT-ailə” müsabiqəsi də keçirilir. Yaşlı nəslin nümayəndələri övladları və nəvələri ilə birlikdə İnternet savadlılığını artırır, tapşırıqları birlikdə yerinə yetirir və mükafatlar alırlar. Bu cür müxtəlif təlim formatları müxtəlif səviyyəli kompüter bilikləri, müxtəlif maraqları, imkanları, gəlirləri və ailə tərkibi olan müxtəlif insanların proqrama qoşulmasına imkan yaradır. Bütün bunlar auditoriyanı genişləndirməyə, getdikcə daha çox insanı təlim prosesinə cəlb etməyə imkan verir. Zənnimcə, bu praktikadan geniş istifadə etmək olar. Xüsusilə də “İT-ailə” seminar-müsabiqələrin regionlarda keçirilməsi rəqəmsal savadlılığın artırılmasına öz müsbət təsirini göstərə bilər. Eyni zamanda, yaşlı nəslin nümayəndələri üçün “İnternet əlifbası” adlı təlimat kitabçasının hazırlanmasının və zəruri veb-sayt üzərindən paylaşılmasının regionlarda rəqəmsal biliklərin artırılmasına müsbət təsir göstərəcəyini düşünürəm.

Rəqəmsal bərabərliyin təmin edilməsinə yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən tanınmış şirkərlər də yardım göstərirlər. Məsələn, ABŞ-ın transmilli şirkəti “Cisco” hesab edir ki, İnternetə qoşulmuş cihazların, rəqəmsal obyektlərin və onlayn xidmətlərin sayı artdıqca rəqəmsal fərq də artır və rəqəmsallaşmanın həqiqətən inklüziv olması üçün yüksək texnologiyalı şirkətlər, dövlət qurumları, tədqiqat institutları və təhsil müəssisələri üç istiqamətdə işləməlidirlər:

1 .Rəqəmsal bərabərsizliyin aradan qaldırılması daha az inkişaf etmiş ölkələrdə, kənd yerlərində və az məskunlaşan ərazilərdə simsiz internetin yeni 5G və Wi-Fi 6 texnologiyalarının quraşdırılması. PwC-ya görə, qoşulmayanın qoşulması qlobal iqtisadiyyata 6,7 trilyon dollar əlavə edəcək və 500 milyon insanın yoxsulluqdan çıxmasına imkan verəcək

2. İnternet iqtisadiyyatının yenidən qurulması. İnternet trafiki hər il 35%-dən çox artır, avadanlıqlara xərclənən hər dollar üçün əməliyyat xərcləri orta hesabla 5 dollar təşkil edir. Yeni prosessorlar, sistemlər, optik ötürmə xətləri və proqram təminatı ilə yeni, daha qənaətcil və səmərəli şəbəkələrə ehtiyac var. Onlar ümumi xərcləri 46%, enerji sərfiyyatını isə 33-50% azalda biləcəklər

3. İnternet bacarıqların inkişafı. Hazırda on işdən doqquzu əsas rəqəmsal bacarıq tələb etsə də, yaşlı əhalinin 23%-i hələ də rəqəmsal savadsızdır. Cisco Şəbəkə Akademiyasında dövlət-özəl əməkdaşlıq və qeyri-kommersiya proqramları sayəsində 12,6 milyon insan rəqəmsal təhsil alıb
 

Cisco İllik İnternet Hesabatına görə, 2023-cü ildə 29300 milyon cihaz internetə qoşulacaq və internet istifadəçilərinin sayı 5,3 milyard nəfərə və ya dünya əhalisinin 66%-nə çatacaq. Növbəti milyardı birləşdirmək üçün “Cisco” dövlət qurumları ilə birlikdə CDA proqramı çərçivəsində yüzlərlə təşəbbüsləri təşviq edir.

Beləliklə, belə qənaətə gəlmək olur ki, rəqəmsal uçurumun aradan qaldırılması üçün təhsil müəssisələrinin, səhiyyə müəssisələrinin, dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının müasir rəqəmsal rabitə xidmətləri ilə 100% təmin edilməsi zəruridir. Bununla yanaşı, mütəxəssislərin fikrincə, rəqəmsal uçurumun aradan qaldırılması üçün təkcə onlayn deyil, həm də oflayn əlçatanlıq təmin edilməlidir. Bu model yaşlı insanlar və əlillər üçün xüsusi əhəmiyyət kəsb edir ki, bu da qanunvericilik və icra hakimiyyəti orqanları üçün prioritet məsələyə çevrilməlidir. 

Səbuhi MƏMMƏDOV,

“Xalq qəzeti”

İKT