Azərbaycan Hərb Tarixi Muzeyində Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi və Abbas Mirzə Şərifzadə adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Ordusunun 105 illik yubileyinə həsr olunmuş “Zəfərin qazanılmasında Heydər Əliyev ideyaları” adlı yubiley konfransı keçirilib.
Toplantıda Azərbaycan Ordusunun yaranması və inkişaf tarixinə həsr edilmiş məruzə ilə çıxış edən muzeyin rəisi polkovnik Əzizağa Qənizadə Azərbaycanın müasir Ordusunu müstəqil dövlətimizin memarı və qurucusu olan ulu öndər Heydər Əliyevin formalaşdırdığını bildirib. O qeyd edib ki, bu gün Azərbaycanın peşəkar hərbçi kadrlardan ibarət, güclü maddi-texniki bazaya, müasir texnika və silahlara malik olan nizami ordusu var.
Tədbirdə Ümummilli liderin ordu quruculuğu ilə bağlı başladığı işlərin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirildi. Qısa vaxtda Cənubi Qafqazın ən güclü ordusuna çevrilmiş Azərbaycan Ordusunun cəmi 44 gün ərzində 30 illik işğala son qoyaraq, torpaqlarımızı düşmən tapdağından azad etməklə, böyük Zəfər qazandığı qeyd olundu.
Gənclərin maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədri Aynurə Salmanlı Azərbaycan Ordusunun yaradılmasının 105-ci ildönümünü hər kəsin iftixar hissilə qeyd etdiyini vurğuladı: “Azərbaycan dövlətçiliyinin təhlükəsizliyinin təminatçısı olan Silahlı Qüvvələrimiz bu gün döyüş hazırlığı sahəsində öz qüdrətini daha da möhkəmləndirir”.
Şərifzadə adına Mədəniyyət Mərkəzi üzvlərinin ifasında təqdim olunmuş bayram konsertindən sonra Azərbaycan Modelistlər Klubunun üzvləri İlqar İsmayılov, Fuad Paşayev və Namiq Bəşirov tərəfindən hazırlanmış texikalardan ibarət “Zəfər festivalı” adlı sərgi nümayiş etdirildi.
Leyla QURBANOVA, “Xalq qəzeti”