Dahi siyasətçi və böyük dövlət xadimi Heydər Əliyevin şərəfli ömür yolu heç də həmişə hamar olmayıb. Çox böyük çətinliklərlə, hətta ölüm təhlükəsi ilə üz-üzə qaldığı anlarda belə Ulu öndər öz qürurunu, səbr və təmkinini pozmayıb, ən düzgün qərarlar qəbul edib. Sovetlər Birliyində yüksək vəzifələrdə olarkən, həmçinin sonralar müstəqil Azərbaycan Respublikasına rəhbərlik edərkən, ona qarşı edilən haqsızlıqlara, ədalətsizliklərə necə sinə gərdiyini müxtəlif görüşlərdə, müsahibələrdə, iclaslarda tam təfsilatı ilə diqqətə çatdırmışdır. Onlardan bəzilərini oxuculara təqdim edirik.
“Azərbaycan mənim ürəyimdir”
Ulu öndər Heydər Əliyevin Azərbaycanı necə sevdiyini duymaq üçün Prezident seçilməsi münasibətilə “Gülüstan” Sarayında təşkil olunmuş mərasimdəki nitqindən kiçik bir epizoda diqqət edək:
– Azərbaycan mənim ürəyimdir. Azərbaycan mənim nəfəsimdir. Azərbaycan mənim həyatımdır. Azərbaycan haqqında hər bir vətəndaş öz ürək sözlərini deyə bilər. Mənim ürəyim daim öz doğma Vətənim Azərbaycanla bağlı, Azərbaycan haqqında hissiyyatlarla dolu olubdur. Bu hissiyyatları sözlə demək mümkün deyildir. Hətta böyük şairimiz Səməd Vurğunun dediyi sözlər də bunun hamısını əhatə etmir. Ancaq şerə ehtiyac olduğuna görə Səməd Vurğunun sözlərini bir daha təkrar etmək istəyirəm:
El bilir ki, sən mənimsən.
Yurdum, yuvam məskənimsən.
Anam, doğma Vətənimsən.
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!
“Hər şeydən çox torpağımı, xalqımı sevirəm”
Heydər Əliyev həyatının ən ağır anlarını “Oqonyok” jurnalına verdiyi müsahibədə (19 may 1996-cı il) belə xatırlamışdı:
– Həyatınızda ən ağır məqam hansı olmuşdur?
– Həyatımın ən ağır dövrü Naxçıvanda olmuşdur. Azərbaycana qayıtmağım qeyri-adi xarakter daşıyırdı. Mənim qayıtmağıma Azərbaycanda da mane olurdular, Moskvada Sovetlər İttifaqının rəhbərləri də mane olurdular. Moskvada məndən ötrü, ümumiyyətlə, dözülməz şərait yaradılmışdı. Mən, əslində, cəmiyyətdən təcrid edilmişdim, ciddi nəzarət altında idim, ev dustağı idim. Mənə Bakıda da çətin idi. Naxçıvana getməli oldum. Orada da asan deyildi. Birincisi, bu respublika özü blokada vəziyyətində idi. Paytaxtla və Azərbaycanın digər bölgələri ilə normal əlaqə yox idi. Blokada vəziyyəti bir çox mühüm həyati amillərin olmamasını da şərtləndirmişdi – elektrik enerjisi yox idi, su, qaz çatışmırdı. Vaxtilə Naxçıvana da, Dağlıq Qarabağa da qazı mən çəkdirmişdim. İlk vaxtlar yaşamağa yerim də yox idi, qohumlarımın yanında qalırdım, mənzil şəraiti çox çətin idi. Mən orada bir ildən çox adi sakin kimi yaşadım. 1991-ci ilin sentyabrında isə xalq qalxdı və tələb etdi ki, mən Naxçıvan Respublikasının Ali Sovetinə başçılıq edim. Yəni, əslində, respublikanın başçısı olum. Düzünü deyirəm, mən bunu heç də istəmirdim. Lakin bir neçə gün böyük mitinqlər keçirildi, məni razı salmaq istəyirdilər. Sonra hiss etdim ki, Naxçıvan xalqı üçün həyatın ən ağır dövründə bu yükü öz üzərimə götürməliyəm. Lakin hətta bu ağır həyatda da mən özüm üçün maraqlı və sevindirici olan çox şey tapırdım, yenə də keçmiş əlaqələrimdən istifadə edirdim. İran və Türkiyə ilə əlaqə yarada bilmişdim. Biz Araz çayı üzərində körpü tikdik, bu, böyük hadisə idi, çünki qısa bir müddətdə, əslində, həyat yolu yaratmışdıq. İrandan elektrik xətti çəkdik… Mən bir çox başqa işlər də görə bildim. Sonra məni Bakıya çağırdılar. Burada artıq vətəndaş müharibəsi gedirdi, bir-birinə atəş açırdılar, hərənin öz silahlı dəstəsi var idi. Qayda-qanun yaratmaq üçün mənə iki il yarım vaxt lazım gəldi. İndi iki ilə yaxındır ki, xalq əmin-amanlıqda yaşayır. Bəli, insanlar dörd ildir, çadırlarda yaşayırlar. Siz həmin düşərgələrdə olmuş, qaçqınların vəziyyətini görmüsünüz. Bəli, ağırdır, son dərəcə ağırdır. Lakin bir var, müharibə gedir, bir də var ki, müharibə yoxdur. Tabutlar gətirmirlər, qalan işlərin öhdəsindən gələ bilərik.
– Siz həyatda nədənsə qorxursunuzmu?
– Mən indi heç nədən qorxmuram, o zaman da heç nədən qorxmamışam. Buraya gələndə başa düşürdüm ki, ölüm təhlükəsi var. Bu, məni qorxutmadı.
– Siz ən çox nəyi sevirsiniz?
– Bilirsiniz, mən özümü siyasi fəaliyyətə, öz xalqıma, respublikama həsr etmiş adamam. Respublikamı çox sevirəm. Nə qədər təmtəraqlı səslənsə də, mən hər şeydən çox torpağımı, xalqımı sevirəm. Öz Azərbaycan Respublikamı sevirəm. Axıra qədər də onunla bir yerdə olacağam. O ki qaldı şəxsi həyatıma, hər bir adam kimi, mənim də bağlı olduğum şeylər var. Lakin bu, təkcə mənə və yaxın adamlarıma aiddir.
– İndiyədək yaşadığınız həyata yekun vurularsa, başlıca hadisə nə olardı?
– Bilirsiniz, mən bu sual barədə heç vaxt düşünməmişəm, ona görə cavabım o qədər də dəqiq görünməyə bilər. Başlıca hadisə... Buna da müxtəlif cür yanaşmaq olar. Şəxsi həyatımda evlənməyim, qızımın, oğlumun dünyaya gəlmələri başlıca hadisə olubdur. Siyasi fəaliyyətimdə isə həyatımda olanlar mənim iradəmdən asılı olmayaraq baş veribdir. Məsələn, məni Siyasi Büronun üzvü, Azərbaycanın rəhbəri seçmiş, o cür böyük ölkənin Nazirlər Soveti Sədrinin birinci müavini təyin etmişdilər. Azərbaycanın tarixində belə şey olmamışdı. Ona görə də bu, xalqım üçün tarixi hadisə idi ki, onun övladı belə yüksəyə qalxmışdı. Lakin deyə bilmərəm ki, bu, o zaman məndən ötrü böyük sevindirici hadisə idi. Mən hətta oraya getmək istəmir, müqavimət göstərirdim, Respublikadan ayrılmaq məndən ötrü çətin idi. İndi bunların hamısını, bütün həyatımı təhlil edəndə görürəm ki, hər halda bir başlıca hadisə var, o da budur ki, mən Azərbaycanın müstəqilliyini təmin edə bilmişəm. Onu daxili çəkişmələr alovunda, dağıntılar və qan içində məhv olmağa qoymamışam.
Yarım əsr sonra görüş
1982-ci ildə – o vaxt Azərbaycanın başçısı idim, – məni Moskvaya dəvət edib Siyasi Büronun üzvü və Baş nazirin birinci müavini vəzifəsinə təyin edən zaman Türkiyə qəzetləri böyük sevinclə fotoşəkillərimi vermiş və yazmışdılar ki, Kreml sarayının başında bir türk oğlu yüksəldi. Bəli, bu, bizi - azərbaycanlıları, türkləri, müsəlmanları çox sevindirdi…
Ancaq düşmənlərimizi kədərləndirdi. Mən beş il orada çalışandan sonra məcburi istefaya getdim. Mənim əleyhimə, o cümlədən erməni düşmənlərimiz tərəfindən müxtəlif təxribatlar, fitnələr və yalanlar, böhtanlar edilirdi. Moskvada üç il ağır bir şəraitdə yaşayandan sonra öz Vətən torpağıma, Azərbaycana dönməyi qərara aldım. Gəldim Bakıya. Təəssüflər olsun ki, orada da namərdlər, nadürüst insanlar mənim yaşamağıma imkan vermədilər. Buraya, Naxçıvana gəldim. Burada məni qucaqladılar, qoyunlarına aldılar, burada məni yaşatdılar.
Bu hekayəti ona görə deyirəm ki, mən o ağır dövrdə Naxçıvana gəldim. Burada bacım yaşayırdı, onun kiçik komasında yerləşdim. Məni sayan adamlar gəlib görüşür, kiçik bir həyətdə, demək olar ki, səhərdən axşama kimi məni ziyarət edirdilər. Mənim müəllimim Lətif Hüseynzadə gəldi. O qədər sevindim ki! Çünki ondan 39-cu ildə ayrılmışdım, bu isə 90-cı il idi. Oturduq, çox söhbət etdik. Mən onun o vaxt dediyi sözləri sizə bildirmək istəyirəm. Dedi ki, əzizim Heydər, sən çalış ki, erməni düşmənlərimizin burada qarşısını al, Naxçıvana təcavüzə imkan vermə. Çünki 18-ci ildə onlar Naxçıvana hücum etdilər, əgər türk ordusu buraya gəlməsəydi, Kazım Qarabəkir paşanın ordusu Naxçıvana gəlməsəydi hamımızı qıracaqdılar. Bu, mənim gözümün qabağında olan hadisədir. Yəni 1990-cı ildə Lətif müəllim, Lətif Hüseynzadə 1918-ci ili yadına saldı və o illərin şahidi olaraq mənə bir ağsaqqal, müəllim kimi öz tövsiyələrini verdi. Mən ona dedim: Əziz müəllimim, mən böyük həyat yolu keçmişəm. Bu gün Naxçıvana məcburiyyətdən gəlmişəm, amma eyni zamanda gəlmişəm ki, sizinlə bir yerdə olum, bərabər olum, öz həmvətənlərimlə bir yerdə olum və vətənimi qoruyum. Əgər qoruya bilərəmsə - qoruyacağıq, qoruya bilməyəcəmsə - hamımız bir yerdə şəhid olacağıq.
(13 oktyabr, 1999-cu il)
(ardı var)
(əvvəli:
https://xalqqazeti.az/sosial-heyat/128056-heyder-eliyev-dersleri
https://xalqqazeti.az/sosial-heyat/127963-heyder-eliyev-dersleri
https://xalqqazeti.az/sosial-heyat/127829-heyder-eliyev-dersleri
https://xalqqazeti.az/sosial-heyat/127148-heyder-eliyev-dersleri)
Təqdim etdi:
Faiq SADIQOV, Əməkdar jurnalist