Prezident Əbülfəz Elçibəy iyunun 17-dən 18-nə keçən gecə xəlvəti, heç kəsə, o cümlədən də mənə xəbər vermədən təyyarə ilə Bakıdan çıxıb getmişdir. Halbuki, təyyarə Bakıdan uçmamışdan bir saat əvvəl biz bir yerdə idik. Yalnız səhər bizə məlum oldu ki, onun təyyarəsi Naxçıvana enmişdir. Buradan Prezidenti Xalq Cəbhəsinin üzvləri dağ kəndi Kələkiyə aparmışlar.
Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyul ayında “Ostankino” Dövlətlərarası Televiziya Şirkətinə verdiyi müsahibədən
Dövlət müstəqilliyimizin ilk illərində yaşadığımız tarixi proseslərdən ötən hər il, hər ay bizə imkan verir ki, o günlərdə baş verənləri bir daha dərindən analiz edək, faktlara yenidən nəzər salaq və xalqın tarix qarşısındakı xidmətlərini layiqincə qiymətləndirə bilək. Əslində Azərbaycan xalqının xidmətləri otuz ildir ki, daim qədirbilənliklə yada salınır və yüksək qiymətləndirilir. Ancaq o xidmətin miqyası o qədər böyükdür ki, nəinki hər il, hətta hər gün xatırlasaq, yenə də azdır.
Bəlkə də oxuculardan kimsə belə sual verə bilər ki, konkret fakt – Prezident səlahiyyətlərinin Heydər Əliyevə verilməsinin otuz illiyi münasibəti ilə qələmə aldığımız sətirləri nə üçün xalqın tarix qarşısındakı xidmətlərini yada salmaqla başlayırıq. Çünki bugünkü qüdrətli Azərbaycan dövlətinin bütün uğurları məhz həmin ağır günlərdə xalqın doğru seçim etməsinin nəticəsidir.
Heç kəs unutmayıb, Kreml Bakıda 20 Yanvar faciəsini törədəndə Əbdürrəhman Vəzirov öz vəzifə kürsüsünü qoyub Moskvaya qaçmışdı. Başqa ölkələrdəki himayədarlarına güvənən Ermənistan rəhbərliyi Xocalı soyqırımını törədəndə, Ayaz Mütəllibov həmin addımı təkrarlamışdı. Gəncə hadisələrindən, vətəndaş müharibəsinin başlanmasından sonra isə Əbülfəz Elçibəy Kələkiyə qaçdı. Bu tendensiya düşməni güldürür, dostlarımızı və xalqımızı isə üzürdü. Heydər Əliyevin xalqın israrlı çağırışlarına müsbət cavab verərək, siyasi hakimiyyətə qayıtması məhz həmin utanc dolu faktlara da son qoymuşdu.
Azərbaycan xalqı həmin illərdə ölkəni bəla və məhrumiyyətlərdən, düşmən işğalından qorumaq üçün ulu öndər Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət edəndə, onu Ali Sovetin sədri seçəndə, ölkə prezidentinin vəzifə kürsüsünü qoyub qaçmasından sonra onun səlahiyyətlərinin Heydər Əliyevə verilməsini tələb edəndə, məhz öz böyüklüyünü nümayiş etdirmiş, milli tariximizə heç zaman silinməyəcək səhifələr yazmışdı.
Həmin günlərin reallıqlarını bir daha xatırlayanda, adamı dəhşət bürüyür. Hakimiyyət uğrunda gedən mübarizələr, imkanlı adamların hamısının öz yanında silahlı dəstələr saxlamaları, iqtisadiyyatın sürətlə çökməsi, dövlətin əhaliyə çörək verə bilməməsi, qardaşın qardaşa güllə atması, “OMON”çuların bitib-tükənməyən hikkələri, hakimiyyət olimpinə və qanunverici orqana küçədən gəlmiş insanların doluşması və bu kimi onlarca problem milli dövlətçiliyimizin növbəti dəfə əldən getməsinə “münbit” şərait yaratmışdı.
Milli tariximizin həmin səhifələrində oxuyuruq ki, Ulu öndərin prezident səlahiyyətlərini icra etməyə başlaması ölkədəki vəziyyətin məhz xalqın nəzarəti altına keçməsi idi. Həmin addımla həm dövlət başçısının öz postunu qoyub qaçması “ənənəsi”nə son qoyuldu, həm vətəndaş müharibəsinin qarşısı alındı, həm ölkə iqtisadiyyatının dirçəldilməsi, xalqın sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı. Ən başlıcası, hətta Ulu öndərin fiziki cəhətdən yox edilməsi məqsədilə dəfələrlə planlar cızılıb, ssenarilər tərtib edilsə də, Heydər Əliyev xalq və milli dövlətçilik naminə başladığı möhtəşəm mübarizədən bir an belə geri çəkilməyəcəyini bəyan etdi və milli suverenliyimizə əbədilik qazandırdı.
Məlum olduğu kimi, Heydər Əliyev 1993-cü il iyunun 24-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etməklə yanaşı, prezidentin səlahiyyətlərini də icra etdi. Həmin dövrdə parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə aldı. Ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Konstitusiyada və müxtəlif hüquqi sənədlərdə dəyişikliklər aparıldı. Ulu öndər həmin vaxt əhalinin döyüş ruhunu qaldırmaq, müharibə dövrünə uyğun təbliğat aparmaq, qanunsuz silahlı dəstələri zərərsizləşdirmək üçün lazımi tədbirlər görür, ölkədəki vəziyyət barədə fikirlərini tez-tez xalqla bölüşürdü.
Xalq öz böyük oğluna inam və etimadını həmin il oktyabrın 3-də keçirilmiş prezident seçkilərində də yüksək səviyyədə ortaya qoymuşdu. Belə ki, prezident seçkilərində seçicilərin 98,8 faizi Heydər Əliyevə səs verərək, ölkənin taleyini bu görkəmli dövlət xadiminə həvalə etmək niyyətini bütün dünyaya nümayiş etdirmişdi.
Sonrakı illərin proseslərinin hamısı məhz Azərbaycan xalqının maraq və mənafelərinə uyğun şəkildə davam etmişdi. Biz fəxr edirik ki, Prezident İlham Əliyev Ulu öndərin siyasi kursunu onun istədiyi şəkildə davam etdirir və onun arzuladığı nailiyyətlərə imza atırıq. Bu arqumentimizi cənab Prezidentin 2020-ci il noyabrın 8-də Fəxri xiyabana gedərək, Şuşanın düşmən tapdağından azad edilməsi xəbərini mərhum atasının ruhuna söyləyəndə də gördük, Bakıdakı Zəfər paradında da, Şuşada imzalanmış möhtəşəm Azərbaycan – Türkiyə müttəfiqlik Bəyannaməsinin müddəalarında da. İnanırıq ki, Heydər Əliyev siyasi kursunun daha böyük uğurları hələ irəlidədir.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”