İyunun 23-də Azərbaycan Respublikası Baş Prokurorluğunun və İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Aparatının birgə təşkilatçılığı ilə “Biznes və insan hüquqları kontekstində şəffaflığın təmin olunması” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransda Baş prokuror Kamran Əliyev, İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Nazirlər Kabineti, Milli Məclis, Baş Prokurorluq, məhkəmə, hüquq-mühafizə orqanları, insan hüquqları üzrə təsisatların yüksək vəzifəli şəxsləri, beynəlxalq təşkilatların, biznes qurumlarının, vətəndaş cəmiyyəti, həmkarlar ittifaqları, qeyri-hökumət təşkilatlarının və media nümayəndələri iştirak ediblər.
Kamran Əliyev çıxış edərək bildirib ki, ölkəmizdə beynəlxalq normalara əsaslanan demokratik, hüquqi dövlət quruculuğunun böyük vüsət alması, suveren Azərbaycanın əsas qanunu olan Konstitusiyanın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, yeni iqtisadi kursun müəyyənləşdirilməsi, Avropa yönümlü inkişaf strategiyasının seçilməsi, ölkədə dayanıqlı ictimai-siyasi sabitliyi birdəfəlik təmin edən digər faktorların da yaradılması, Azərbaycanın bu gün də davam edən inkişafının təməlinin qoyulması cari ildə 100 illik yubileyini qeyd etdiyimiz xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.
“Qlobal Saziş” “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”nin, Beynəlxalq Əmək Təşkilatının “İş yerlərində hüquqlar və əsas prinsiplərə dair Bəyannaməsi”nin, “Ətraf mühit və inkişaf haqqında Rio-de-Janeyro Deklarasiyası”nın və BMT-nin “Korrupsiyaya qarşı Konvensiyası”nın tələblərinə istinadən tərtib olunmuş və könüllülüyə əsaslanmaqla qeyd olunan on prinsipin beynəlxalq səviyyədə sahibkarlıq fəaliyyətinə inteqrasiyasını, BMT-nin inkişafla bağlı genişmiqyaslı məqsədlərinin həyata keçirilməsi üzrə fəaliyyətinin stimullaşdırılmasını nəzərdə tutur.
Konfransın həmsədri Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva çıxışında biznes və insan hüquqları sahəsinin müvəkkilin daim diqqət mərkəzində olmasını, bu sahədə mövcud vəziyyətin monitorinqi, çatışmazlıqların müəyyən edilməsi və aradan qaldırılması məqsədilə müvəkkil tərəfindən davamlı olaraq tədbirlərin təşkil olunmasını, elmi-analitik iş aparılaraq, beynəlxalq təcrübənin öyrənilməsini, bu istiqamətdə dövlət qurumları, QHT-lər və beynəlxalq təşkilatlarla sıx əməkdaşlığın davam etdirilməsini vurğulayıb.
Daha sonra Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxışında qeyd edib ki, Prezident İlham Əliyev ölkədə bütün sahələrdə yenilik edərək şəffaflığı təmin etdi.
O əlavə edib ki, təkcə 2018-2020-ci il ərzində ölkədə önəmli vəzifələrdə çalışan yüzlərlə şəxs vəzifəsindən azad edilib, böyük dəyişikliklər həyata keçirilib.
Qəzənfər QASIMOV, “Xalq qəzeti”