İyunun 28 və 29-da Qurban bayramının uyğun norma və qaydalar çərçivəsində təşkilinə dəstək verən nəzarət tədbirlərinin təmin edilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bayram günlərində müvafiq qurumlarla birgə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
AQTA-dan verilən məlumata əsasən, bayram günlərində ölkə üzrə 138 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, regionlarda AQTA ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək.
Bayram günlərində fəaliyyət göstərəcək qurbanlıq heyvanların satışı və kəsimi yerlərindən 80-də həm kəsim, həm satış, 46-da qurbanlıq heyvanların satışı, 12-də isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunacaq.
“Xalq qəzeti”