Azad edilmiş ərazilərdə işləyənlərə dövlət dəstəyi

post-img

Nazirlər Kabinetinin qəbul etdiyi “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” qərarda dəyişiklik edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər ki, dəyişiklik işğaldan azad edilmiş ərazilərimizdə məskunlaşıb işləyənlər üçün həyata keçirilən stimullaşdırıcı tədbirlərdir.

Qərarla işğaldan azad edilmiş əra­zilərimizdə işləyən mütəxəssislərin və­zifə maaşlarına tətbiq olunan artımın minimum məbləği 20 faiz müəyyənləşib. Qeyd edilir ki, artım əmsalları özəl sek­torda fəaliyyət göstərən işəgötürənlər tərəfindən könüllü şəkildə kollektiv müqa­vilədə göstərilməlidir. Kollektiv müqavilə bağlanmadığı hallarda həmin artımların əmək müqaviləsində göstərilməklə tətbiqi nəzərdə tutulur.

Xatırladaq ki, dövlət başçısının ötən ilin dekabr ayında imzaladığı qanunveri­cilik aktları ilə Əmək Məcəlləsinə “Azər­baycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis” anlayışı əlavə olunub. Bu anlayışa peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitir­miş və son 5 il ərzində azı 2 il əmək stajı olan və ölkəmizin işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi əsasında çalışan işçilər aid edilib. Stimullaşdırıcı tədbir kimi həmin mütəxəssislərə birdəfə­lik müavinət ödənilir, aylıq vəzifə maaş­larına əlavələr hesablanır və hər il 5 gün əlavə məzuniyyət verilir.

Eyni zamanda, qərarda nəzərdə tu­tulub ki, işəgötürənlər tərəfindən işçilər üçün ödənilən sosial sığorta haqları subsidiya formasında geri qaytarılsın və həmin ərazilərdə işləməyə cəlb olunan əcnəbi mütəxəssislərə stimullaşdırıcı dəstək kimi əmək miqrasiyası kvotası tət­biq edilməsin.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

Sosial həyat