Ağcabədidə daha bir rahat yol...

post-img

Hazırda Qarabağ və Şərqi Zəngəzurda beynəlxalq standartlara cavab verən yolların salınması prioritet məsələ kimi daim diqqətdə saxlanılır. Reallaşdırılan belə layihələrdən biri də uzunluğu 41 kilometr olan Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yoludur. 

Magistralın çəkilişi ilə tanışlıq zamanı Xocavənd kənd icra nümayəndəsi Elçin Balakişiyev bildirdi ki, 14 min nəfər əha­linin yaşadığı 4 yaşayış məntəqəsinin sakinləri uzun illər yolsuzluqdan əziyyət çəkirdilər. Belə ki, bu yol əsasən çınqıl örtüklü və torpaq əsaslı olduğundan ya­ğışın, suvarma və qrunt sularının təsi­rindən yararsız vəziyyətə düşmüş, yolda çala-çuxurlar əmələ gəlmiş, avtonəqliy­yat vasitələrinin hərəkətində problem­lər yaranmışdı. Bu səbəbdən də 5-10 dəqiqəyə gediləsi yola 20-30 dəqiqə vaxt sərf olunurdu. Təbii ki, belə bir problem üzündən maşınlar da tez-tez sıradan çıxır, yanacaq sərfi narahatlıq doğurur­du. Ağır xəstələrin xəstəxanaya vaxtın­da çatdırılması isə müşkülə çevrilmişdi. Lakin II Qarabağ müharibəsindən sonra Avşar–Salmanbəyli–Aşağı Avşar–Xo­cavənd avtomobil yolunun istifadəyə ve­rilməsi ilə bu çətinlik aradan qaldırıldı. 

E.Balakişiyevin sözlərinə görə, yol problemi fermerlərin fəaliyətinə də mənfi təsir göstərirdi: “Bizim yaşayış məntəqələri əsasən kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşıb. Ancaq yol çətinliyi üzündən fermerlər, kənd sakinləri yığılan məhsulu vaxtında sata bilmirdilər, nəticədə məhsulun bir hissəsi xarab olurdu”.

Yolun bərpası sahibkarlıq fəaliyyətinə geniş imkanlar açıb. Hazırda yolboyu ti­carət və iaşə obyektləri fəaliyyət göstərir. Fermerlər yetişdirdikləri kənd təsərrüfatı məhsullarını rayon mərkəzinə və qonşu Ucar, Zərdab və Ağcabədi bazarlarına rahatlıqla apara bilirlər. Bu isə həmin yaşayış sahələrinin sosial-iqtisadi inki­şafına böyük töhfə verir və ölkənin kənd təsərrüfatı potensialını gücləndirir. 

Pünhan ƏFƏNDİYEV,
“Xalq qəzeti”nin bölgə müxbiri

Sosial həyat