Heydər Əliyev Fondu ilə Çinin ölkəmizdəki səfirliyinin əməkdaşlığı çərçivəsində Xəzər rayonundan olan Vətən müharibəsi şəhidləri övladlarının Heydər Əliyev Mərkəzinə ziyarəti təşkil edilib.
Tədbir çərçivəsində Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov və Çinin Azərbaycandakı səfiri Qo Min şəhid övladları ilə görüşüblər. Heydər Əliyev Fondu ilə səfirliyin hədiyyəsi olan noutbuklar uşaqlara təqdim edilib.
Sonra şəhid övladları Mərkəzlə tanış olublar.
Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın şəhid ailələrinə və qazilərə hər zaman xüsusi həssaslıqla yanaşdığını vurğulayıb.
Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Qo Min səfirliyin Heydər Əliyev Fondu ilə əməkdaşlığı çərçivəsində bir sıra sosial layihələr həyata keçirildiyini bildirdi.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov təşəbbüsə görə Heydər Əliyev Fondunun rəhbərliyinə və Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinə minnətdarlığını ifadə edib.

