Ulu öndər memar təfəkkürlü nadir lider idi

post-img

Ümummilli lider Heydər Əliyevi, bir qayda olaraq, müstəqil Azərbaycan dövlətinin memarı adlandırırıq. Ulu öndər, həqiqətən, memar təfəkkürlü dahi bir şəxsiyyət idi. O, sözün geniş mənasında, cəmiyyət memarı olduğu kimi, bu anlayışın müstəqim mənasında da memar idi. Bu fenomen şəxsiyyət nadir bir memar lider idi.

Azərbaycan dövlətinin qurucusu gənclik illərində ali məktəbin memarlıq fakültəsinə daxil olmuş, bu sahənin əlif­basını və fəlsəfəsini dərindən mənimsə­mişdi. Buna görə də ulu öndər tikinti-qu­ruculuq işlərinə və memarlıq layihələrinə müstəsna bir bələdliklə yanaşırdı. O, Azərbaycanın tanınmış memarları ilə ün­siyyətdə bu sahəyə mükəmməl bələdliyi ilə həmişə onları heyran qoyurdu. Mən də həmin insanlardan biri kimi bu barədə söz açamaq itəyirəm.

Ölkəmizin rəhbəri kimi Heydər Əliyev­lə mənim ilk tanışlığının 1981-ci ildə ol­muşdu. Həmin vaxt Gürcüstanın paytaxtı Tbilisinin bərpasına başlanmışdı və eyni zamanda, Gürcüstan Kommunist Parti­yasının Mərkəzi Komitəsinin yeni binası istifadəyə verilmişdi. Bu, o vaxt Azərbay­cana rəhbərlik edən Heydər Əliyevi çox maraqlandırmışdı. Çünki Bakının qədim hissəsinin və tarixi İçərişəhərin bərpası ulu öndəri çox düşündürürdü. Həmçinin Bakıda Azərbaycan KP MK-nın yeni bi­nasının tikintisi başlanmışdı. 

Respublika rəhbərinin tapşırığı ilə ölkənin tanınmış memarlarından ibarət nümayəndə heyəti Tbilisiyə ezam olun­du. Nümayəndə heyətinin tərkibinə Tahir Abdullayev, Rasim Əliyev kimi peşəkar memarlarla yanaşı, 3 nəfər gənc me­mar da daxil edilmişdi: Sənan Sultanov, Yevgeni Kiryaşov və mən. O vaxt mənim 32 yaşım var idi. Bizə Tbilisidə aparılan tikinti işləri ilə tanış olmaq, incəlikləri öy­rənmək, müsbət və mənfi cəhətləri araş­dırıb, qonşularımızın praktikasını Azər­baycanda tətbiq etmək tapşırılmışdı.

Tbilisidə bizi çox yüksək səviyyədə qarşıladılar. Əlbəttə, bunun əsas səbəbi Heydər Əliyevin SSRİ məkanında yüksək nüfuz sahibi olması idi. Gürcüstan KP MK-nın birinci katibi Eduard Şevardnad­ze bizi qəbul etdi, hər birimizlə tanış oldu. Nümayəndə heyətimizin tərkibində gənc memarların olmasını yüksək qiymətlən­dirdi və görüşdə iştirak edən Gürcüstan memarlarına tövsiyə etdi ki, onlar da ca­van həmkarlarına diqqət göstərsinlər.

Səmimi və xoş söhbətimizdən son­ra görülən işlərlə tanış olmağa başladıq. Gürcüstan KP MK-nın yeni binasını gəz­dik, şəhərdə aparılan bərpa işləri ilə ma­raqlandıq, məşhur heykəltəraş Zurab Se­retelinin emalatxanasında olduq. İki gün Tbilisidə müşahidələr aparıb geri qayıtdıq. 

Heydər Əliyev nümayəndə heyətinin üzvləri ilə görüşdü və ayrı-ayrılıqda hər birimizin fikirlərini öyrəndi. Növbə mənə çatanda dedim: “Mərkəzi Komitənin bi­nası həddindən artıq sadədir və milli me­marlıq üslubundan əsər-əlamət yoxdur. Belə bina Gürcüstanda da, Estoniyada da ola bilərdi”. Heydər Əliyevin təbəssü­mündən anladım ki, fikrim onun ürəyincə­dir. Onu da əlavə etdim ki, köhnə Tbilisi qədim Bakı deyil. Orada fasadların deko­ru ağac materiallardan ibarətdir. Bakının memarlıq siması isə yonma daşdandır. Buna görə də, bizim yanaşmalarımız daha düşünülmüş, daha ciddi olmalıdır.

Bu görüşdən iki gün sonra Azərbay­can KP MK-nın inşaat şöbəsinin müdi­ri məni dəvət etdi və dedi ki, fikirlərim Heydər Əliyevin xoşuna gəlib. Bakıda bərpa ilə məşğul olacaq xüsusi təşkilatın yaradılması barədə düşünür və tapşırıq verib ki, bu qurumun əsasnaməsi hazır­lansın. Mənim də bu işə cəlb olunmağımı tapşırıb.

Mən böyük sevinc hissi keçirsəm də, məsuliyyəti də başa düşürdüm. Xahiş etdim ki, sənəd üzərində işləmək üçün dostum, istedadlı memar, Tbilisidə bizim­lə bərabər olmuş Sənan Sultanovu da cəlb edək. Bizə MK-nın binasında otaq ayırdılar və Əsasnaməni 10 gün ərzində hazırladıq.

Heydər Əliyevin tapşırığı əsasında Mərkəzi Komitənin tikilməkdə olan bi­nasının fasadları ilə bağlı variantların hazırlanması bir neçə memara həvalə olundu. O siyahıya mənim də adım daxil edilmişdi. Çox qısa bir müddətdə iki vari­ant hazırlayıb təhvil verdim. Hər ikisində Azərbaycan milli memarlıq elementləri­nin müasirləşdirilmiş, hətta deyim ki, mo­dernləşdirilmiş forması tətbiq edilmişdi.

Ulu öndər bütün təkliflərlə tanış oldu, mənim hazırladığım variantı bəyəndi. Həmçinin tapşırdı ki, əgər interyer təklif­lərini hazırlaya bilərəmsə, məni dəvət et­sinlər. Görüşümüz axşam çağı saat 9-10 arası baş verdi, fasadlarda təklif etdiyim dəyişiklikləri bəyəndiyini dedi.

KP MK-nın binasının layihəsinin müəllifi “Azərdövlətlayihə” institutunun direktoru, respublikamızın tanınmış me­marlarından olan Tahir Abdullayev idi. Bilirdim ki, Heydər Əliyevin ona böyük hörməti var. Ulu öndər qarşıma birinci katibin kabineti yerləşəcək mərtəbənin planını qoyub, ondan çox da razı qalma­dığını bildirdi. İş otağına giriş qapısının yandan olmasını bəyənməyərək dedi: “Mən xoşlayıram ki, qəbuluma gələnlər kabinetə mənimlə üzbəüz qapıdan daxil olsun. Bəzi köməkçi otaqların əlaqələrinə fikir ver. Plan quruluşunu yenidən düşün və kabinetin interyerini hazırla”.

Gənc həmkarım Adil Paşayev və rəs­sam Oleq İbrahimovla birgə Heydər Əli­yevə məxsus sektorun planlarını və kabi­netinin interyerlərini hazırladıq. Bu layihə də Heydər Əliyev tərəfindən bəyənildi və növbəti tapşırıq olaraq Mərkəzi Komitə­nin büro iclasları salonunun interyerlərini hazırlamaq bizə həvalə edildi. Adətən, belə salonlarda Leninin büstü qoyulurdu. Biz isə bu ənənədən uzaqlaşdıq və onun portretini qobelendə təsvir etdik. Bu da bəyənildi. Amma həyat elə gətirdi ki, hə­min ərəfədə Heydər Əliyev keçmiş ittifaq mərkəzində Sov.İKP MK-nın Siyasi Büro­sunun üzvü seçildi, eyni zamanda, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi və Moskvaya köçməli oldu.

Azərbaycana rəhbərlikdə onu əvəz­ləyən Kamran Bağırov isə zövq cəhət­dənmi, ya da ehtiyatlanaraq bizim təklif­lərimizdən imtina etdi və binanın tikintisi ilkin variantda aparıldı. Hətta birinci kati­bin kabinetinə giriş qapısı da əvvəlki ye­rində - yan tərəfdə qoyuldu.

Ulu öndər Heydər Əliyevlə sonrakı görüşüm onun xalq çağırışı ilə 1993-cü ildə Bakıya qayıdandan sonra Prezident vəzifəsinə seçildiyi ərəfədə oldu. 1993-cü ilin sentyabrı idi. Mən o zaman Bakı­nın baş memarı vəzifəsində çalışırdım. Heydər Əliyev həmin vaxt Ali Sovetin sədrinin Milli Məclisdəki kabinetində əy­ləşirdi. Bir gün mənə zəng vuraraq Milli Məclisdə keçiriləcək müşavirəyə çağırdı­lar. 

Müşavirədə yeni seçiləcək Preziden­tin qarşıdan gələn andiçmə mərasiminin təşkili müzakirə olundu. Müxtəlif təşkilati məsələlər nəzərdən keçirildi və Heydər Əliyevin qarşısına bir maket qoyuldu. Uzaqdan gördüm ki, o, mərasimin keçi­riləcəyi Respublika Sarayının səhnəsinə oxşamır. Proporsiyalar tam pozulmuşdu. Ulu öndər üzünü mənə tutdu. Aramızda belə bir dialoq oldu:

– Bunu görmüsən?

– Xeyr.

– Nə deyə bilərsən?

– İcazə verirsinizsə, yaxınlaşıb baxım.

– Buyur.

Yaxınlaşıb baxdım, xoşuma gəlmədi. Düşündüm ki, özgənin işini pisləmək yax­şı deyil. Dedim:

– Belə də ola bilər. Amma mən başqa cür edərdim.

Ulu öndər bu işi mənə tapşırdı. Bi­lirdim ki, onun qərənfildən xoşu gəlmir. Həmin vaxt Bakıda lazımi qədər qızılgül tapıb səhnəni tərtib etmək çox çətin idi. Bakı bazarlarının hamısından qızılgülləri aldıq, səhnənin tərtibatını başa çatdırdıq.

Andiçmə mərasimi çox təntənəli, gözəl keçdi. Mərasim bitəndən son­ra məni səhnənin arxasına çağırdılar. Heydər Əliyev təşəkkürünü bildirdi. Fəxr edirəm ki, dahi siyasətçi, Azərbay­can Prezidenti Heydər Əliyevin birinci andiçmə mərasimində səhnənin tərtiba­tını mən hazırlamışam.

Ulu öndərin memarlıq sənətinə olan böyük məhəbbətindən də danışmaq istəyirəm. Bu insan memarlıq cizgilərini çox peşəkarlıqla oxuya bilirdi. Mən isə hər dəfə bunu heyrətlə qarşılayırdım. Bir dəfə bunu qeyd etdikdə, Heydər Əliyev gülümsəyərək dedi:

– Sən ki bilirsən, mən memar olmaq arzusunda idim. Amma həyat başqa qə­rar verdi. Sən xoşbəxt adamsan ki, istə­yinə çatmısan.

Dedim ki, mən diplomat olmaq istə­yirdim. Amma məktəbi bitirdiyim dövrdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olmaq üçün hər respubli­kaya ildə iki nəfər limit qoyulmuşdu. Ora­ya daxil olmağımın mümkünsüzlüyünü anladığımdan atamın yolunu davam et­dirmək qərarına gəldim, memarlığı seç­dim.

Heydər Əliyev təəccüblənərək dedi:

– Bilmirəm, dünya diplomatiyası sə­nin simanda nə itirib, lakin Azərbaycanın memarlığı bir ustad qazanıb. 

Bu sözlər mənim həyatımda aldığım ən yüksək qiymətdir.

Elbay QASIMZADƏ,
Azərbaycan Memarlar İttifaqının sədri,Əməkdar memar

Sosial həyat