Mənalı ömür yolu

post-img

Bu il tanınmış publisist-ssenarist Rəfiqə Məsudun ölkənin mərkəzi mətbuatında yazılarla çıxış etməyə başlamasının 60 illiyi tamam olur. O bu əlamətdar hadisə ilə eyni vaxtda 60-cı sənədli filmini başa çatdırıb.

Həmkarımız ilk gəncliyindən jurna­listikaya könül verib, onun hər çətinli­yinə dözüb, 6 onillikdən sonra da ya­radıcılıq yolunu eyni həvəs, çalışqanlıq və məsuliyyətlə davam etdirir. Rəfiqə xanımı jurnalistikaya nə ötəri həvəs gə­tirib, nə də şöhrət xatirinə gəlib. O, tale yazısı kimi sözə birdəfəlik könül verib. Onsuz nə gecəsi, nə də gündüzü; nə yayı, nə də qışı olub. Sözün ardınca eniş-yoxuşlardan, gədik-dolaylardan keçib. Yaradıcılığı ilə həmişə çevrəsin­də yenilik və gözəllik ab-havası yarat­mağı bacarıb. 

Rəfiqə Məsud jurnalist fəaliyyətinə qəzet-jurnallardan başlayıb. 1963-cü ildə Bakı Kitabxanaçılıq Texnikumunda əmək fəaliyyətinə başladığı vaxtdan ilk qələm təcrübələrini çap etdirib. “Azər­baycan gəncləri”, “Bakı” – “Baku”, “So­vet kəndi”, “Azərbaycan qadını” kimi mərkəzi nəşrlərdə müxtəlif janrlı yazı­larla çıxış edib. Sonra uzun illər tele­radio readaksiyalarında çalışıb, aktual mövzulu çoxsaylı süjet və verilişlərin müəllifi olub. Müstəqillik dövründə isə həmkarımız sənədli filmlər yaradıcılığı ilə məşğul olub. Onunla söhbətə də elə bu məqamdan başladıq.

– Rəfiqə xanım əvvəl qəzet-jur­nallar, sonra teleradio və bir gün də sənədli filmlər. Necə oldu ki, bu sahədə fəaliyyəti seçdiniz? 

– Mənim gəncliyim ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk illərə düşüb. Bu illərdə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə aparılan əfsanəvi quruculuq işlərindən bir jurnalist kimi məqalələr yazmaq, televiziya verilişləri, reportajlar hazırla­maq mənim də qismətimə düşüb. 

Qarabağ hadisələri başlayanda çalışdığım Dövlət Teleradio Verilişləri Komitəsi ölkədə xalq hərəkatı ətrafında siyasi oyunların getdiyi əsas meydan­lardan birinə çevrilmişdi. Ölkədə və te­leradioda rəhbərlik tez-tez dəyişirdi. Bu da yaradıcı mühitə mənfi təsir etməyə bilməzdi. O zaman yeganə ümid yeri­miz millət atası Heydər Əliyevin haki­miyyətə gəlməsi idi. Xalq üzünü ulu ön­dərə tutanda mən də onların sırasında idim. 

Bu dövrdə Naxçıvanda yaşayıb Muxtar Respublikanı fəlakətdən qurta­ran ulu öndərə edilən siyasi təzyiqlərə mən də bir jurnalist kimi dözə bilməyib haqq səsimi qaldırmışdım. “Xalqımızı Heydər Əliyevin zəkası, iradəsi xilas edə bilər” deyirdim. 45 dəqiqəlik veri­lişim efirdən çıxarıldıqdan sonra sevim­li iş yerimi tərk etməli oldum. Bundan sonra hər yerdə ulu öndərin fəal təbli­ğatçısına çevrildim. 

Xeyli sonra professor Nizami Xudu­yev Azərbaycan Dövlət Teleradiosuna rəhbər təyin ediləndə məni geri çağırdı. Öz istəyimlə film yaradıcılığına keçdim, Azərbaycan Telefilm Yaradıcılıq Birliyin­də baş redaktorun müavini vəzifəsində çalışdım. Lakin qəzet və jurnallarla da sıx əlaqə saxladım. 

Azərbaycan xalqının dövlət xadim­ləri, görkəmli elm, incəsənət, mədəniy­yət adamaları, tarixi, adət-ənənələri barədə 40 sənədli filmin müəllifiyəm. 2007-ci ildə Azərbaycan Televiziyasın­da təqaüdə çıxdıqdan sonra, 2008-ci ildə Mədəniyyət Nazirliyinə təqdim et­diyim Azərbaycanın Milli Qəhrəman­ları layihəsi əsasında indiyə kimi “Sal­namə” və “Yaddaş” studiyalarında daha 20 sənədli film ərsəyə gətirmişəm.

– Təcrübəli ssenarist, 60 sənədli filmin yardıcısı kimi, sizin üçün kino, film yaradıcılığı nə deməkdir? 

– Yaxşı deyiblər, mən də təkrarla­yım: kino musiqidir, kino teatrdır, kino ədəbiyyatdır. Bir sözlə, kino aləmdir. Sənədli kino qəzet yazısından, telera­dio verilişindən qat-qat artıq bilik, ba­carıq, sənətkarlıq, zəhmət tələb edir. Bir film aylarla davam edən, müxtəlif məkanlarda aparılan ağır yaradıcılıq prosesi nəticəsində hasilə gəlir. 

Uğurlu kino üçün maraqlı, bitkin ssenari tələb olunur. Mən illər boyu bu həqiqətə əməl etməyə çalışmışam. Ona görə də rejissor və operatorlar­la birgə işimiz həmişə uğurlu alınıb. Bəzən görürsən ki, ssenarisiz filmlər göstərilir. Tamaşaçı ekrandakı görün­tülərin nə olduğunu necə anlasın?

Həcmindən asılı olmayaraq bütün sənədli filmlərin aydın, bitkin ssenarisi, səlis, parlaq dili olmalıdır. Filmin sse­narisi üçün mövzu da gərək tamaşaçı üçün maraqlı olsun. Mən vaxtilə coğra­fiyaşünas akademik Həsən Əliyevdən müsahibələr, verilişlər hazırlamışam. Bir gün ona film çəkmək istəyimi bil­dirəndə etiraz etmədi. O zaman mane­çilik törədildiyinə görə alimin sağlığın­da həmin filmi çəkə bilmədim. Telefilm Yaradıcılıq Birliyində işə başlayanda “Təbiətə bağlı ömür” adlı ilk filmimi Həsən müəllimə həsr etdim.

– Hansı filmlərinizdən söz açmaq istərdiniz?

– Mən bütün filmlərin ssenarisini eyni məsuliyyət, tələbkarlıqla qələmə almışam. Yaradıcı qrupu da özüm seç­mişəm. Çəkilişlərdə də iştirak edirəm. Rejissorun müəllifin fikirlərinə nəsə əlavə etməyə ixtiyarı yoxdur. Film, ilk növbədə, mətndir, ideyadır, sözdür – təsvir isə bunları göstərmək üçündür. Filmlər ötəri təəssürat deyil, tarix üçün çəkilir. 

“Dan ulduzu, tale ulduzu” adlı fil­mim Əməkdar incəsənət xadimi Gü­larə Əliyevaya həsr olunub. “İlmələrdə yaşayan ömür” filmi məşhur xalçaçı Kamil Əliyev, “Vurğun ocağı” Xalq şairi Səməd Vurğun, “Bir ocağın nurunda” Abdulla Şaiq haqqındadır. Dünya şöh­rətli bəstəkar Qara Qarayevə, xalq şa­irləri Mirvarid Dilbaziyə, Nəbi Xəzriyə, Nəriman Həsənzadəyə həsr olunmuş filmlərim də mənə çox əzizdir. Fidan və Xuraman Qasımovalar barədə film də maraqlıdır. Dünya Din Liderlərinin Bakı Sammiti barədə filmim Azərbaycan, rus, ingilis və ərəb dilində dünya ölkələrinə yayılıb. “Muğam”, “Vokal”, “Şəkidə toy” kimi sənədli filmlər də ekran xronikamı­zı zənginləşdirən əsərlərdir. 

Milli Qəhrəmanlardan Asif Məhər­rəmov, Elmar Edilov, Vəzir Orucov, Mübariz İbrahimov, Yuri Kovalyov, Ko­roğlu Rəhimov, Fazil Mehdiyev, Fərhad Hümbətov, Əli Məmmədov, Sərdar Səfərov, Nizami Məmmədov, Vüqar Hüseynov, Şuşanın azad olunmasın­da şəhid olmuş polkovnik-leytenant Ramiz Cəfərov və başqaları haqqında filmlər xalqımızın öyüncünü yüksəldən, yeni nəslin vətən sevgisini alovlandıran ekran əsərləridir. Yaşımın bu çağına baxmayaraq əvvəlki həvəs və qüvvə ilə film yaradıcılığımı davam etdirirəm. 

– Siz bir sıra xeyirxah işlərinizdən əlavə, ustad jurnalist kimi təcrübəni­zi də yeni nəslə öyrətməyə vaxt tap­mısınız.

– İnsan olmağın mühüm bir şərti köməyə ehtiyacı olanlara əl tut­maq, zəiflərə təmənnasız kömək et­məkdir. Mən də xeyirxahlığa heç vaxt biganə olmamışam. Xalq şairi Nəbi Xəzri bunları bildiyindən “Rəfiqə xanım” adlı şerində yazmışdı: “Аса da əl tutub qapı açmısan”.

О ki qaldı təcrübəni öyrətməyə, bu da ciddi bir vətəndaşlıq borcudur. İctimai Siyasi Universitetdə jurnalist sənətkarlığı fənnindən dərs deməyim də belə bir tələbatdan irəli gəlib. Tələ­bələrimi ekranda görəndə, çıxışlarını eşidəndə, yazılarını oxuyanda çox se­vinirəm və düşünürəm ki, onlara öyrət­diklərim, sənətkarlıq mühazirələrim hə­dər getməyib. Gənclərə həmişə təlqin etmişəm ki, mənəvi təmizliklərini qoru­sunlar, paxıllıqdan, xəbislikdən, naqis­likdən uzaq olsunlar, daim çalışıb xalqa xeyir versinlər.

Sonda qeyd edək ki, Rəfiqə xa­nım geniş ictimai fəaliyyətlə də məş­ğuldur. Yeni Azərbaycan Partiyasının fəalı kimi çoxsaylı tədbirlər keçirdiyinə görə fəxri fərmanlar, təşəkkürnamələr alıb. Azərbaycan Respublikası Kinema­toqraçılar İttifaqının, Yazıçılar və Jurna­listlər birliklərinin üzvü kimi çoxsahəli yaradıcılığı yorulmadan davam etdirir. Bütün bunlara vaxt tapmaq özü də bir məharətdir.

Sözə bağlı bir ömür yaşamış bu insan görüb-öyrəndiyi, anlayıb-yəqin etdiyi gerçəkləri, bir sözlə, xalqımız üçün faydalı bildiyi hər şeyi təfəkkür süzgəcindən keçirərək, təxəyyülündə mənalandıraraq təsirli formalarda oxu­culara, dinləyici və tamaşaçılara çatdır­mağı həyatının mənası, yaradıcılığının qayəsi hesab edir. Onu uğurlara qo­vuşduran, tanıdan və çox sayda insana sevdirən də tutduğu bu yoldur. Mənalı ömür yolu!

Tahir AYDINOĞLU, “Xalq qəzeti”

Sosial həyat