Kənd icra nümayəndəsi yerindədirsə...

post-img

Nə vaxtsa kənd icra nümayəndəsinin birbaşa rayon icra hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin olunmasını eşitmisiniz? Yəqin ki, bir çoxunuz təəccüblənəcəksiniz. Amma fakt faktlığında qalır. Gədəbəyin Alnabat kənd inzibati ərazi dairəsi (İƏD) nümayəndəsi Natiq Nağıyev artıq beş ildir ki, həmin vəzifədən rayon icra hakimiyyəti başçısının birinci müavini vəzifəsinə gətirilib. Respublikanın başqa şəhər və rayonlarında hələlik buna bənzər təyinat olmayıb.

Nəyə görə yazını bu bilgini paylaşmaqla başladıq? Çünki mövzumuz şəhər və rayon icra hakimiyyətlərinin yerlərdəki nümayən­dələrinin işi ilə əlaqədardır. Gəlin razılaşaq ki, onların fəallığı, təşəbbüskarlığı, adamları səfərbər etmək bacarığı, problemlərin həl­lində rolu, sakinlərin rəğbətini qazanmaları, yuxarı orqanlara yazılan ərizə və şikayətlərin azalması nümayəndələrin işindən birbaşa ası­lıdır. 

“… Alnabat kənd İƏD üzrə nümayəndə Natiq Nağıyevlə söhbətimizdə də bu qənaətə gəldik ki, adamlarla işləməyi bacarmaq, hörmət qazanmaq üçün təkcə səmimiyyət, sadəlik kifayət etmir. Gərək onların sosial problemlərinin qayğısına qalasan, kömək əlini uzadasan. N.Nağıyev deyir ki, əvvəllər bu kənddən ərizə daha çox yazılırdı. Bir dəfə yığışıb təhlil etdik, səbəbləri müəyyənləşdir­dik. Məlum oldu ki, kiminsə səhlənkarlığı ucbatından sadə bir işin həllinin ləngiməsi nəticəsində narazılıq yuxarı təşkilatlara gedib çıxır.

Tezliklə kəndarası yolları düzəltdik. Ya­poniya səfirliyinin köməyi ilə təxminən 100 min ABŞ dolları dəyərində 7,5 kilometr mə­safədən su xətti çəkib gətirdik, 50 tonluq su anbarı tikdik. Kənd investisiya layihəsi çərçi­vəsində 5,5 kilometr yol çəkdik. Mədəniyyət Evini yüksək səviyyədə təmir etdik…”

Diqqət yetirdinizsə, bu cümlələr dırnaqda verilib. Düz on il qabaq, dəqiq desək, “Xalq qəzeti”nin 22 aprel 2013-cü il tarxli nömrə­sində dərc olunmuş “Gədəbəy: təbii gözəlli­yinə gözəllik gətirilən rayon” sərlövhəli yazı­dan götürülmüş cümlələrdir. Deməli, hələ o vaxt haqqında söhbət açdığımız Natiq Nağı­yev işi ilə diqqətimizi cəlb etmişdi…

Məqsədimiz hazırda başçının birinci müavini işləyən Natiq Nağıyevi tərifləmək deyil. Onsuz da birinci dərəcəli dövlət qul­luqçusu olan məmur burada da öz işinə ol­duqca məsuliyyətlə yanaşan kadrdır və Gə­dəbəydə problemlərin həllinə kömək göstərir.

…Göygöl rayonunun Aşıqlı kəndində­yik. Rayon icra hakimiyyətinin ərazi idarəet­mə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Vüqar Hüsey­novla birlikdə kənd icra nümayəndəliyinin magistral yol kənarındakı binasına gəlmişik. Nümayəndə yoxdur, amma müavini Yasin Ələskərov buradadır. Suallara elə həvəslə, dolğun cavab verir ki, hiss edirsən bütün problemlərdən xəbərdardır, hər bir işə can yandırır, adamları tanıyır. Nə soruşuram, hə­min anda kompüterin arxasına keçir, səliqə ilə hazırlanmış sənədlərin surətini çıxarıb təqdim edir. Yadıma bir gün əvvəl Qazax ra­yonunun Kosalar İƏD nümayəndəsi Bəxtiyar Əmirovla olan söhbətimiz düşür:

– Kəndin şəhid ailələrinin, qazilərin telefon nömrələrini verə bilərsiniz?

Nədənsə duruxur. Yanına bir nəfəri çağı­rıb bizimlə tanış edir, “müavinimdir” deyir və xahişimizi ona bildirir. O da bir qədər du­ruxur və aradan yarım saat keçdikdən sonra əllə yazdığı, əzik-üzük bir kağız uzadır. Heç nə oxunmur. Doğrusu, oxumaq sadəcə müm­kün deyil. 

Nümayəndəliyin həyətinə çıxırıq. Cəmi 20 metr aralıda 1941-1945-ci illərdə həlak olmuş həmvətənlərimizin xatirəsinə ucaldıl­mış möhtəşəm abidə görürük. Amma nə gün­dədir, mənzərəni sözlə ifadə etmək mümkün deyil.Təəccübləndiyimizi hiss edir və deyir ki, rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov abidənin əsaslı şəkildə yenidən qu­rulacağını bildirib.

– Kompleksi təmir etmək xeyli vaxt, vəsait tələb edir. Heç olmasa, kəndin adamlarını yığıb iməcilik təşkil edərək bu­ranı kol-kosdan, tullantılardan təmizləyib, mayın 9-da abidə önünə bir dəstə də gül qoymaq mümkün deyildimi?

Yenə duruxur, sualımıza cavab tapmır, astadan dediyi “mümkün idi, düz deyirsiniz, ağlımıza gəlməyib” sözlərini güclə eşidirik. 

...İcra nümayəndəsi təşəbbüskar, necə deyərlər, “gözüaçıq” olmadısa, işlər ləng gedəcək. Əgər nümayəndə yalnız yuxarıdan göstəriş gözləyəcəksə, kəndin, qəsəbənin problemləri həll olunmayacaq və adamlar da narazılıq edəcək, yuxarı orqanlara ərizə və şikayətlər artacaq. Bu həmişə belə olub, belə də davam edəcək.

Aşıqlı kəndinin İƏD nümayəndəsi İqbal Musayevlə də söhbətimiz bizdə xoş təəssü­rat oyatdı. Açıq-aşkar hiss olunur ki, kəndin problemlərinə, sanki öz ailəsinin problemlə­ri kimi yanaşır. Əvvəllər bu kənddə içməli su sarıdan böyük narazılıqlar olub. Amma nümayəndəlik plastik borularla kəndin hər evinə su çəkilməsinə nail olub, növbəliliyə nəzarəti gücləndirib. İndi su barədə danışan, gileylənən yoxdur. Əlaqədar təşkilatların köməyi ilə yollarda ad göstəricilərinin, piya­da keçidlərinin hazırlanmasını həyata keçi­rib. Digər sosial problemlərin də tezliklə həll olunmasına çalışır.

Eyni vəziyyəti Tovuz rayonunun bir neçə kəndində də müşahidə etdik. On bir min nəfərdən çox əhalisi olan Aşağı Quşçunu da, onun icra nümayəndəsi Ələsgər Vəliyevi də yaxşı tanıyıram. Hələ iki il qabaq bu kənd­də olarkən hiss etmişdim və görmüşdüm ki, adamlar icra nümayəndəsinə necə inanır, dərd-sərlərini ona deməkdən çəkinmir, etibar edirlər. Kənd qəbirstanlığında şəhid anaların­dan birinin “oğul, Ələskər, o tapıb gətirdiyin qulaq aparatına öyrəşə bilmirəm, nə edim?” söyləməsi və icra nümayəndəsinin onu nə­zakətlə qucaqlayıb “həkimi gətirərəm, baxar, narahat olma” deməsi hələ də gözlərim önün­dədir. Yeri gəlmişkən, bu kənd ikinci Qara­bağ müharibəsində 7 şəhid verib. Onların 7-si də yanaşı uyuyur. İƏD nümayəndəsinin təşəbbüsü ilə kəndin mərkəzindəki Abidə kompleksinə Aşağı Quşçudan İkinci Dünya müharibəsinə gedənlərin hamısının adları ya­zılıb, oxumaqla qurtarmır. Ə.Vəliyev deyirdi ki, onları unuda bilmərik, babalarımız, ulu babalarımızdır. Hətta kənddə həmin mühari­bənin yaşı 100-ü keçən bir yadigarı qalıb ki, hərdən yanına gedib hal-əhval tuturam.

Kənddə 3 il qabaq Heydər Əliyev Fondu­nun hesabına 858 yerlik məktəb binası əsas­lı təmir olunub, məktəbə gedən 2,3 kilometr uzunluğunda yola yeni asfalt-beton örtük sa­lınıb. Keçən il isə küçə kənd bələdiyyəsinin və icra nümayəndəliyinin təşəbbüsü ilə daxili imkanlar hesabına başdan ayağa işıqlandırılıb.

Amma nə bələdiyyə, nə də nümayəndəlik kifayətlənmir. İcra nümayəndəsi dedi ki, hələ də bir sıra yaşayış massivləri, o cümlədən “Qaradaş” və “Şiştəpə” adlanan yerlər, üst-üstə 250 ev qazla təmin olunmayıb.

– Əl çəkən deyilik, rayon icra hakimiy­yəti də aidiyyəti qurumlar qarşısında məsələ qaldırıb,– deyə Ə.Vəliyev problemlərin müt­ləq həll olunacağına işarə etdi.

Rayon mərkəzindən cəmi 2 kilometr ara­lıda yerləşən Aşağı Öysüzlü kənd inzibati ərazi dairəsinin də işi diqqət çəkir. Rayonun bir sıra sərhəd kəndləri ilə yanaşı, Aşağı Öy­süzlünün keçən ildən başlanmış içməli su la­yihəsinin icrası davam edir. Kənd ərazisində kəndarası küçə bulaqları çəkilir. “Cəlal arxı” adlanan su kanalının dəmir borularla çəkilişi davam edir.

Bu kənddə də yeni salınmış yaşayış mas­sivlərinin təbii qazla təminatı ləngiyir. İcra nümayəndəliyində bildirdilər ki, indiyədək rayon icra hakimiyyəti qarşısında qaldırdı­ğımız problemlər, arzularımız, təkliflərimiz operativ həll olunub. Güman edirik ki, qar­şıdakı qışa kimi həmin məsələ də həllini ta­pacaq.

...İcra nümayəndəsinin ən vacib keyfiy­yətlərindən biri rəhbəri olduğu kənddə adam­ları səfərbər etmək bacarığıdır. Bunun üçün ilk növbədə nüfuzun, hörmət-izzətin olmalı­dır, sözünün üstündə dayanmağı bacarmalı­san, verdiyin vədi yerinə yetirməlisən. Amma sadaladıqlarımız nə qədər vacib keyfiyyətlər olsa da, bəzən yetərincə deyil. Çünki ola bil­sin nümayəndə çox iş görmək istəyir, prob­lemlərin həllinə çalışır. Lakin vəsait yoxdur. Əslində çıxış yolu var və bir çox yerlərdə çə­tinliklərin aradan qaldırılması icra nümayən­dəsinin qabiliyyətindən asılıdır.

Ağstafa rayonunda olarkən, rayon icra hakimiyyətinin məsul işçisi Nəsimi Hacı­yevlə birlikdə bir neçə kəndə baş çəkdik. Köçəsgər, Həsənsu kəndlərinin, Vurğun qəsəbəsinin icra nümayəndəliklərində olduq, adamlarla görüşüb söhbət etdik, problemləri ilə maraqlandıq və bir daha bu qənaətə gəldik ki, icra nümayəndəsi əsas simalardan biridir. O, yerindədirsə, iş də gedəcək, lazım gəlsə vəsait də tapılacaq, hətta rayon rəhbərliyini də tez-tez, necə deyərlər, “narahat edəcək”

Köçəsgərin İƏD nümayəndəsi Şükran Hacıyev özünün fəallığı, təşəbbüskarlığı, qaldırılan hər bir problemə dərhal reaksiya verməsi ilə çox qısa vaxt ərzində hörmət qa­zanıb. Bundan əvvəl YAP rayon təşkilatında işləyib.

– Bilirsiniz, elə məsələlər var ki, onu icra nümayəndəliyi həll edə bilər. Sadəcə həm özünün, həm də kənddəki müəyyən adam­ların imkanlarından, əlaqələrindən lazımın­ca istifadə etməyi bacarmalısan, ayıq-sayıq olmalısan. Bizim Rusiyada, eləcə də digər yerlərdə uzun illərdir işləyən və yaşayan soydaşlarımız var. Cəlb etdik, dedik ki, doğ­malarınız, qohum-əqrabalarınız bu kənddə yaşayır, heç hara da köçüb gedəsi deyillər, nə imkanınız var kömək edin. Heç bilirsiniz necə sevindilər! İndi heç biz demirik, özləri vaxtaşırı zəng edirlər ki, “nə lazımdır.”

Ş.Hacıyev bunları deyib başqa ölkələrdə yaşayan həmkəndlilərinin son vaxtlar Köçəs­gərdə gördüyü işlərdən, suvarma, içməli su problemlərini birgə həll etməklərindən da­nışdı və sonra da əlavə etdi ki, elə ciddi çə­tinliklər var, onları yuxarı orqanların köməyi olmadan aradan qaldırmaq sadəcə mümkün deyil. Məsələn, kənddə “Acı dərə” deyilən ərazi var. Son bir neçə ildə orada torpaq sürüşməsi gedirdi. Artıq 10-15 metr dərin­liyində çuxurlar əmələ gəlmişdi, yarğanlar yaranmışdı. Kəndin əsas yollarından biri bu­radan keçirdi və on metrlik yoldan cəmi 50 santimetrlik bir cığır qalmışdı. Evlər hər an uçub dərəyə tökülə bilərdi. Adamların oradan keçməsi çox təhlükəli idi. Neçə-neçə mal-qa­ra dərəyə yuvarlanıb məhv olmuşdu.Belə bir vaxtda rayon icra hakimiyyətinə məlumat verdik. Rayon rəhbəri Seymur Orucov dərhal kəndə gəldi, vəziyyəti gördü. Çox keçmədi ki, əlaqədar təşkilatlar qarşısında məsələ qal­dırdı və uzun illərdən bəri adamları narahat edən vacib problem həll olundu. 

Eyni işgüzarlığı Vurğun qəsəbəsində, Həsənsu kəndində də müşahidə etdik. İcra nümayəndələrinin fəallığı, prinsipiallığı hər addımda hiss olunurdu. Hətta biri yarızarafat, yarıciddi dedi ki, “kommunal, nəqliyyat, su təsərrüfatı və digər təşkilatlar xasiyyətimizə bələddirlər, bilirlər ki, yapışdığımızdan bu­raxan deyilik”.

...Gədəbəyin Novosaratovka, Novoiva­novka kəndlərində də təsadüfən qarşımıza çıxan mənzərə bizi həm qürurlandırdı, həm də duyğulandırdı. Bu kəndlərin icra nü­mayəndələri adamları səfərbər edib rus qə­birstanlıqlarında iməcilik təşkil etmişdilər. Maşınımızı yol kənarındakı qəbiristanlığın yanında saxlayıb kənd sakinləri ilə söhbət­ləşdik. Rayon icra hakimiyyətinin şöbə mü­dirinin müavini Qədir Bağırov da iməcilik keçirənlər arasında idi:

– Gördüyünüz bu adamların demək olar ki, əksəriyyəti azərbaycanlılardır, Novoi­vanovkanın rus qəbiristanlığında iməciliyə gəliblər, abadlıq, təmizlik işləri aparırlar, ağacları budayırlar, –deyə Q.Bağırov bütün bunların tolerantlığın bariz nümunəsi oldu­ğunu bildirir.

Sergey Bovin adlı sakin isə təmiz gədə­bəyli ləhcəsində “azərbaycanlı həmkəndlilə­rimə qurban olum, burada mənim nənələrim, babalarım yatır” deyib kövrəlir.

Novosaratovkanın İƏD nümayəndəsi Elvin Məmmədov da gənc olmasına baxma­yaraq, artıq əhalinin hörmətini qazana bilib. Şəhid valideynləri, qazilər, kəndin rus millə­tindən olan nümayəndələri yaranan problemi, çətinliyi, hətta ən xırda məsələni belə, əvvəl­cə onunla məsləhətləşməyə üstünlük verirlər. Deyir ki, icra nümayəndəsi də, bələdiyyə də dövləti təmsil edən qurumlardır, laqeyd ol­maq, məsuliyyətdən qaçmaq deməkdir.

...Vaxt var idi, icra nümayəndələrinin bir çoxu öz vəzifələrini kiməsə arayış yazıb verməklə bitmiş hesab edirdi. O dövr çoxdan arxada qalıb. Bu gün İƏD nümayəndəliklə­rində işləyənlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunub, yaxşı maaş alırlar, digər hüquq­lara və imtiyazlara malikdirlər. Gərək onlara göstərilən bu etimadın məsuliyyətini heç vaxt unutmasınlar.

 

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri



Sosial həyat