Yeni proaktiv xidmətlər

post-img

Sosial sahədə elektronlaşdırma proqramı çərçivəsində 2019-cu ilin əvvəlindən 51 proaktiv xidmət yaradılıb və hazırda bu xidmətlərin sırasının daha da genişləndirilməsi işləri aparılır. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında bildirilib. Kollegiyanın sədri, nazir Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən sosial islahatların vətəndaş rifahının və məmnunluğunun təminatı məqsədi daşıdığını bildirib.

Son 5 ildə 4 sosial islahat paketi­nin icra olunaraq əhalinin sosial mü­dafiəsinin gücləndirilməsi, əməkhaqqı, pensiya, müavinət, təqaüd və sosial yardımların artırılması istiqamətində mühüm irəliləyişlərin əldə olunması qeyd olunub. Eyni zamanda, sosial xidmətlərin rəqəmsal müstəvidə, müa­sir və şəffaf şəkildə təqdim edilməsinin sosial islahatların əsas tərkib hissəsi olduğu bildirilib. 

Qeyd edilib ki, yaradılan 51 pro­aktiv xidmət vasitəsilə 720 min təyinat vətəndaşların müraciətinə və sənəd təqdim etməsinə ehtiyac olmadan, elektron sistemlər üzərindən proaktiv qaydada həyata keçirilib. Hazırda bəzi sosial təminat növlərinin, habelə dəfn üçün müavinətin də proaktiv qaydada təyinatına imkan verəcək xidmətlər yaradılır. Eləcə də pensiya kalkulya­torunun təkmilləşdirilməsi, himayədar ailə qayğı sisteminin tətbiqi ilə bağlı “Valideyn himayəsindən məhrum ol­muş uşaqlar və övladlığagötürmə” altsisteminin funksional imkanlarının genişləndirilməsi işləri davam etdirilir.

Əmək qanunvericiliyinin təkmilləş­dirilməsi istiqamətində görülən işlər, Əmək Məcəlləsinə yeni dəyişikliklər layihəsinin hazırlandığı bildirilib. Son illər 1008 peşə və kvalifikasiya stan­dartının hazırlandığı və sosial tərəf­daşlarla birgə daha 300-nün hazırlan­maqda olduğu qeyd edilib. 

Dövlət büdcəsi hesabına əlilliyi olan şəxslərə verilən reabilitasiya va­sitələrinin növlərinin siyahısına 2020-ci ildə 23 yeni növ də əlavə edilərək siyahıda reabilitasiya vasitələri növlə­rinin sayı 57-yə çatdırılıb. Bu siyahının növbəti dəfə genişləndirilməsi ilə bağlı da layihə hazırlandığı bildirilib. 

Kollegiyada, həmçinin əlilliyin qiy­mətləndirilməsində ötən ilin iyulundan tətbiq olunan yeni meyarlardan bəhs olunub. Əlillik təyinatına əsas verən meyarların sayında 4 dəfədən çox ar­tım edildiyi, həmin meyarlara yeni də­yişiklik layihəsinin, eləcə də övladlığa­götürmə prosesinin təkmilləşdirilməsi məqsədilə müvafiq qanunvericiliyə də dəyişiklik layihələrinin hazırlandığı diqqətə çatdırılıb.

Əmək və məşğulluq, sosial təminat, əlillik, reabilitasiya, övladlığagötürmə sahələrində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub. Eyni zamanda, sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 və 2 saylı Sosial xid­mət müəssisələrinin nizamnamələrində edilən dəyişikliklər və “Əməyin Müha­fizəsi Mərkəzi” publik hüquqi şəxsin Ni­zamnaməsi təsdiq edilib.

Zərifə HÜSEYNOVA, “Xalq qəzeti”

Sosial həyat