“SOCAR Türkiyə” fəaliyyət ahəngini pozmadan inkişaf etməkdədir

post-img

İzmirin Menderes hava limanına enər-enməz şəhərdəki siyasi ab-havanın gərginliyi hiss olundu. Özünü Türkiyə Respublikasının prezidenti kürsüsündə görənlərin də, Böyük Millət Məclisində yer qazanmaq istəyənlərin də çevik və parlaq ifadələrinin yer aldığı təşviqat plakatları ilə seçicilərin “peşində” olduqları sadəcə üzdə olanlar idi. Seçki mübarizəsinin gərginliyi Türkiyə mediasında daha açıq diqqət çəkirdi. Azərbaycanın böyük jurnalist qrupu isə ölkəmizin Türkiyə iqtisadiyyatında artıq son beşillikdə özünü tanıtmış və nüfuz qazanmış “SOCAR Türkiyə” şirkətinin ənənəvi dəvətilə, şirkətin son ildə əldə etdiyi nəticələr və qazandıqları uğurlarla tanış olmağa gəlmişdi.

Seçki təbliğat və təşviqatının ilk mən­zərəsini hava limanından Əliağa böl­gəsində qonağı olacağımız “Radisson” hotelinədək maraqla izləyib öz aramızda təəssüratlarımızı bölüşdük. Əliağada isə mənzərə bir qədər fərqli idi. Bölgənin insanları daha çox gündəlik məişət qay­ğıları ilə yükləndikləri üçün seçki mara­fonu onları elə də çox maraqlandırmırdı. Amma buradakı köhnə dostlardan öy­rəndik ki, İzmir kimi onun bir parçası olan Əliağada da insanlar kimlərə səs verə­cəklərini artıq çoxdan qərarlaşdırıblar.

Bu təəssüratlarla növbəti səfər günü əsas işimizin icrasına başlamaq üçün Əliağa bölgəsinin ən gözəl yerində qə­rar tutmuş “SOCAR Türkiyə” şirkətinin ofisinə gəldik. Şirkətin fəaliyyətə başla­masından bu günədək üçüncü səfərimiz olduğu üçün bu yerlərdə, elə bu ofisdə çox şey bizə tanış idi. Ona görə də təfər­rüata varmadan səfərimizin əsas məqsə­dindən bəhs edəcəm.

Geniş və uzun çəkən mətbuat kon­fransında əsas söz sahibləri “SOCAR Türkiyə" şirkətinin baş direktoru və­zifəsini icra edən Elçin İbadovla, “SO­CAR-Türkiyə”nin emal və neft-kimya bölməsinin rəhbəri, “Star” Neft Emalı Zavodunun (NEZ) və “Petkim Petrokim­ya Holdinq”in baş direktoru Anar Məm­mədov idilər. Öz yeni vəzifəsində Azər­baycan jurnalistlərinin qarşısına ilk dəfə çıxan Elçin İbadovun açıqlamalarından və Anar Məmmədovun geniş çıxışından ilk təəssürat ondan ibarət idi ki, “SOCAR Türkiyə” şirkəti rəhbərliyinin bu mətbuat konfransı təkcə jurnalistlər yox, həm də media vasitəsilə Azərbaycan ictimaiyyəti qarşısında geniş hesabatıdır.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinin şirkətdə geniş qeyd edil­məsi xəbəri ilə çıxışa başlayan baş di­rektor vəzifəsini icra edən Elçin İbadov qısa girişdən sonra vurğuladı ki, şirkət bu illər ərzində bütün fəaliyyətini ulu öndərin əsasını qoyduğu və Prezident İlham Əli­yevin uğurla reallaşdırdığı Azərbaycan–Türkiyə münasibətlərinin strateji xəttinə uyğun davam etdirmişdir. Buna əsas kimi göstərilən fakt isə ondan ibarətdir ki, “SO­CAR Türkiyə” bu günə qədər Türkiyənin ən böyük xarici sərmayədarıdır və bütün fəaliyyət sahələrində qardaş ölkənin iqti­sadi inkişafına töhfələr verməkdə davam edir. Reallıqda da “SOCAR Türkiyə” bu gün Türkiyədə yaratdığı əlavə dəyər və ölkə həyatının bütün sahələrini əhatə edən xammal istehsalı ilə enerji sekto­runda aparıcı rol oynamaqdadır.

Elçin İbadov icra etdiyi vəzifəyə yeni təyin olunduğundan onun karyerası haqqında məlumat da jurnalistlər üçün maraqlı idi. O bunu nəzərə alaraq bildirdi ki, 2023-cü ilin fevralından “SOCAR Tür­kiyə” şirkətinin baş direktoru vəzifəsini icra etməsinə baxmayaraq, bu müəs­sisədə yeni adam deyil. 2014-cü ildən “Star” NEZ-in tikintisindən başlayaraq son təyinatına qədər bu şirkətdə çalışıb.

Şirkət rəsmisinin dediyinə görə, Tür­kiyənin ən böyük sənaye konqlomeratı olan “SOCAR Türkiyə”nin Əliağa bölgə­sində yerləşən şirkətləri onun qan dama­rıdır. Əslində, bu Azərbaycan şirkətinin Türkiyə iqtisadi həyatına daxil olduğu ilk yer məhz Əliağa bölgəsidir. Şirkətin ak­tivlərinin əksəriyyəti, daha çox mənfəət gətirən müəssisələri məhz burada yer­ləşir

Azərbaycan jurnalistlərinin qrup şək­lində son dəfə 2021-ci ildə “SOCAR Tür­kiyə” şirkətinin qonağı olduğunu, ötən müddətdə şirkətin həyatında böyük dəyi­şikliklərin baş verdiyini və bir çox uğur­ların əldə edildiyini vurğulayan E.İbadov çıxışının əsas hissəsində məhz uğurlar­dan bəhs edəcəyini bildirdi. Xüsusi qeyd ediləsi faktlardan biri “SOCAR Türkiyə”­nin qardaş ölkədə fəaliyyət göstərdiyi 15 ildə Türkiyə iqtisadiyyatına 18 milyon dollar investisiya yatırmasıdır. İnvestisi­yanın həcminin böyüklüyü qədər digər əhəmiyyətli məsələ, təbii ki, onun ren­tabelliyidir. “SOCAR Türkiyə” ilk gündən öz iş planını məhz bu rentabellik üzərin­də qurub. Həqiqətən, böyüklük, birinci olmaq, tək olmaqdan daha vacib olanı səmərəli, mənfəətli olmaq, növbəti inves­tisiyalara yol açmaq kimi düşüncələrin layihəyə çevrilib həyata vəsiqə almasına çalışmaq, Azərbaycan üçün də, Türkiyə üçün də daha faydalı olmaqdır.

Məhz bu baxımdan, Türkiyə Res­publikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Əliğa yarımadasında yerləşən müəssisələrin bilavasitə “SOCAR Tür­kiyə”yə məxsus olmasını nəzərə alıb 2018-ci ildə fərman imzalayaraq bu əra­ziyə özəl sənaye bölgəsi adı verib. Ma­raqlı detallardan biri də ərazinin 1453 hektarda olması və bu rəqəmin də İstan­bulun fəthi tarixi ilə simvollaşmasıdır.

Əliağa bölgəsində yerləşən sənaye nəhənglərindən biri “Petkim” şirkətini 2008-ci ildə Azərbaycan tərəfi 2 milyard dollar sərmayə müqabilində özəlləş­dirməklə səhmlərinin 51 faizinə sahib olub. Bundan sonra “Petkim”dən qaza­nılan mənfəət hesabına bu şirkətə 1,6 milyard dollar sərmayə yatırılıb. Şirkət rəsmisi bunun əhəmiyyətini onunla izah etdi ki, “SOCAR Türkiyə” “Petkim”i özəl­ləşdirərkən onun sahib olduğu istehsal gücü, səmərəliliyi, əməliyyat çevikliyi müəssisəyə yatırılan 1,6 milyard dollar sərmayə ilə daha da gücləndirildi. Əgər həmin investisiya qoyulmasaydı, bu gün “Petkim”in hansısa uğurlarından söz aç­maq mümkün olmayacaqdı. Bu uğuru təmin edəcək digər əsas məsələ neft emalı və neft-kimya şirkətlərinin inteqra­siyalı şəkildə çalışmasıdır. Dünyada bu inteqrasiyanı təmin etməyən və ayrı-ay­rılıqda çalışan zavodların böyük uğur qazandıqlarına nümunə göstərmək əsla mümkün deyil. “SOCAR Türkiyə” məhz “Petkim”in səmərəliliyini artırmaq və Tür­kiyə bazarında neft emalı məhsullarına tələbatı bildiyinə görə 6,7 milyard dollara müasir “Star” Neft Emalı Zavodunu inşa etdi. Bu da həmin dövrdə bir nöqtəyə yatırılan ən böyük investisiya idi. Amma “SOCAR Türkiyə” komandası onun ilk olması, böyüklüyündən daha çox, renta­belliyində maraqlı idi və buna nail olmaq üçün çalışırdı.

“Star” NEZ fəaliyyətə başlayana qə­dər Türkiyədə yalnız bir neft emalı za­vodu var idi və o da daxili bazarın tələ­batının çox kiçik hissəsini qarşılayırdı. Bugünün özündə belə “Star” NEZ-in tam gücü ilə neft məhsulları emal etməsinə baxmayaraq, Türkiyə hələ də bu məh­sulları idxal etməkdə davam edir, çünki daxili istehsal tələbatı qarşılaya bilmir. Belə ki, “Star” NEZ hazırda Türkiyənin ehtiyaclarının yalnız 25 faizini, “Petkim” isə 12 faizini təmin edir. İlk vaxtlarda “Petkim” tələbatın 18 faizini qarşılaya bi­lirdi. Lakin istehsal gücünün sabit qalma­sına baxmayaraq, bazarın ehtiyacı artdı və müəssisənin məhsulları bu tələbatın 12 faizini təşkil etdi. Neft-kimya məhsul­larına tələbatın artmasının pozitiv me­sajı var. Bu mesaj ondan xəbər verir ki, Türkiyədə neft-kimya məhsulları bazarı genişlənir. Bu da “SOCAR Türkiyə”nin bu bazarın tələblərinə uyğun hansısa addımlar atmasına çağırış deməkdir.

Əlbəttə, əgər bu hesabatda TA­NAP-la bağlı açıqlama olmasaydı, bəlkə də onun natamamlığı özünü dər­hal göstərəcəkdi və bu səbəbdən Elçin İbadovun verdiyi məlumatlar bu boşluğu doldurdu. Baş direktor əvəzi qeyd etdi ki, bu boru kəməri vasitəsilə Avropaya 23,3 milyard kubmetr, Türkiyəyə isə 21,5 mil­yard kubmetr, ümumilikdə isə, 45 milyard kubmetrə qədər qaz nəql edilib.

Baş direktor vəzifəsi icraçısının “SO­CAR Türkiyə”nin şirkətlər qrupuna daxil olan “Bursaqaz” və “Kayseriqaz” müəs­sisələrinin fəaliyyəti və şirkətə hansı fay­da verdiyi ilə bağlı bilgiləri Azərbaycan oxucusunu maraqlandırmaya bilməz. Məlumata görə, bu şirkətlər iki böyük sə­naye şəhərində – Bursada və Kayseridə yaşayan insanların evlərinin, sənaye müəssisələrinin qaz təchizatını həya­ta keçirir. Hazırda onların 1,7 milyon abunəçisi var. Hər iki şəhərə qaz təchi­zatını təmin etmək üçün 14 min kilometrə qədər şəhərdaxili qaz boru xətti çəkilmə­sinə investisiya qoyulub. Şirkətlər hər iki şəhərdə çox yüksək xidmət göstərməkdə davam edirlər. “SOCAR Enerji” isə təbii qazın və elektrik enerjisinin pərakəndə deyil, topdan satışını həyata keçirir və uğurla fəaliyyət göstərir.

Elçin İbadov “SOCAR Terminal” haqqında da qısa məlumat verdi və qeyd etdi ki, terminal quru yüklərin daşınması sahəsində fəaliyyət göstərir. Orada yük­daşımaların həcmi ildən-ilə artmaqdadır və bu da fəaliyyətin faydalı şəkildə qu­rulmasının əsas göstəricisidir. Lakin ter­minalın tam gücü ilə işlədiyini və maksi­mum yükdaşıma həcminə nail olduğunu demək hələ tezdir.

“SOCAR Türkiyə”nin sahib olduğu “SOCAR-Fiber” internet satışı şirkəti də uğurla işləyir və hazırda bu sahədə Tür­kiyə bazarında ilk beşliyə daxil ola bilib. “SOCAR-Fiber” provayderi bilavasitə İz­mir və Əliağa bölgəsində fəaliyyət göstə­rir, ev və ofisləri sürətli internetlə təmin edir.

E.İbadov “SOCAR Türkiyə”nın ötə­nilki fəaliyyəti, əldə edilən nəticələr və uğurlardan geniş bəhs edərək qeyd etdi ki, 2022-ci ildə dünyada cərəyan edən gərgin geosiyasi hadisələr səbəbindən özünü göstərən qlobal inflyasiya Türkiyə­dən də yan keçməyib. Digər tərəfdən, pandemiyanın təsirlərinin tam aradan qalxmaması bu prosesi ağırlaşdırıb. Bu səbəbdən 2022-ci ili iqtisadiyyatların tam gücü ilə artmadığı il kimi qiymətləndirmək olar. Amma bütün bunlara baxmayaraq, 2022-ci il səmərəlilik, mənfəətlik, aktiv­lik baxımından “SOCAR Türkiyə”nin ən yüksək uğurlar qazandığı rekord ili olub. Təbii ki, burada neft məhsulları bazarın­da şərtlərin səmərəli olması ümumi işə yarayıb. “Lakin “SOCAR Türiyə” koman­dasının bazarın hər hansı sürprizlərinə hazır olması və istənilən şəraitə uyğun planlarının mövcudluğu əsas rol oyna­yıb. Çünki komandanın hər hansı vəziy­yətə görə ehtiyat planları olur. Məsələn, “Petkim”də məhsul satışı 70 faiz artdı və xalis mənfəətimiz 6,5 milyard lirə təşkil etdi ki, bu, Türkiyədəki indiki məzənnə ilə 400 milyon dollar təşkil edir. Digər tərəfdən, neft emalını artırdıq. Bildiyiniz kimi, “Star” Neft Emalı Zavodunun stan­dart emal həcmi 10 milyon tondur. Amma biz əlavə investisiya qoymadan, yüksək mühəndislik texnologiyalarından istifadə edərək, “Star”ın emal həcmini 113 faizə çatdırdıq ki, bu da 11,3 milyon ton məh­sul emalı deməkdir” – deyə E. İbadov vurğuladı.

Daha sonra Elçin İbadov şirkətdə fəaliyyət göstərən “Dəyər yaratma” plat­forması haqqında da qısa açıqlama ver­di. Qeyd etdi ki, bu platformada şirkətdə çalışan hər hansı işçi özünün səmərəli təklifini verə bilər və əgər onun təklifi özünü doğruldarsa, həmin şəxs müka­fatlandırılır. 2022-ci ildə sadəcə, “Star” NEZ-də və “Petkim”də bu platformada 120-ə yaxın layihə həyata keçirilib və on­lardan 750 milyon dollar gəlir əldə edilib.

“SOCAR Türkiyə” rəsmisi qeyd etdi ki, qazanılan uğurlara, əldə edilən yük­sək nəticələrə baxmayaraq, biz qarşıdakı dünya tələblərinə doğru hansı layihələrlə gedəcəyimizi düşünür və bu istiqamətdə daha çevik olmağa çalışırıq. Onlardan biri dövrün əsas tələbi kimi qarşıda du­ran rəqəmsallaşmadır. Biz əmin olmaq istəyirik ki, bizim 5 min 300 işçimizin hər biri bunun hansı əhəmiyyət kəsb etdiyi­ni başa düşsün. Bu günə qədər kağız üzərində həyata keçirilən əməliyyatları, mühafizə edilən məlumatları elektron buludda yerləşdirmək, bizə görə rəqəm­sallaşma deyil. Rəqəmsallaşma digital vasitələrin köməyi ilə biznesin fərqli me­todlarla inkişaf etdirilməsidir.

Bu sahədə də şirkətdə işlər dinamik inkişaf etdirilir. Məsələn, “SOCAR Tür­kiyə” bu günə qədər rəqəmsallaşmaya 71 milyon dollar sərmayə yatırıb. Bunun nəticəsində Dünya İqtisadi Forumu 2020-ci ildə “Petkim”i, 2021-ci ildə “Star” NEZ-i “Global Lighthouse Network” mükafatına layiq görüb. “SOCAR Türkiyə” neft-kimya sənayesi sektorunda bu mükafatları alan yeganə şirkətdir və bir şirkətin iki müəs­sisəsinin bu mükafata layiq görülməsi nadir hadisədir.

“SOCAR Türkiyə”də ikinci xüsusi önəm daşıyan məsələ isə davamlılıqdır. Yəni insanın, ətraf mühitin və şirkətin davamlı inkişafı üçün atılacaq addım­lardır. Şirkət artıq karbonsuz istehsala, yaşıl maliyyələşməyə istiqamət götürüb və bununla bağlı üç prioriteti var: müm­kün olduğu qədər karbon tullantısını azaltmaq, tullantılardan yeni məhsullar istehsal etmək, həm də mümkün qədər yaşıl maliyyələşməni təmin etmək. Bu istiqamətdə konkret rəqəmsal hədəflər və onların reallaşdırılması vaxtları da müəyyən edilib. Şirkətin hədəflərindən biri ilkin olaraq 2035-ci ilə qədər karbon emissiyası və havaya atılan tullantıları 40 faizədək azaltmaq, 2050-ci ilədək isə bu göstəricini 0 faizə çatdırmaqdır.

Elçin İbadovdan sonra hesabat xa­rakterli çıxışla “SOCAR Türkiyə” emal və neft-kimya bölməsinin rəhbəri, “Pet­kim Petrokimya Holding”in baş direk­toru Anar Məmmədov jurnalistlər qaşı­sına çıxdı. O, Əliağada yerləşən “Star” NEZ və neft-kimya məhsulları istehsalı haqqında geniş məlumat verərək qeyd etdi ki, onun rəhbəri olduğu şirkətlər qru­punda 4 şirkət var: “Star” NEZ, “Petkim” neft-kimya məhsulları müəssisəsi, “SO­CAR Ticarət” və “SOCAR Depolama” şirkətləri. Bu şirkətlərin niyə eyni qrupda birləşməsinin əsas səbəbi onların hər birinin məhz Əliağa bölgəsində yanaşı olmasıdır.

Anar Məmmədov vurğuladı ki, “Star” NEZ-in dizaynı zamanı zovodda isteh­sal olunan məhsulların əksəriyyətinin Türkiyə bazarında qalmasına üstünlük verilib. İstehsal edilən dizel yanacağı, nafta və kerosin, demək olar ki, tama­milə Türkiyə bazarında satılır. Ümumiy­yətlə, “SOCAR Türkiyə”nin istehsal etdiyi neft məhsullarının böyük hissəsini – 55 faizinı dizel yanacağı təşkil edir. Yəni bi­zim strategiyamızın mərkəzində Türkiyə bazarı dayanır.

“Star” NEZ-də aparılan yeniliklərdən bəhs edərkən qeyd edildi ki, dizayna görə zavodun istehsal gücü 10 milyon ton olub, lakin ötən il müəyyən mühən­dis layihələrini tətbiq etməklə, bunu 11,5 milyon tona çatdırmaq mümkün olub. Amma bununla da zavodun potensialı bitmir. 2023-cü ildə hədəf istehsal gücü­nü 12 milyon tona çatdırmaqdır.

Baş direktor “Star” NEZ-in bir özəl­liyini xüsusi vurğulayaraq bildirdi ki, za­vodda istənilən zaman bir məhsulun is­tehsalını digər məhsulla əvəz edə bilirik. Bu özəllik, demək olar, heç bir başqa neft emalı zavodunda yoxdur. Məsələn, pan­demiya dövründə aviasiya kerosininə eh­tiyac son dərəcə azaldı və bəzi zavodlar istehsal prosesini dayandırdılar. Amma “Star”da istehsal bir saat belə, dayan­madı və bazarda tələbatın artdığı dizel yanacağı istehsalı artırıldı.

“Petkim”in fəaliyyətinə gəldikdə isə, qeyd olundu ki, bu şirkətin istehsalı 3,6 milyon tondur. Bunun içində ara məhsul­ları da var, ancaq satışa çıxarılan məh­sullar 3 milyon tondur. Bu həcm Türkiyə bazarı üçün çox kiçikdir, tələbatın 12 faizini ödəyir. Ümumilikdə, qardaş ölkə­nin ehtiyaclarını ödəmək üçün əlavə 7-8 “Petkim” kimi şirkətə ehtiyac var. “Pet­kim”də 21 fabrik var, onun 15-i əsas is­tehsal, 6-sı isə yardımçı fabriklərdir. Ha­zırda bu fabriklərdə 60-a yaxın məhsul çeşidi mövcuddur.

2016-cı ildə şirkət ilk olaraq “Petkim” neft-kimya məhsulları istehsalı müəs­sisəsində əməliyyat mükəmməlliyi proq­ramına başlayıb. Bu istiqamətdə həyata keçirilən layihələrlə bağlı açıqlamasında Anar Məmmədov qeyd etdi ki, bunun sayəsində əlavə sərmayə yatırmadan 700 milyon dəyər yarada bildik. Bu əmə­liyyat mükəmməlliyi proqramının əsasın­da rəqəmsallaşdırma dururdu.

Baş direktor prioritetləri də açıqladı və bildirdi ki, 2023-cü il neft-kimya sə­nayesi üçün heç də asan il olmayacaq. Ona görə də müəssisədə əməliyyat mükəmməlliyini, səmərəliliyi artırmağa və davamlılığı təmin etməyə çalışılır. İlk növbədə, faydalı və gəlirli olan layihələ­ri həyata keçirməyə üstünlük veriləcək. Diqqətçəkən məqam budur ki, istehsal həcminin artırılması əlavə vəsait yatı­rımı hesabına həyata keçirilməyib. Bu, əsasən əməliyyat rejiminin aktivləşdiril­məsi ilə, qurğuları sınaqdan keçirməklə əldə edilib.

Azərbaycan ictimaiyyətində maraq doğuran “Star” NEZ-ə yatırılan kredit və borc məbləğlərinin qaytarılması ilə bağ­lı məsələ ilə əlaqədar suala cavabında Anar Məmmədov qeyd etdi ki, bu layihə, həqiqətən, çox səmərəli və gəlirli layihə oldu. Ona görə də tikintiyə xərclənən borcların ödənilməsi tam qrafikə uyğun gedir. Əlbəttə, buna bazar şərtlərinin təsiri də səbəb olub. Sirr deyil ki, bizim sektorumuzda “Star” NEZ üçün çox müs­bət bir il oldu. Digər tərəfdən, “SOCAR Türkiyə” komandasının dəyər yaratmaq təşəbbüsləri də öz müsbət rolunu oy­nadı. Bunlar olmasaydı, o dövrün bazar şərtlərindən tam faydalanmaq olmazdı.

“Star”da emal üçün hansı neftin alın­masına gəldikdə isə, A. Məmmədov bil­dirdi ki, vacib olan zavodun dizaynına daha uyğun, loqistika və region baxımın­dan bu əraziyə daha yaxın olan region­lardan neftin idxal edilməsidir. Azərbay­can neftindən istifadə edilmir. Çünki bu, çox keyfiyyətli və qiymətli neftdir. “Star” NEZ-in özəlliyi ondadır ki, zavod daha ağır, lakin ucuz neft növlərinin emalı üçün dizayn edilib. “Star” NEZ dünyada ən son inşa edilən, həqiqətən, mükəmməl zavodlardan biridir. Ona görə də burada ən ucuz və keyfiyyətsiz nefti belə emal etmək və dəyər yaratmaq mümkündür. Zavodda şəffaf məhsul çıxışı 90 faizə yaxındır. Burada qudron, bitum kimi qara məhsullar qətiyyən istehsal olunmur.

Baş direktor A.Məmmədov son döv­rlər mətbuatda tez-tez toxunulan “Mer­kuri” layihəsi ilə bağlı da geniş açıqlama verdi. O, əvvəlcə layihənin özü barədə bildirdi ki, “Star” NEZ-də ildə təqribən bir milyon tona yaxın reformat məhsullar çıxır. Bu məhsul iki sahədə istifadə edilə bilir. Birincisi, benzinin dəyərli kompo­nenti olaraq, amma benzin istehsal olun­mur. İkincisi, reformat neft-kimyanın çox dəyərli xammalıdır. Hazırda Türkiyədə bu məhsulun bazarı yoxdur, ona görə də onu Amerika və Asiya ölkələrinə ixrac etmək məcburiyyəti yaranır. Çünki bu ölkələrdə benzin çox istehsal edilir.

“Merkuri” layihəsinin əsasında duran başlıca məsələ bu məhsulun Türkiyədə necə saxlanması və ondan necə istifadə edilməsi idi. Bu məntiqlə “SOCAR Tür­kiyə” BP şirkəti ilə birgə layihə işlədi. La­kin layihə hazırda dayandırılıb. Əvvəla, BP şirkəti bütün neft-kimya zavodlarını sataraq, bu biznes sahəsini tərk etdb və “Merkuri” layihəsindən də çıxıb. İkincisi, o vaxtdan bu günə bazar şərtləri çox də­yişib. Amma bu o demək deyil ki, “SO­CAR Türkiyə” mövcud istiqamətdə heç bir işi davam etdirməyəcək. Bu layihə yenə gündəlikdədir. Bazar şərtləri uyğun olacağı zamanda ora qayıdılacaq. Sual oluna bilər ki, “Merkuri” layihəsi Türkiyə­nin ehtiyaclarını qarşılayarmı? Yox, qar­şılamayacaq.

Anar Məmmədov xüsusi vurğuladı ki, kimya məhsulları istehsalının inkişa­fı SOCAR-ın strategiyasında önəmli yer tutur: “Ümumiyyətlə, mən elə düşünürəm ki, hazırda dünyada ən böyük potensia­la neft-kimya sənayesi sahibdir. Nədən? Baxın, yanacaq sektorunda çox böyük dəyişiliklər baş verir. Elektromobillər artıq reallıqdır və bu sektor çox böyük sürətlə inkişaf edir. Yəni nəqliyyat ya­nacaqlarının əvəzi artıq var. Neft-kimya sənayesində də belə cəhdlər nəzərə çar­pır, amma hələ ki, dünyada neft-kimya məhsullarını tam əvəz edəcək məhsul yoxdur. Ona görə biz bu sahəni daim diqqətdə saxlayırıq. Əgər belə bir sahəyə yatırım etmək qərarına gəlsək, çox mo­dern biz zavodun konfiqurasiyasını seç­məliyik. Neft-kimya məhsullarının çeşidi sonsuzdur, ona görə də biz çox uzaq bir gələcəyə hesablanan layihələr işləyib hazırlamalıyıq”.

Baş direktor, “Star” NEZ-in dayan­ması məsələsilə bağlı suala da aydınlıq gətirdi və bildirdi ki, hər bir zavodda, istər neft emalı, istərsə neft-kimya sahəsində, 4 il fasiləsiz iş rejimindən sonra böyük dayanmalar həyata keçirilir. Bunun da məqsədi zavodda istismar ehtiyacları­nın yaranması, avadanlıqların təmizlən­məsidır. Bu, dünyada qəbul edilmiş bir tədbirdir. ”Star” NEZ fəaliyyət tarixində ilk dəfə 2024-cü ildə dayanmaya qərar verəcək. Dayanmanın müddəti hələ ki, bəlli deyil. Bu 45-60 gün uzana bilər. Bi­zim bu dayanmada bir neçə hədəfimiz var. Birincisi, normal təcrübəyə uyğun olaraq bunu etməliyik. İkincisi, bu böyük təmirlərin aralıq zamanını uzatmaq istə­yirik. Bu gün dünyada normal təcrübə 4 ildə bir dəfə dayanmadır. Biz bu zamanı 5 ilə uzatmaq istəyirik. Buna nail olsaq, artıq zavod növbəti dəfə 2028-də deyil, 2029-da dayanacaq. 4 ildən bir zavod 2 aya dayanırsa, bu, şirkət üçün böyük zərərdir. Yəni 60 günü 4 ilə böləndə biz ildə iki həftə itirmiş oluruq. Bu vaxtı 5 ilə uzatsaq, artıq ilə iki həftə deyil, təqribən 10 gün düşür. “Star” kimi böyük zavod üçün qazandığımız 5 günün əhəmiyyəti çox böyükdür. Əgər biz buna nail olsaq, o zaman ildə təqribən 40 milyon dollara yaxın vəsaitə qənaət etmiş oluruq. Üçün­cü hədəfimiz isə istehsal həcmini daha 3 faiz artırmaqdır. Yəni neft emalını 120–120,5 faizə çatdırmaqdır.

“SOCAR Türkiyə”nin daxili bazara daha çox diqqət yetirməsinə şirkətin baş direktoru vəzifəsini icra edən Elçin İba­dov aydınlıq gətirərək bildirdi ki, ümumi iqtisadi fenomen belədir – hansı ölkə hansı məhsulun idxalından asılıdırsa, həmin bazarda ölkədə fəaliyyət göstərən şirkətin əldə etdiyi mənfəət daha müna­sib olur. Türkiyə həm neft məhsullarının, həm də neft-kimya məhsullarının idxalın­dan asılı olan ölkə olduğuna görə biz, ilk növbədə, məhsullarımızı daxili bazarda satmağa üstünlük veririk. Amma bu o demək deyil ki, şirkətlərimiz heç bir ixrac həyata keçirmir. Belə ki, istehsal etdiyi­miz bəzi məhsulların Türkiyədə bazarı yoxdur. Məsələn, “Star” NEZ-in reformat məhsulunun yalnız kiçik bir hissəsini “Petkim” istifadə edə bilər. Qalan məhsu­lun hamısını ixrac edirik. Dizel və kero­sin məhsulunu da, loqistika məqsədlərini diqqətə alaraq, ixrac edirik. Başqa məh­sullara gəldikdə isə, “Petkim”in ötən il is­tehsal etdiyi məhsulun 3 milyard dollarlıq satışının təqribən 910 milyon dolları ix­racdan əldə edilib. Amma əsas prioritet, əlbəttə, daxili bazardır.

Azərbaycan jurnalistləri üçün təşkil edilən mediaturun əsas tədbiri bununla başa çatdı. Bizdə daxilən belə bir əminlik yarandı ki, qardaş ölkədə siyasi ab-hava­nın çalarlarından və hərarətindən asılı ol­mayaraq, Türkiyə sənayesinin Azərbay­can nəhəngi “SOCAR Türkiyə” şirkətlər qrupu öz fəaliyyət ahəngini pozmadan inkişaf etməkdə və böyüməkdədir.

 

İlqar RÜSTƏMOV,
“Xalq qəzeti”

Bakı – İzmir – Bakı



Sosial həyat