Türk dünyasının mədəniyyət paytaxtında möhtəşəm təntənə

post-img

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində start götürən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının mayın 10-da Cıdır düzündə qala-konserti olub. 

Qala-konsertdə festivalda iştirak edən ölkələrin incəsənət ustaları çıxış edib.

Konsert çərçivəsində “Xarıbülbül” kompozisiyası, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkiyə və Türkmənistan in­cəsənət ustalarının təqdimatında “Söz meydanı” vokal-instrumental kompozisiya, “Türk dünyası virtuozları” ansamblının ifa­sında “Çahargah bəhsi”, “Əfsanə Turan”, “Xalq xəzinəsi” kompozisiyaları və iştirakçı ölkələrin ifaları, rəqs qruplarının digər rən­garəng çıxışları təqdim edilib. 

Qala-konsert bütün iştirakçıların ifa­sında “Odlar yurdu Azərbaycan” kompozi­siyası ilə başa çatıb. 

Maraqla qarşılanan konsert proq­ramından sonra Xalq artisti Hacı İsma­yılov təəssüratını belə ifadə edib: “Hər dəfə Şuşada, Cıdır düzündə olanda elə bi­lirəm bu yerlərə ilk dəfə gəlirəm. Azərbay­canın mədəniyyət paytaxtı Şuşada təşkil olunan “Xarıbülbül” Beynəlxalq Musiqi Festivallarında 3-cü dəfədir iştirak edirəm. Hər il burada rəngarəng konsert proqramı ilə yanaşı, təbiətin də qəribəliyinin, fərqlili­yinin şahidi oluruq. Sevindirici haldır ki, bu festivallar təkcə Azərbaycanın yox, bütün türk xalqlarının iştirakı ilə keçirilir. Bu da insanı mənən qürurlandırır. Bu festivalda iştirak etmək böyük xoşbəxtlikdir. Biz çox sevincliyik, nə yaxşı ki, Qarabağımız, Şu­şamız işğaldan azad olunaraq belə gözəl günlərinə qovuşdu. Bu festivallar Azər­baycan xalqının yüksək mədəniyyətindən xəbər verir. Yüksək mədəniyyətə malik olan xalqlar daim inkişaf edəcək və yaşa­yacaq”.

Özbəkistanlı müğənni Gülçöhrə Ru­zukulova ilk dəfədir ölkəmizdə olduğu­nu bildirib: “Belə bir gözəl, unudulmaz festivalda iştirakdan çox məmnunam. Çox gözəl və həyəcanlı atmosfer var. Şuşa kimi cənnət bir guşədə türkdilli xalqların bir yerdə öz mədəniyyətini, incəsənətini təqdim etməsi olduqca qürurvericidir. Bu, bizim birliyimizi daha da möhkəmləndirir. Özbəkistandan bura gəldiyimiz üçün çox xoşbəxtik. İlk dəfədir Şuşadayam və qis­mət olsa növbəti festivallarda da böyük həvəslə iştirak edəcəyəm”.

Xatırladaq ki, Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təş­kilatı (TÜRKSOY) tərəfindən “Türk dün­yasının mədəniyyət paytaxtı” elan edilib. Elə budəfəki “Xarıbülbül” Festivalında da TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kol­lektivləri iştirak edirlər.

Qeyd edək ki, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı mayın 11-də yekunlaşa­caq. Festivalın tədbirləri Cıdır düzü, Üzeyir Hacıbəylinin heykəlinin qarşısı, Bülbülün ev-muzeyi və Şuşanın digər məkanlarını əhatə edir. 

Festival günlərində Şuşanın müxtə­lif məkanlarında ayrı-ayrı mövzular üzrə guşələr yaradılıb. Bu guşələrdə müxtəlif bədii təqdimatlar edilir, sərgilər nümayiş olunur, konsert proqramları keçirilir. 

 

AZƏRTAC











Sosial həyat