Erməni faşizmi tərəfindən işğal dövründə dağıdılan, yerlə-yeksan edilən Qarabağ və Şərqi Zəngəzurun bərpası istiqamətində gerçəkləşdirilən layihələr sürətlə, yüksək keyfiyyətlə icra olunur. Yaşayış sahələri və infrastrukturlar ən son texnologiyalar əsasında qurulur.
Prezident İlham Əliyevin Vətən müharibəsindən dərhal sonra işğaldan azad olunan ərazilərin yenidən qurulmasında rəqəmsallaşmaya, üçüncü Sənaye İnqilabının ən son nailiyyətlərinə üstünlük veriləcəyi fikri də bu gün artıq öz təsdiqini tapır: “Biz şəhərlərimizi və kəndlərimizi smart texnologiya platformasına əsaslanaraq tikirik və yenidən qururuq. Ağalıda ilk kənd artıq məskunlaşdırılıb. Oraya gedən hər kəs Qarabağın yenidən qurulması modelinin necə olacağını görə bilər. Çünki bu, təkcə 30 il ərzində erməni işğalından əziyyət çəkmiş, layiqli həyat yaşamağa, tam qorunmağa layiq keçmiş məcburi köçkünlər qarşısında bizim mənəvi borcumuzun bir növ nümayişi olmamalıdır, həmçinin biz Qarabağın və Zəngəzurun yenidən qurulmasını bütün ölkə üçün nümunə hesab edirik”.
Bu məqamda onu da deyək ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpasına iki ildən artıqdır ki, başlanılıb. Düşməndən təmizlənən yaşayış sahələrində Prezidentin xüsusi nümayəndəlik institutu tərəfindən üç ərazidə artıq rəqəmsallaşma, texnoloji inkişaf və idarəçilik modelləri uğurla sınaqdan keçirilib. Baş planlar hazırlanarkən müasir “ağıllı şəhər” yanaşmaları, “yaşıl enerji” və təmiz ətraf mühit, sənaye və kənd təsərrüfatının kompleks inkişafı, turizm potensialının geniş reallaşdırılması və digər bu kimi məsələlər prioritet götürülüb. Bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinə, qabaqcıl təcrübəsi olan xarici dövlətlərlə, regional və beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verilib. Bu məsələdə BMT-nin Məskunlaşma Proqramı diqqətdə saxlanılıb.
Yeri gəlmişkən, bərpa prosesində hazırda digər bir amil də diqqət mərkəzində saxlanılır. Bu, yaşayış sahələrinin tarixiliklə müasirliyin qovuşması prinsipi əsasında qurulması ilə bağlı məsələdir. Hazırda dağlar başından “billur şəhər”imiz Şuşada quruculuq işlərinin həmin fəaliyyət üzrə aparılması, şəhərin tarixiliklə müasirliyin qovuşduğu bir mədəniyyət paytaxtına çevrilməsi məhz bunun bariz ifadəsidir.
Dövlətimizin başçısı çıxışlarının birində bu barədə deyib: “Müharibədən dərhal sonra Şuşanı ziyarət edəndə məni şok vəziyyətinə salan bir hiss o idi ki, əgər onlar Şuşanın onların şəhəri olduğunu düşünürdülərsə, nəyə görə o belə pis vəziyyətdədir? Çünki öz şəhərinə belə münasibət bəsləyə bilməzsən. Bir tikili belə bərpa edilməmişdir və ya bir bina belə tikilməmişdir. Laçın yolu üzərində - o yola baxan yerdə yerləşən yalnız iki villa var idi. “De-fakto” Qarabağ rəhbərlərinin iki villası idi. Bu villalarda hovuz, manqal var idi. Bu iki villanı ziyarət edən hər kəs dırnaqarası Qarabağ rəsmilərinin riyakarlıq və kleptokratiya səviyyəsini görür…”.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşaya səfərləri zamanı bunun bir daha şahidi olduq. Məsələn, şəhərin Qarabağ küçəsində abadlıq və infrastruktur işləri binaların inşası prosesi ilə paralel aparılır. Görülən işlərin bir qismi dövlətimizin başçısının tapşırığı ilə dövlət-özəl sektor tərəfdaşlığı əsasında həyata keçirilir. Gövhər Ağa məscidi, “Qarabağ” oteli, xüsusi nümayəndəliyin binası Şuşanın mərkəzini əhatə edən bu küçədə yerləşir. Küçənin yenidən qurulması zamanı şəhərin tarixi-milli memarlıq üslubunun qorunması xüsusilə diqqətdə saxlanılır. Mehmandarovların malikanə kompleksinin bərpası zamanı da həmin prinsipə əməl edilməsi də mədəniyyət paytaxtımızın tarixiliyinin müasirliyə qovuşmasından xəbər verir.
Dövlətimizin başçısına və birinci xanıma kompleksdə görülən işlər barədə məlumat verilərkən bildirilib ki, böyük və kiçik yaşayış binaları və ailə məscidi Mehmandarovların malikanə kompleksi Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa olunub. İki il bundan əvvəl Mehmandarovların malikanə kompleksində, ərazidəki ailə məscidi və bulaqda təmir-bərpa işlərinə başlanılıb. Bulaq Prezident İlham Əliyev 2022-ci ilin sentyabrında kompleksdə bərpa işlərinin gedişi ilə tanış olarkən istifadəyə verilib.
Kompleksə daxil olan evin və məscidin binalarının dam örtükləri yenilənib, tavanlar bərpa edilib. Malikanə kompleksinin dağılmış divarı bərpa olunub, zədəli divarda bərkitmə işləri aparılıb. Evin döşəmə daşlarının dağılmış yerləri, pilləkəni yenidən qurulub, divar və tavanlardakı rəsmlər eskiz layihələri üzrə bərpa edilib. Məscidin “Güldəstə”si restavrasiya olunub. Yaşayış evinin həyətində XX əsrin əvvəllərinə aid tarixi fayton da dövrünün texnologiyalarına uyğun bərpa edilib.
Görülmüş işlərdən sonra malikanə kompleksində muzey ekspozisiyası qurulub. “Qarabağ zadəganının evi” mövzusundakı ekspozisiya tərtib edilərkən XIX əsrin sonu – XX əsrin əvvəllərində Qarabağ zadəganının evinin interyeri, ziyalı şəxsin həyat tərzinin xüsusiyyətləri əsas götürülüb.
Bu gün Şuşada maddi-mədəni dəyərlərin bərpası ilə yanaşı, sosial infrstrukturun yenidən qurulması xüsusi diqqətdə saxlanılır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Əhmədbəyli-Füzuli-Şuşa magistral avtomobil yolunun 66-81-ci kilometrliyində görülən işlərlə tanış olmaları da bunun əyani nümunəsidir. Burada dövlətimizin başçısına verilən məlumatda bildirilir ki, başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizinin avtomobil yolundan götürməklə düşməndən təmizlənən Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirən 81,7 kilometr uzunluğundakı adıçəkilən magistralın hazırda beynəlxalq normalara uyğun tikintisi sürətlə həyata keçirilir.
Xatırladaq ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində icra olunan və işğaldan azad edilən rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil magistralının tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva səfər çərçivəsində Daşaltı kəndində Zarıslıçay nasos stansiyasının açılışında da iştirak ediblər. Dövlətimizin başçısına Şuşa şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri haqqında verilən məlumatda Azərbaycan Ordusu tərəfindən 2020-ci il noyabrın 8-də Şuşa işğaldan azad edildikdən qısa müddət sonra şəhərin içməli su təminatının bərpasına başlanıldığı bildirilib.
Prezident İlham Əliyevin səfəri zamanı istifadəyə verilən “Azərişıq” ASC-nin Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzində müxtəlif gücdə transformatorlar, 35 kV-luq yeni yarımstansiya inşa olunub, müasir standartlara cavab verən elektrik avadanlıqları, elektron tipli rele mühafizəsi, avtomatika sistemləri və 0,4 kV şəbəkələrini də əhatə edən SCADA dispetçer idarəetmə sistemi quraşdırılıb.
Beləliklə, Şuşada aparılan quruculuq işləri nəticəsində bu şəhər sürətlə tarixiliklə müasirliyin qovuşduğu bir mədəniyyət paytaxtına çevrilir və düşmənin işğal dövründə erməniləşdirilməyə cəhd göstərdiyi, lakin bu məkrli niyyətinə nail ola bilmədiyi Azərbaycanın belə bir incisinin tezliklə dünyanın nümunəvi məkanlarından biri olacağı heç bir şübhə doğurmur.
V.BAYRAMOV,
“Xalq qəzeti”