Azərbaycan sülh istəyirsə, deməli, ona nail olacaq

post-img

Biz sülh, sabitlik istəyirik. Amma Ermənistan tərəfindən istə­nilən revanşizm cəhdləri real sülh sazişinə inamı azaldır. Azərbayca­nın sülh danışıqlarına, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı təkliflərinə Ermənistan rəh­bərliyindən pozitiv cavab verilmir. Əksinə təxribatlar törədilir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Son zamanlar beynəlxalq aləmdə gedən ictimai-siyasi proseslər sübut edir ki, bu gün xalqların sülhə, əmin-amanlığa, tərəqqiyə, birgəyaşayışa daha böyük ehtiyacı var. İkinci dünya müharibəsindən, xüsusən, “soyuq müharibə”nin başa çatmasından sonra planetimiz sülhə heç zaman indiki kimi ehtiyac duymayıb. Elmi-texniki tərəqqi dünya dövlətlərinə yeni imkanlar yaratsa da, möhtəşəm perspektivlər vəd etsə də, yeni münaqişə və müharibələrə aparan yolları da dəhşətli dərəcədə qısaltmışdır. Üstəlik, mövcud münaqişələrin aradan qaldırılmasına növbəti yeni əngəllər yaradılır. 

Məhz bu səbəblər üzündən, indi dün­ya sülhə daha can atır. Biz fəxrlə deyə bilərik ki, həm ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev nəinki regionumuzda, eləcə də bütün dünyada sülhün bərqərar edilməsi üçün mümkün olan bütün addımları atıblar. Heydər Əliyevin BMT, ATƏT, AŞPA tribunaların­dan səsləndirdiyi sülh çağırışları heç kə­sin yadından çıxmayıb. Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının iclaslarını apararkən, AŞPA Nazirlər Ko­mitəsinin sessiyalarına sədrlik edərkən, Türk Dövlətləri Təşkilatının və Qoşulma­ma Hərəkatının sədri kimi çıxışlarında səsləndirdiyi sülh çağırışları bütün dün­yanın gözü qabağındadır. 

Onu da yada salaq ki, Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsin­dən sonra regionda yaratdığı yeni real­lıqlar Cənubi Qafqazda sülhün bərqərar edilməsinə zəmin yaratmışdı. Biz sül­hün bir addımlığında idik. Ordusu dar­madağın edilmiş, hərbçiləri döyüşmək istəməyən, iqtisadiyyatı çökdürülmüş, əhalisi ac-yalavac vəziyyətdə olan Ermə­nistanın da sülh sənədini imzalamaqdan başqa bir yolu yox idi və ona görə də İrəvan Bakıdan gələn sülh çağırışlarına müsbət cavab verirdi. Ancaq dünyanın müxtəlif yerlərində olduğu kimi, Cənubi Qafqazda da sülhün bərqərar edilməsini istəməyən, hətta, bu prosesi açıq şəkildə əngəlləyən siyasi dairələr Ermənistanın ağlını başından alaraq, onları yeni mü­naqişələrə, revanş xülyasına inandırdı­lar. Məhz həmin siyasi dairələrin planla­rına görə İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində Cənubi Qafqaz­da sülhdən əsər-əlamət yoxdur. 

Əslində, rəsmi Bakı 30 il ərazilərimizi işğalda saxlamış, Qarabağ və Şərqi Zən­gəzurun bütün iqtisadi imkanlarını talan etmiş, mədəni və tarixi abidələrimizi viran qoymuş Ermənistanla sülh dilində danış­malı deyildi. Ancaq biz həm xalqımızın mənəvi keyfiyyətlərini, həm ulu öndərin işləyib hazırladığı siyasi kursun əsas is­tiqamətlərini, həm də Prezident İlham Əliyevin bütün dünya tərəfindən yüksək qiymətləndirilən sülhpərvərlik siyasətini əsas götürərək, qonşu dövlətə sülh çağı­rışı etdik. Dövlət başçımız dəfələrlə dedi ki, biz müharibə səhifəsini bağlamağa hazırıq. Gəlin, sivil prinsiplər əsasında qonşuluq edək, əmin-amanlıq şəraitində yaşayaq. Çox təəssüf ki, qarşı tərəf bu humanist çağırışlara müsbət cavab verə bilmədi. 

Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisində – Qarabağda ya­şayan 25 minə yaxın etnik erməni bizim vətəndaşlardır. Azərbaycan 30 ilə yaxın­dır ki, bu mövqeyini danışıqlar zamanı bütün səviyyələrdə bəyan edib və buna uyğun da təkliflərlə çıxış edib. Bildirmişik ki, burada – azərbaycanlılarla bir yerdə yaşamış ermənilərin fərqli dini və ya etnik mənşəyi olan istənilən digər Azərbaycan vətəndaşı kimi eyni hüquqları, imtiyazları və öhdəlikləri olacaq. 

Ancaq İrəvan rəsmiləri bəzi dövlətlə­rin vədlərinə hələ də inanır, müxtəlif xül­yalarla yaşayırlar. Hətta, status məsələsi­ni xortlatmaq, xalqların öz müqəddəratını təyin etmək hüququnu yenidən gündəliyə gətirmək kimi cəfəng xəyallarla yaşayır­lar. Uydururlar ki, guya, həmin ərazilər­də azərbaycanlılar heç zaman kompakt şəkildə yaşamayıblar. Fakt isə ondan ibarətdir ki, ermənilər zaman-zaman hə­min yerlərdə azərbaycanlıları sıxışdırmış və nəhayət 1988-1994-cü illərdə etnik tə­mizləmə həyata keçirmişlər. Məhz həmin etnik təmizləmə nəticəsində 1994-cü il­dən sonra “ermənilərin kompakt yaşadığı ərazi” anlayışı dövriyyə gətirilmişdir.

Bütün bu hiylələrin, hoqqaların, məkr­li planların cavabı cənab Prezidentin müxtəlif çıxışlarında dəfələrlə alt-üst edil­miş, onların heç birinin tarixi, dəlili olma­dığı sübuta yetirilmişdir. Dövlət başçımız dəfələrlə demişdir ki, status məsələsinə qayıtmaq mümkün deyil, status yoxdur və hər kəs bu məsələni unutmalıdır!

Ekspertlər yazırlar ki, sülhə mane olanlar, Azərbaycanı yenidən mühari­bəyə sürükləmək istəyənlər bilməlidirlər ki, Azərbaycan ərazi bütövlüyünü və sü­verenliyini müdafiə etməyə qadir dövlət­dir! Ali Baş Komandanımızın dediyi kimi, Azərbaycana əzələ nümayiş etdirmək də əbəsdir! 

Təbii ki, bədxahlarımızın hansısa məkrli planlarına və ya ermənilərin xa­ricdən “idxal etdikləri” ssenarilərinə bax­mayaraq, Azərbaycan öz haqq yolunu davam etdirməkdədir. Dövlət başçımız mayın 3-də ADA Universitetinin təşkilat­çılığı ilə Şuşada keçirilən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasəti­nin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransdakı çıxışında işğal­çılara və onların havadsarlarına olduq­ca açıq şəkildə cavab vermişdir: “Tarix­dən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq. Əlbəttə ki, Azərbaycan üçün də yaxşı olmayacaq. Buna görə də biz hələ də ümid edirik ki, onlar məntiqli davranacaqlar, sabiq Minsk qrupu fəaliyyətdə olanda işğal za­manı istifadə etdikləri taktikadan istifadə etməyəcəklər”.

Ermənistanda onu da yaxşı bilirlər ki, Prezident İlham Əliyev nəyi edəcəyəm, -deyirsə, onu reallaşdırır. Yaxud, Azər­baycan dövləti nəyi istəyirsə, ona da nail olur. Bu gün isə fakt ondan ibarətdir ki, Azərbaycan sülh istəyir, əmin-amanlığa can atır. Deməli, rəsmi Bakı buna nail olacaq.

 

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

Siyasət