Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş müdrik şəxsiyyət

post-img

Xalqımız, eləcə də dünya azərbaycanlıları müdrik şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin 100 illik yubileyini təntənə ilə qeyd edirlər. Məlum olduğu kimi, Prezident İlham Əliyevin 29 sentyabr 2022- ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Sərəncamda qeyd edildiyi kimi, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.

Əgər ümummilli lider Heydər Əliyev xalqın təkidi ilə müstəqil Azərbaycana rəhbərlik etməyə razılıq verməsəydi, o zaman respublikamız dəhşətli fə­lakətlərlə üzləşəcəkdi. Vətəndaş mü­haribəsi həddinə çatmış qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Hadisələri düzgün qiymətləndirə bilməyən ovaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş ver­miş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Bu da daxili qarşıdurmanı get­dikcə gücləndirir, siyasi böhranı daha da dərinləşdirirdi. Sonralar ulu öndər Heydər Əliyev xalqla keçirdiyi görüşlər­də müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi : “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi bö­yük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəf­dən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra haki­miyyətdən saldı, xalq özü saldı”.

Xalqın təkidi ilə müdrik şəxsiyyə­tin respublikaya rəhbərliyindən sonra həyata keçirilən təxirəsalınmaz və cə­sarətli tədbirlər sayəsində respublika­da ictimai-siyasi vəziyyət tədricən öz axarına düşdü, vətəndaş qarşıdurması və seperatizm təhlükəsi aradan qaldı­rıldı. Ulu öndər respublikada cinayət­karlığa qarşı barışmaz mübarizə elan etməklə, müxtəlif oliqarxlara xidmət edən qeyri-qanuni silahlı qruplaşmala­rın qarşısını aldı və demokratik, hüquqi dövlət quruculuğu prosesinə başladı.

Heydər Əliyevin qarşıya qoyduğu prioritet vəzifə demokratik, hüquqi , sivil dövlət qurmaq idi. Bundan ötrü, köhnə sovet qanunlarından uzaqlaş­maq, müstəqil Azərbaycanın müasir tələblərə cavab verən zəngin qanunve­ricilik bazasını yaratmaq tələb olunur­du. İlk növbədə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul olunmalı idi. Həmin vaxtdan 28 il keç­sə də, o gün heç kimin yaddaşından silinməyib. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsvermə­si (referendum) yolu ilə qəbul edilən Konstitusiya Heydər Əliyevin şah əsəri hesab olunur. 

Müstəqil Azərbaycan Respublika­sının yeni Konstitusiyası qəbul edildik­dən sonra məhkəmə-hüquq islahatları­nın aparılması daha da sürətləndirildi.

Heydər Əliyevin 1996-cı ilin fevra­lında imzaladığı fərmanla hüquqi isla­hatlar üzrə komissiya yaradıldı. Komis­siya tərəfindən ictimai münasibətlərin müxtəlif sahələrini tənzimləyən çoxlu qanunların, o cümlədən, prokurorluğun fəaliyyətinə aid müddəaları nəzərdə tutan normativ hüquqi aktlar hazırlan­dı. Bu qanunların qəbulundan sonra prokurorluq orqanlarının fəaliyyətində yeni mərhələnin əsası qoyuldu. Həmin vaxt qəbul edilən qanunlarla yanaşı, prokurorluq orqanlarının da fəaliyyə­tini tənzimləyən bir sıra hüquqi aktlar qəbul edildi: “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keç­mə haqqında”, “Prokurorluq işçiləri­nin xidməti vəsiqəsi haqqında”, “Pro­kurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında”, “Prokurorluğun rəsmi emb­lemi haqqında” və digər qanunverici­lik aktlarının qəbul edilməsi, normativ sənədlərin təsdiqlənməsi nəticəsində prokurorluğun fəaliyyətinin hüquqi tənzimlənməsi prosesi dövrün tələblə­rinə və beynəlxalq standartlara cavab verən səviyyəyə yüksəldi. 

Faktlar da təsdiləyir ki, Azərbay­can Prokurorluq orqanlarının əsasının formalaşması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin hər il oktyabr ayının 1-nin “Azərbaycan Respublikası prokuror­luq işçilərinin peşə bayramı günü” kimi qeyd edilməsinə dair imzaladığı 17 iyul 1998-ci il tarixli sərəncamı reallığı bər­pa etmiş və prokurorluğun demokratik və hüquqi cəmiyyətdə statusu məsələ­sinə dövlət səviyyəsində münasibət bildirmişdir.

Prokurorluq orqanlarının fəaliyyət istiqamətləri 1999-cu il dekabrın 7-də qəbul olunmuş “Prokurorluq haqqında” Qanunun 4-cü maddəsində müəyyən­ləşdirilmişdir. Qanunun həmin maddə­sində, eyni zamanda, prokurorluğun üzərinə Azərbaycan Respublikası­nın Konstitusiyasında, “Prokurorluq haqqında” Qanunda və prosessual qanunvericilikdə nəzərdə tutulmamış vəzifələrin qoyulmasının yolverilməzliyi barədə imperativ norma da vardır.

Prokurorluğun demokratik, sivil bir dövlət qurumu kimi yenidən formalaş­masında ulu öndər Heydər Əliyevin respublika prokurorluq orqanlarının rəhbər işçiləri ilə 2000-ci il aprelin 26- da keçirdiyi görüşün müstəsna əhə­miyyəti olmuşdur. Məhz bu müşavirə prokurorluq işçiləri üçün taleyüklü əhə­miyyət kəsb etmişdir. Həmin vaxtdan başlayaraq, Azərbaycan Prokurorlu­ğunda hərtərəfli islahatlara start verildi. Ulu öndərin həmin görüşdəki tövsiyə və göstərişləri, qətiyyəti, qarşıya qoyu­duğu prioritet vəzifələr prokurorluqda görülməsi vacib olan işlərin əsas is­tiqamətlərini müəyyənləşdirdi.

Ulu öndərin siyasi kursunu layiqin­cə davam etdirən Prezident İlham Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə bütün sahələrdə olduğu kimi, prokurorluq orqanlarında da islahatlar aparılmışdır. Dövlət başçımız bu sahə­ni daim diqqət mərkəzində saxlamışdır. Cənab Prezidentin rəhbərliyi ilə pro­kurorluq orqanlarının fəaliyyətinin daha da müasirləşdirilməsi və təkmilləşdiril­məsi istiqamətində zəruri tədbirlər hə­yata keçirilir. Prokurorluğun maddi-tex­niki bazasının möhkəmləndirilməsi və bu sahədə təminatın yaxşılaşdırılması istiqamətində də zəruri tədbirlərin gö­rülməsi təmin olunur, yeni inzibati bina­lar istifadəyə verilir və ya əsaslı təmir edilir.

Tarixi qəhrəmanlıq salnamələri ilə zəngin olan Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin siyasi irsi və ideyalarını daim yaşadacaq, gələcək nəsillərə ötürəcək. Prokurorluq orqan­larının əməkdaşları bundan sonra da bu işlərdə dövlət başçımıza dəstək ola­caq, öz fəaliyyətlərini günün tələbləri səviyyəsində qurmaqla, daim qanunun aliliyini rəhbər tutaraq cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydalarının daha da möhkəm­ləndirilməsində, cəmiyyətin və dövləti­mizin maraqlarının qorunmasında mü­hüm rol oynayacaqlar.

 

Rauf GÖZƏLOV,
Qazax rayon prokuroru, baş ədliyyə müşaviri

Sosial həyat