Naxçıvanda Yeni Azərbaycan Partiyasının muxtar respublika və şəhər təşkilatları “Ümummilli lider Heydər Əliyev və milli siyasi sistemin formalaşması” mövzusunda elmi konfrans keçirib.
Məclisi giriş sözü ilə YAP Naxçıvan MR təşkilatı sədrinin müavini Anar İbrahimov açaraq bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər 2 dövründə xalqımızın taleyində oynadığı misilsiz rolu ilə çağdaş siyasi tariximizin aparıcı simasına çevrilib. Ulu öndərin yaratdığı əzəmətli irs müasir Azərbaycan dövlətçiliyinin sütunlarını təşkil edir. Müstəqil Azərbaycan dövlətinin konstitusiya əsaslarının – siyasi və iqtisadi sistemin, demokratik təsisatların formalaşdırılıb möhkəmləndirilməsi, xarici siyasət strategiyasının yaradılması, ordu quruculuğu kimi önəmli proseslər Heydər Əliyev dərin zəkası və yorulmaz fəaliyyəti ilə ölkəmizi tarixi tərəqqi yoluna çıxarıb.
Konfransda AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru Hacıfəxrəddin Səfərlinin “Ulu öndər Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu”, Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərlinin “Ümummillili lider Heydər Əliyev və Azərbaycanda milli siyasi sistemin formalaşması” mövzusunda məruzələri dinlənilib. Bildirilib ki, Azərbaycanın siyasi suverenliyi və iqtisadi müstəqilliyi ulu öndərin rəhbərliyi ilə 1970–1985-ci illərdə yaradılmış potensiala əsaslanır. 1991-1993-cü illərdə ulu öndər Naxçıvana rəhbərlik etdiyi dövrdə müstəqilliyin əsaslarının yaradılmasına başlayıb. 1993-cü ildən sonrakı 10 ildə isə Heydər Əliyevin misilsiz liderlik fəaliyyəti müstəqil Azərbaycan dövlətinin qurulmasında həlledici amil olub.
Məclis ümummilli liderin siyasi və dövlətçilik fəaliyyətinə həsr olunmuş “Sözümüz imzamızdır” filminin nümayişi ilə sona çatıb.
Səbuhi HƏSƏNOV,
“Xalq qəzeti”
Naxçıvan